Bildiyimiz kimi, bir çox dünya ölkələrində və eləcə də Azərbaycanda Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur. Belə ki, bu gün sevgililər biri-birinə hədiyyələr alır, surprizlər edirlər. İndi cütlüklər arasında xüsusi bir bəhsəbəhslik mövzusu da var. Məsələn, birinin sevgilisi bahalı hədiyyə aldı, filankəsin nişanlısı ona belə sürpriz etdi və s. Bəs, sevgi maddiyat üzərində qurulub? Mənəvi hədiyyələrlə də qarşı tərəfi sevindirmək olmazmı?
Sevgililər gününü 30 iyunda İlham və Fərizənin toyu ilə bağlı qeyd edənlərlə yanaşı, böyük əksəriyyət bu günü 14 fevral tarixində dəyərləndirir. Unutmayaq ki, bəzən tək bir gül, iki xoş söz, diqqət və qayğı da insanı xoşbəxt edir. Bunun üçün xüsusi bahalı hədiyyələr almağa ehtiyac yoxdur.
SİA olaraq şəhərin müxtəlif ərazilərində hədiyyə və gül dükanlarına daxil olub mövcud vəziyyətlə tanış olaraq reportaj hazırladıq.
28 May ərazisində yerləşən "Bahar store" mağazalar şəbəkəsinin əməkdaşı: "Biz "Bahar Store" kollektivi olaraq hər zaman alıcıları bayram münasibətilə sevindirməyə çalışırıq. Bizim məhsullar həm münasib qiymətli, həm də çox keyfiyyətlidir. Dəstlərimiz 22 AZN-dan 75 AZN-a qədər davam edir. Burada hər zövqə uyğun hədiyyə seçmək mümkündür.
Təbii ki, hər müştəri öz cibinə uyğun məhsul almağa çalışır. Amma daha çox 35-45 AZN aralığında olan hədiyyələrə üstünlük verilir.
İçində daha çox qulluq məhsulları olan dəstlər 75 AZN-dır və qutuda 7 məhsul olur. Ətirləri də müxtəlifdir. Qutular bədən, əl və üz qulluğu olaraq dəyişir. Onu da qeyd edim ki, boş qutuya da istədiyiniz hədiyyəlikləri hazırlaya bilərik.
Həmçinin, müxtəlif növdə ətirlər və dəstlər də var. Qeyd edim ki, indi vanil və sitrus ətirli parfümlər daha dəbdədir. Bizdə bütün məhsullar originaldır. Biz satdığımız məhsulların həm ekoloji təmizliyinə, həm də originallığına cavabdehik.
Kişilər üçün də fərqli ətir seçimləri var. Parfümlərdə çox yaxşı endirimlər var. Qalıcılıq qabiliyyəti də yüksəkdir. "Bahar store"də satılan məhsulların keyfiyyəti çox yüksəkdir.
Alıcılıq qabiliyyəti də keçən illə eynidir".
İlkin olaraq Sahil Metrostansiyası yaxınlığında yerləşən "Lalələr" gül dükanına daxil olaraq qiymətlərlə tanış olduq.
Satıcının sözlərinə görə, qızılgüllərin 1 ədədinin qiyməti 4-5 AZN arasında dəyişir: "Polivoylar da 2-3 AZN aralığındadır. Alıcılar daha çox qızıl güllərə üstünlük verirlər. Bununla yanaşı, tülpanlara da böyük tələbat var. Onların qiyməti də 3 AZN-dır. Böyük həcmli güllər içərisində isə bəylərin seçimi daha çox 101 güldən yana olur.
Bundan əlavə, 30, 35, 40, 45 AZN-a da hazır qutularda güllər var. Hər kəsin seçimi öz büdcəsinə görədir. Alıcılar isə daha çox gənc bəylərdən ibarətdir.
Qeyd edim ki, 14 fevral günü ilə əlaqədar olaraq qiymətlərdə artım qaçılmazdır".
Daha sonra isə "Xazyayushka" adlı parfumeriya mağazasına daxil olaraq burada olan hədiyyəlik məhsullarla tanış olduq: "Bizim mağazada hal-hazırda 10 faiz endirim var. Parfümlərimizin bir çoxu A klassdır. Original parfümlərimiz isə yuxarı mərtəbədədir. A klass qutuda olan parfümlər 67 manat 50 qəpik, tester qutusunda olanlar isə 49 manat 50 qəpikdir. Parfüm çeşidlərimiz çoxdur və hər büdcəyə uyğun var.
