İctimai nəqliyyatdakı problemlər niyə həllini tapmır? - REPORTAJ

13 Fevral 2023 15:51 (UTC+04:00)

Son zamanlar redaksiyamıza sərnişin daşıyan avtobuslarla bağlı bir sıra şikayətlər daxil olur. Əsasən vətəndaşlar günün pik saatlarında avtobusların gecikməsi və ümumilikdə avtobus xətlərinin azlığı ilə bağlı şikayətçidirlər. Şəhərin kənar ərazislərində yaşayan vətəndaşlar isə gedəcəkləri ünvana çatmaq üçün avtobus çatışmamazlığından əziyyət çəkdiklərini bildirirlər. Bəs nəyə görə yeni avtobuslar sərnişinlərin istifadəsinə verilmir? Sərnişin avtobusları üzrə yeni xətlər nəyə görə təyin olunmur? Avtobus gecikmələrinin əsas səbəbi nədən ibarətdir? Yeni smart tipli avtobus dayanacaqları hansı ərazilərə qoyulacaq? Bütün bu suallara cavab tapmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyinə yollandıq.

Burada Bakı Nəqliyyat Agentliyinin sərnişin daşıma şöbəsinin müdir müavini Emin Məcidov görüşüb, suallarımızı ona ünvanladıq.

Öncəliklə Emin Məcidov yeni avtobusların istifadəyə verilməsi məsələsinə aydınlıq gətirdi: “Bakı Nəqliyyat Agentliyi yeni avtobusların istifadəyə verilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirdir. Ölkə başçısının bu sahəyə olan diqqəti nəticəsində son illər ərzində ölkəmizə 1000-dən çox yeni avtobus gətirilib. Həmçinin özəl sahibkarlarımız tərəfindənd ə yeni avtobuslar ölkəmiz üçün alınıb. Qeyd edim ki, ölkəyə daxil olan yeni avtobuslar davamlı şəkildə insanların istifadəsi üçün istismara buraxılır. Bakı Nəqliyyat Agentliyi tərəfindən qənaətbəxş hesab edilməyən xətlər müəyyən olunur və bununla əlaqədar olaraq müsabiqə keçirilir həmçinin KİV-də də bu barədə məlumatlar paylaşılır. Yenilənmə prosesi son günlərdə Nardaran , Lökbatan və Xocasən istiqamətində fəaliyyət göstərən avtobuslara tətbiq edilib. Bu proses daimi olaraq davam etdiriləcək”.

Daha sonra qurum rəsmisi vətəndaşların ən çox şikayətçi olduğu hal yəni avtobus gecikmələri ilə bağlı tənqidlərə cavab verib: “Sərnişin daşıma fəaliyyəti göstərən avtobusların gecikmələri ilə bağlı yaşanan proseslər bizim agentliyin xəbərdar olduğu bir məsələdir. Bu halın yaşanması ilə bağlı vətəndaşlar tərəfindən də agentliyimizə müəyyən müraciətlər olunur. Bakı Nəqliyyat Agentliyi tərəfindən apardığımız araşdırmalar zamanı məlum olub ki, Bakı şəhərinin bir çox ərazilərində avtobus gecikmələri baş verir. Bunun əsas səbəbi hər kəsə məlum olan tıxaclarla bağlıdır. Nəqliyyat sıxlığı birbaşa olaraq avtobusların fəaliyyətinə təsir göstərir. Bu da intervallarda artımların olmasına və sərnişinlərin dayanacaqlarda artıq gözləməsinə gətirib çıxardır. Bununla əlaqədar olaraq bizim dispetçer xidmətimiz fəaliyyət göstərir və daimi davamlı şəkildə nəzarət edir. Tıxac səbəbindən yaranan gecikmələr barədə də məlumatlar kütləvi informasiya vasitələrində yayılır ki, insanlar bundan xəbərdar olsunlar.

Bu halların yaşanmaması və aradan qaldırılması istiqamətində bizim mütəxəsisslər tərəfindən təhlillər aparılır. Dünyanın inkişaf etmiş ölkələrində bu halın qarşısını almaq məqsədi ilə avtobus zolaqlarından istifadə olunur. Bunun da effektiv nəticələri müşahidə olunur. Təbii ki, biz bu üsuldan Bakı şəhərində də istifadə edirik. Artıq son illərdə 17 küçə və prospektlərdə avtobus zolağından istifadə olunub. Əlavə olaraq 28 küçə və prospektə bu prosesin icra olunması baxımından təkliflər irəli sürülüb. Çəkilən avtobus zolaqlarının effektiv fəaliyyəti üçündə zəruri tədbirlər görülməlidir. Avtobus zolağının tələblərinə riayət olunmalıdır. Çünki bəzi halalrda qanunsuz parklama və avtobus zolağına girmə halları müşahidə edilir”.

Emin Məcidov həmçinin qeyd edib ki, tıxac səbəbindən yaranan avtobus gecikmələrinə görə yeni xətlərin tətbiq edilməsi nəticəni dəyişməyəcək: “Hər bir halda avtobusların sayı artırılsa belə bu tıxac olduğu zaman sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobuslar xətlər üzrə dayanacaq. Bu səbəbdən yeni xətlərin təşkil edilməsi bu problemin aradan qalxmasında effektiv rol oynamayacaq. Bakı şəhərində yerləşən qəsəbələr üzrə yeni avtobus xətlərinin təyin olunması müəyyən müşahidələr və araşdırmalar üzrə aparılır. Belə olduğu halda həmin qəsəbələrdə yerləşən yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin manevır qabliyyətinə imkan verməlidir. Burada yol ensizdirsə və ya yolun örtüyü qənaət bəxş deyilsə sözsüz ki, bura təhlükəsizlik baxımından ictimai nəqliyyat vasitəsinin fəaliyyəti məqsədəuyğun hesab edilmir. Əlavə olaraq qeyd edim ki, hansı ərazilərdə ki, sərnişin təlabatı var və izah etdiyim hallar baş vermirsə həmin ərazilər üzrə sərnişin daşıma avtobusları fəaliyyət göstərir.

