İTSDA-nın Çağırı mərkəzində açıq qapı günü keçirilib - FOTOLAR

14 Fevral 2023 11:55 (UTC+04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzində media və qeyri-hökumət nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilib. SİA xəbər verir ki, ötən ilin sonunda Çağrı mərkəzinin fəaliyyəti müasir tələblərə uyğunlaşdırılıb. Belə ki, bu sahəyə məsul əməkdaşların sayı artırılıb, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb.

Agentliyin Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. Yanvar ayına olan göstəriciyə görə mərkəzə gün ərzində ortalama 814 zəng daxil olub. Müraciət zamanı gözləmə müddəti orta hesabla 22 saniyə, vətəndaşlarla danışıq müddəti isə orta hesabla 1 dəqiqə 09 saniyə olub.

Məlumat üçün qeyd edək ki, 2022-ci il ərzində “1542” Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər.
Qeyd edək ki, respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan “1542” Çağrı mərkəzini ödənişsiz yığmaq mümkündür.