Bayden və Putin dünyaya hansı mesajları verəcək? - POLİTOLOQ ŞƏRH ETDİ

15 Fevral 2023 12:53 (UTC+04:00)

“Amerika Birləşmiş Ştatlarının prezidenti Jozef Baydenin Polşada verəcəyi mesajla Rusiya prezidenti Vladimir Putinin Federal Məclisdə verəcəyi mesajlar haqqında mülahizə yürütsək tamamilə bir-birinə əks mesajlar alacağımıza əmin olmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Ə.İbrahimov bildirib ki, əgər Amerika Birləşmiş Ştatları prezidenti Ukrayna Rusiya müharibəsi ətrafında danışıb bütün NATO ölkələrini Ukraynaya yardım etməyə çağıracağını gözləyiriksə, Rusiya Prezidentinin bu qüvvələrə qarşı necə mübarizə aparması barədə hesabatın şahidi olacağıq: “Yəni Amerika Prezidenti öz müttəfiqlərini Ukrayna ətrafında daha sıx birləşməyə və ona daha çox silah və hərbi sursat yardımı etməyə çağıracaq. Eyni zamanda Bayden bu vaxta qədər Amerikanın Ukraynaya etdiyi yardım barədə hesabat verə də bilər. Bu hesabat heç şübhəsiz digər NATO dövlətlərini Ukraynaya yardım etməyə həvəsləndirmək məqsədi güdə bilər. Vladimir Putinin müraciətində isə Rusiyaya qarşı Amerika Birləşmiş Ştatları və onun NATO üzrə müttəfiqlərinin apardığı müharibədən danışacaq. O Rusiyanın düşdüyü ağır vəziyyətin səbəbini açıqlayacaq və insanları daha da anlayışlı olmağa çalışacaq. Düşünürəm ki, hər iki dövlət başçısı Rusiya-Ukrayna müharibəsinin xalqlarına gətirdiyi fəlakətə toxunacaq”.