"Bu addım iqtisadi imkanların inkişaf etdirilməsinə şərait yaradacaq" - İQTİSADÇI ŞƏRH ETDİ

14 Fevral 2023 13:11 (UTC+04:00)

“Sözsüz ki, yeni İstilik Elektrik Stansiyasının inşa edilməsi ölkəmizin enerji potensialının artırılmasına yüksək təsir göstərəcək. Növbəti illərdə ölkəmiz enerji ixracatçısı və Avropanın enerji tərəfdaşı kimi əməkdaşlıq edəcəkdir. Bu baxımdan bu, Azərbaycanın enerji potensialının artırılmasına əhəmiyyətli təsir göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, stansiyanın inşa edilməsi həmçinin, işğaldan azad olunmuş Qarabağ iqtisadi zonasının elektriklə təmin edilməsinə də öz töhfəsini verəcək: “Enerji potensialının artırılması həm də qeyri-neft sektorunun inkişafına təsir edəcək. Bildiyiniz kimi, biz artıq Avropa üçün həm də neft-qaz ixracatçısı kimi çıxış edirik. Bu, bölgədə Azərbaycanın bir tərəfdaş kimi önəmini artıracaq. Şübhəsiz ki, bu addım həm də gələcəkdə ixrac potensialımıza və büdcəyə əlavə valyutanın daxil olmasına öz bəhrəsini verəcək. Enerji stansiyasının inşa edilməsi Azərbaycanı nəinki Qafqazda, hətta bütöv regionda enerji resurslarına sahib ölkə kimi əhəmiyyətini artıracaq. Gələcəkdə biz bu enerjini həm Şərqi Avropanın digər ölkələrinə də ixrac edəcəyik ki, bu da xarici ticarət əlaqələrinə müsbət təsir edəcək. Bundan əlavə, Azərbaycanın iqtisadi imkanlarının inkişaf etdirilməsinə də şərait yaradacaq”.