Vardanyan qaçıb – Araik də aradan çıxmağa yol axtarır SİYASİ RAKURS

14 Fevral 2023 11:37 (UTC+04:00)

“Konstitusiya düzəlişləri” oyunbazlığı arxasında dayanan məqamlar

Bir neçə gündür ki, Qarabağda – Rusiya sülhməramlıları kontingentinin müvəqqəti məsul olduqları ərazilərdə qalan cinayətkar-separatçı tör-töküntüləri, daha dəqiq desək, qondarma “prezident” Araik Arutyunyan saxta “konstitusiyaya” hansısa “düzəliş” etməyi planlaşdırır və bu ətrafda müzakirələr aparır. Sözügedən “düzəlişə” görə, əgər cinayətkar-separarçı rejimin qondarma “prezidenti” hərbi vəziyyətdə hansısa səbəbdən “səlahiyyətlərini” yerə qoyarsa, bu zaman onun yerinə olacaq hər hansı şəxsi saxta “parlament” seçə bilər. Bu, öz yerində amma...

Araik üçün ən optimal çıxış yolu qeyri-müəyyən zamana qədər “hərbi vəziyyəti” uzatmaqdır

Amma daha bir məsələ də var. Daha doğrusu, cinayətkar-separatçı rejimdəki hərəkətlilik əlavə nələrdən xəbər verir? Belə ki, mövcud situasiyada, yəni “hərbi vəziyyətdə” qarabağlı separatçılar heç bir “seçki” keçirmirlər. Lakın “hərbi vəziyyət” başa çatandan sonra “növbədənkənar seçkilər” keçirilir. Beləliklə, Araik üçün ən optimal çıxış yolu qeyri-müəyyən zamana qədər “hərbi vəziyyəti” uzatmaqdır. Lakin sual da onda yaranır ki onun “düzəlişlər” etmək marağının arxasında nə dayanır?

İlkin məqam budur ki, Araik çox yaxınlarda Ruben Vardanyan kimi aradan çıxmağa çalışır. Gəlin bu məsələyə digər tərəfdən nəzər salaq. Hazırda o ağır və çıxılmaz vəziyyətdədir. Belə ki, əgər o heç bir bəhanə gətirmədən istefaya getsə separatçılar ona dərhal xain damğasını vuracaqlar. “Hərbi vəziyyəti” də aradan qaldırmaq mümkün deyil. Onda belə çıxır ki, Araikə Qarabağdan sivişib-çıxmaq olduqca vacibdir. Əks halda, o “düzəliş” məsələsini ortaya atmazdı.

Bakının Vardanyanın Qarabağa geri dönmək cəhdinə qarşı artıq dəqiq və qəti casus-belli bəyanatı da öz qüvvəsindədir

Digər yandan, Vardanyanın Qarabağdan qaçması və artıq Xankəndidə olmaması əslində Arutyunyanın əlinə oynayan kartdır. Eyni zamanda, daha bir sual yaranır ki, bəs o niyə qaçmaq arzusundadır? Burada da bir neçə variant var. Amma həmin variantlardan birini gətirək. Məsələn bir neçə gün əvvəl İrəvanın Tehranla Azərbaycan sərhədlərində təxribat törətmək planlarının olması haqqında yayılan məlumatdan, eləcə də Aİ missiyasının da erməni sərhədləri yaxınlığında müşahidə aparmaları informasiyasından sonra Kreml qarşısında arzuolunmaz mənzərə yaranır və bu mənzərə ona sərf etmir. O cümlədən, Bakı faktoru və onun müəyyən etdiyi qırmızı xətt amili də daim diqqətdə saxlanılmalıdır. Azərbaycan əsgərinin barmağı tətikdədir!

Üstəlik, Bakının Vardanyanın Qarabağa geri dönmək cəhdinə qarşı artıq dəqiq və qəti casus-belli (müharibə şəraitinin yaranmasına səbəb) bəyanatı da öz qüvvəsindədir. Arutyunyan da bunları çox gözəl bilir və hadisələrin ortasında qalmaması və əlində olan “imtiyazlarından” maksimum istifadə etməsi üçün indi də “düzəlişlər” oyununu ortaya atır.

Rövşən RƏSULOV