FHN-in qərargahında növbəti toplantı keçirilib

14 Fevral 2023 12:51 (UTC+04:00)

FHN-in zəlzələ bölgəsindəki qərargahında növbəti toplantı keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.