“Azərbaycan hava qüvvələri ötən 100 il ərzində çox maraqlı bir inkişaf dövrü keçib. Təbii ki, biz 1919-ci ildə yaradılan Hərbi hava qüvvələrinin inkişafı ilə bağlı ciddi bir rəqəmlər söyləyə bilmərik”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli danışıb.

Onun sözlərinə görə, çox qısa bir müddətdə təxminən 1 il sonra bu qurum öz fəaliyyətini dayandırdı və vahid SSRİ strukturuna tabe oldu: “Lakin bu gün üçün, daha doğrusu, ötən 30 il ərzində Azərbaycan hərbi hava qüvvələri özünün çox mühüm dövrünü yaşaya bilib. Təbii ki, 1992-ci ildə baş verən hadisələr Azərbaycan Ordusunun, hərbi hava qüvvələrinin də yenidən formalaşdırılması və gücləndirilməsi istiqamətində ciddi addımların atılması vacib hesab olunurdu. Bu gün Azərbaycanın hərbi qüvvəsi özünün çox şərəfli tarixini yaşayır. Biz hava qüvvələrinin inkişaf dövrünü bir neçə yerə bölə bilərik. Təbii ki, ordunun yeni yarandığı dövr, 2000-ci illərdən başlayaraq Vətən müharibəsi dövrünə qədər, Vətən müharibəsindən sonrakı dövr. Vətən müharibəsinə qədər olan dövr Azərbaycan hərbi hava qüvvələrinin yenilənməsi, kompleksləşməsi və döyüş zamanı aviasiya vasitələri ilə yerüstünün qorunması və s. atılan addımlarla xarakterizə olunur. Bu dövrdə bu cür işlər görülüb ki, Azərbaycan hava qüvvələri öz torpaqlarının işğaldan azad olunması istiqamətində həyata keçiriləcək fəaliyyətdə uğurla iştirak edə bilsin. Bu gün bizim silahlı qüvvələrimiz təkcə regionun deyil, bütün Cənubi Qafqazın ən güclü hərbi hava qüvvələrindən biridir. Bu gün silahlı qüvvələrimizin döyüş aviasiya parkında sovet dövründə yaradılan ən unikal döyüş təyyarələrinin, helikopterlərinə rast gəlmək olar. Vətən müharibəsi zamanı Azərbaycanın hərbi hava qüvvələri uğurlu hərbi əməliyyatları ilə düşmənin dərinliklərdə yerləşən mövqelərini sıradan çıxararaq ordumuzun irəli getməsinə öz töhfəsini verdilər. Bu müharibədə Azərbaycan hava qüvvələrinin peşəkar pilotları şəhid olub, yaralandılar. Lakin buna baxmayaraq biz qələbə çaldıq. Müharibədən keçən dövr ərzində isə Azərbaycan Hava qüvvələri yeni aviasiya parkının yaradılması, modelləşdirmə layihəsi və mövcud olanların yenilənməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirir. Fikrimcə, qarşıdan gələn illərdə biz Azərbaycanın hərbi hava qüvvələrinin döyüş aviasiya parkında yeni təyyarələri görəcəyik və bu təyyarələr Azərbaycanın hava məkanının qorunması baxımından öz müsbət təsirini verəcək”.