“1542” Çağrı mərkəzində yeni proqram təminatı

14 Fevral 2023 11:19 (UTC+04:00)

“2022-ci ilin noyabr ayından etibarən “1542” Çağrı mərkəzinin işini tam avtomatlaşdırmağa imkan verən yeni proqram təminatı qurulub”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova bildirib.

Onun sözlərinə görə, proqram təminatı müraciətçilərlə əlaqələrin idarəedilməsi, qəbul edilən zənglərin qeydiyyatının, məlumat bazasının, ümumilikdə hesabatlılığın təmin edilməsinə, işin keyfiyyətinin canlı izlənilməsinə imkan verir: “Noyabr ayından etibarən icbari tibbi sığorta ilə bağlı yeni xətt - göndərişlərin verilməsi xətti (1542-3) istifadəyə verilib. Bu xəttə zəng etməklə vətəndaşlar sığorta çərçivəsində dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası ilə bağlı suallarına cavab ala bilərlər. Artıq bu günədək bu mövzuda 3926 müraciət cavablandırılıb".

Bundan əlavə, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Noyabrdan bu günədək rus dilində ümumilikdə 1171 müraciət cavablandırılıb.