Tütün məmulatının qanunsuz satışı aşkar edilib

14 Fevral 2023 12:32 (UTC+04:00)

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının fevralın 13-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.