Parfümlərlə yanaşı münasib qiymətə 29 manat 90 qəpiyə Almaniya istehsalı olan dəst bədən qulluq məhsulları da var. Bu orta qiymət hesab olunur. Yəni, bundan da ucuz qiymətə olan dəstlər var. Eyni zamanda, mağazamıza 125- 200- 270 AZN-a "Victoria"s Secret"in original dəstləri də mövcuddur. Bu məhsulları istədiyiniz formada dəstləşdirərək hədiyyə edə bilərsiniz.
Bundan əlavə satışda sıfırdan məhsul yığdırmaq üçün 10-12-15 manata boş hədiyyəlik quutlar da var.
Ümumilikdə alıcılıq qabiliyyəti çox yaxşıdır. Hər gün yetərincə məhsul alan alıcılar var. Ötən illərlə müqayisədə qiymətlərdə bu il biraz artım müşahidə olunur. Alıcılar arasında xanımlar üstünlük təşkil edir".
"Saat Store" mağazalar şəbəkəsinin əməkdaşı: "Bizdə saat qiymətləri 42 AZN-dən başlayır və 1499 AZN- a qədər davam edir. Yəni, ən bahalı saat 1499 AZN-dır. 30 faiz endirimlə 1049 AZN-a düşür. Bu saat özəlliklərinə görə digərindən fərqlənir. Belə ki, avtomatik mexaniki saatdır, isveçrə mexanizmi ilə təşkil olunub, nəsildən-nəsilə keçən saatdır və yeganə saat brendidir ki, 5 il beynəlxalq zəmanət verilir. 5 faizdən 50 faizə qədər də endirimlərimiz mövcuddur.
Ən çox satış isə 100-250 AZN aralığında olan saatlarda baş tutur ki, bu da bir çox brendlərin modellərində mövcuddur. Biz həmişə bütün müştərilərimizi nəzərə alaraq məhsulların qiymətlərini tənzimləyirik.
Ümumilikdə isə bəylər daha bahalı saatlar almağa üstünlük verir. Qiymətlərdə təxmini 5 faiz filan artım var ki, bu da normaldır".
Hədiyyələr və dekor mağazasının satıcısı Xalidə xanım: "Sevgililər günü münasibətilə ürək formalı qutularımız var. Qutuların qiymətləri ölçüsünə görə 3-25 AZN aralığındadır. Onlara da müəyyən qədər endirim edirik.
Bundan əlavə stolu bəzəmək üçün gül ləçəklərimiz və ürək dekorlarımız var. Gül ləçəkləri sünidir.
"Teddy" oyuncaq ayılarımız var. Ən kiçiyinin qiyməti 3 AZN-dır. "İnstagram" səhifəmizdə məhsullar daha çoxdur. Sifarişlə qutuları yığıb hədiyyəlik hazırlayırıq.
Şarlar da mövcuddur. Böyük hərfli şarlar 8 AZN-dır. Ürək şarlar isə dolu vəziyətdə 5 AZN, boş isə 2 AZN-dır. Daha çox dolu 5 AZN olan şarlar alınır".
Hədiyyələr və dekor mağazasının satıcısı: "Hədiyyəlik qar kürələrimiz var. Ən kiçiyinin qiyməti 5 AZN-dır. Bu 35 AZN-a qədər davam edir. Qar kürəsini daha çox bəylər xanımlara alır. Bəylər üçün də dəstlərimiz mövcuddur. Onların qiyməti də 25 AZN-dən başlayır 60 AZN-a qədər davam edir".
Oyuncaq ayılar mağazasının əməkdaşı Azad Əsgərov: "Ən böyük oyuncaq ayımız 120 AZN-dır. Bəylər xanımlar üçün daha çox iri ölçülərdə olan ayılara üstülük verir.
Bundan əlavə, 35 AZN-a da müxtəlif rəngli ayılarımız var. Ölçüsü də 40-50 sm-dır.
Keçən illə müqayisədə nisbətən artım var. Belə ki, keçən il 80 manat olan ayı bu il 120 manatdır".
"Tac helium" mağazasının sahibi Cəlil Rəcəbli: "Keçən illə müqayisədə bu il alıcılıq qabiliyyəti zəifdir. Əvəllər mağazada 14 fevral günü çox az məhsul qalırdı. İndi isə əksinə. Ən balaca qar kürəsi 3 AZN-dır. Böyük qar kjürələri isə 16-18 AZN-dır.Bundan əlavə, müxtəlif qiymətə ay kürələri də var.
Şəkil üçün çərçivələr də 14 manatdan 28 manata qədər davam edir.
Hədiyyəlik boş qutular da var ki, qiymətləri 1 manatdan başlayır 45 manata qədər davam edir. Bu qutuları da daha çox xanımlar alır. Çünki qadınların əl qabiliyyəti çox yaxşıdır. Bu səbəbdən də qutunu alıb özləri hədiyyə hazırlayırlar.
Onu da qeyd edim ki, 14 fevralgünü şar alanlar üstünlük təşkil edir. Şarların havada qalma müddəti az olduğu üçün həmin gün sifariş qəbul edirik. Sadə şarlar 1 AZN, ürəkformalı olanlar isə 1.50 AZN-dır.
Mağazada qutuya yığmaq üçün süni güllər də var. Bununla yanaşı ətirli süni güllər dəvar. Qiyməti 50 qəpikdir. Süni gül 4-5 gün öncədən alınır".
Məlum günlə bağlı paytaxt xakinlərinin fikirlərini öyrəndik:
Şəhər sakini: "Sevgilim olmadığı üçün hədiyyə də almamışam. Düşünürəm ki, bu gün təkcə sevgiliyə yox anaya da hədiyyə alınmalıdır. Çünki insan üçün ən birinci onun anası əzizdir. Elə indi də anama hədiyyə almağa gedirəm".

Şəhər sakini Elman Əsədov: "Bu gün heçkimə hədiyyə almamışam. Hal-hazırda subayam. İndiki zəmanədə hədiyyə almaq düzgün deyil. Çünki əksər insanların maddi imkanı yaxşı deyil".
Şəhər sakini: "Mən Sevgililər Gününü qeyd etmirəm və ona görə də hədiyyə almamışam. Daha doğrusu, sevmirəm. İndi anama gül alacağam. Gülü də ucuzdur deyə alıram. Tülpan anamın ən sevdiyi güldür.
Məncə, sevginin günü də olmur, cinsiyyəti də. İnsan anasını da, atasını da, yarını da sevə bilər. Əsas odur ki, dünyada sevgi olsun".

Şəhər sakini: "Sevgililər Gününü mən yox, nəvələrim qeyd edir. Mən artıq qocalmışam. Bu yaşda mənə nə sevgi?
Allah bütün sevib sevənlərə ömür versin. Günləri xoş keçsin və ruzuları olsun".

Şəhər sakini qazi Asim Ərəstunzadə: "Sevginin günü olmur. Bu sevgililər gününü 3 nəfərlə qeyd edirik. İnsan hər gün sevib sevilməlidir. Yaxınlarda körpəmiz doğulacaq. Restoranda yer ayrımışıq indi də ora gedirik. Mən bayram qeyd etmirəm. 3 min şəhid vermişik və bu mənim üçün bayram deyil. Türkiyədə də 31 mindən çox qardaşımız həlak olub.
Allah bütün sevənləri xoşbəxt etsin".
Bildiyimiz kimi, bəzi insanlar var ki, sevgililər günündə özünü çox yalnız hiss edir. Hətta depresiyaya düşənlərin sayı da az deyil. Onlara məsləhətiniz nələrdir? "Sevgililər günü"nü sevgilisiz keçirənlər nə etməlidir? Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrəndik: "Mən düşünürəm ki, sevginin günü yoxdur. Bu şablon bir söz deyil. Bu gün hər hansı bir insan özünü narahat hiss edirsə, deməli boşluğu doldurmağa çalışır. Sevgi olan yerdə hər gün var.
Bu gün özünü tənha hiss edən insanlar əksinə düşünməlidir ki, "Müəyyən bir müddətdən sonra mən də düzgün bir sçeim edəcəyəm. Bir gün yox, ömür boyu yanımda layiqli biri olacaq".
Hədiyyə almaq da seçim məsələsidir. Sevgi hədiyyə ilə ölçülmür. Müəyyən bir hərəkət də sevgi göstəricisi ola bilər. Burada müəyyən bəhsə-bəhslik məsələsi də var. Bu düşüncələr iradəsi zəif olan insanları dərindən təsir göstərir.
İnsan qarşı tərəfdən kifayət qədər diqqət və qayğı görürsə, hədiyyə ona maraqlı olmur. İnsanın düşüncə tərzi necədirsə, həyatına da o cür davam edir.
Kişilər çox hədiyyə marağında deyil. Çünki onlar istədiyi hədiyyəni özləri özlərinə alırlar. Qadın isə daha emosional olur və kiçik hədiyyələrlə sevinir. Lakin elə qadınlar da var ki, mükəmməlliyətçi olurlar. Bu da qarşı tərəfə pis təsir edir. Bu zaman da oğlanların kreativliyi azalır və məntiqlə düşünərək qadına pul hədiyyəsi edir ki, özü istədiyini alsın. Kişilərdə məntiq tərəf daha yüksək inkişaf edib. Onlarda emosionallıq qadınlardakı kimi deyil. Lakin bu kişilərin pis insan olduğunun göstəricisi deyil".
Ayşən Vəli