Emin Məcidov redaksiyamıza gələn şikayətlərdən daha birini 30 nömrəli avtobusun fəaliyyətində baş verən gecikmələrin və 7-dən sonra avtobusun fəaliyyətinin dayandırması ilə bağlı fikirlərə yanıt verdi: “30 nömrəli marşrut “Bakubus MMC” tərəfindən istismar olunur. Həmin marşrutun fəaliyyətində baş verən gecikmə halları biz tərəfindən də müşahidə olunub. Daha öncə də qeyd etdiyim kimi avtobus gecikmələrinin əsas səbəbi nəqliyyat sıxlığı ilə əlaqədardır. Bu səbəbdən də məhz 30 nömrəli sərnişin daşıma avtobusunun gecikmə səbəbi tıxacdır. Bu zamanda avtobusun hərəkət cədvəli pozulur belə olduğu təqdirdə də avtobuslar dayanacağa gec daxil olur. Bütün bunlarda insanların dayanacaqda artıq vaxt sərf etməsi ilə nəticələnir. Qeyd edim ki, 30 nömrəli avtobus tam hərəkət cədvəli üzrə fəaliyyət göstərir.

Daha Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə bizə smart danayacaqların hansı ərazilərdə fəaliyyət göstərəcəyi barədə məlumat verdi: “Smart tipli avtobus dayanacaqlarının quraşdırılması Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilir. Dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tam olaraq özəl sektor tərəfindən maliyyələşdirilir və idarə olunur.

Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığı və innovativliyinin artırmaq, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqini genişləndirməkdir. Bakı şəhərində, ümumilikdə, 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur. Smart avtobus dayanacaqlarının bir sıra üstünlükləri var. Dayanacaq pavilyonunda isitmə və sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq”.

Sonda isə Koroğlu metrostansiyasının ərazisində yerləşən avtobus dayanacağında öz ictimai nəqliyyat vasitəsini gözləyən insanların ölkədə fəaliyyət göstərən sərnişin daşıma avtobuslarının fəaliyyəti barədə fikirlərini öyrənmək üçün sorğu keçirtdik.

Dilarə Hüseynova: “Mənim avtobusla bağlı heç bir iradım yoxdur. Vaxtı-vaxtında işimə gedib-gələ bilirəm. Gündəlik olaraq 163 nömrəli avtobusdan istifadə edirəm. Özümdə Ramana da qalıram. Hər gündə normal şəkildə ictimai nəqliyyat istifadə edə bilirəm”.

Bəhlul Qurbanov: “Düşünürəm ki, şəhərimzi də fəaliyyət göstərən avtobuslar normal şəkildə işləyir. Təbii ki, gecikmələr var bu da sıxlıq maşınlar sıxlığından yaranır”.

Sürücü Qurban Əliyev: 38 nömrəli avtobusu idarə edirəm. Gündəlik olaraq avtobuslarımız səhər saat 6-dan gecə saat 11-ə kimi fəaliyyət göstərir. Gecikmə halları baş vermir. Fikrimcə, sərnişinlərdə 38 nömrəli avtobusun fəaliyyət barədə müsbət düşünürlər”.

Dilşad Qasımova: “Avtobus dayanacaqlarında çox dayanıram. Buna görə də avtobusların fəaliyyətindən narazıyam. Həmçinin avtobuslar çox gec-gec gəlir, lazımı-lazımsız yerlərdə saxlayıb, bizim vaxtımızı aparırlar. Özümdə əsasən 107 nömrəli avtobusla gedib-gəlirəm.

Rəfiəli Ziyadov: “Avtobusların gecikməsi ilə bağlı heç bir şikayətim yoxdur. Lakin hazırda fəaliyyət göstərən avtobuslar köhnəlib. Fikrimcə, yenisi ilə əvəz olunmalıdır. Əsasən də sərnişinlər üçün nəzar də tutulan oturacaqlar yaxşı vəziyyətdə deyil”.

Nərgiz Hüseynova: “171-106 nömrəli avtobuslarla biz şəhərə gedib-gəlirik. Demək olar ki, rahat şəkildə hara gedə bilirik, davamlı şəkildə fəaliyyət göstərirlər. Gecikmə halları isə baş vermir”.

Heydər Quliyev: “Mən əsasən işə gedib-gələrkən 71 və 24 nömrəli avtobuslardan istifadə edirəm. Bu avtobusların fəaliyyətindən çox razıyam. Hələ ki, heç bir narazı bir hal yaşamamışam.

Tamilla Bəbirova: “Ölkəmiz də fəaliyyət göstərən avtobuslar bərbad vəziyyətdədir. Hamısı köhnədir və çox gec-gec işləyirlər. Həmçinin avtobuslarda qızdırıcı sistem işləmir. Bu dəqiqə avtobusdan düşmüşəm əlim-ayağım buz kimidir”.

Şəlalə Yusifova: “166 nömrəli avtobusu 40 dəqiqəyə yaxındır ki, gözləyirəm. Bu hal gündəlik olaraq belə davam etmir. Ancaq bu günkü fasilə daha çox oldu. Buna görə də bu avtobusla bağlı müəyyən tədbir görməlidirlər.

Rəvan Aslanov: “Mən 24 nömrəli avtobusun fəaliyyətindən narazıyam. Avtobus demək olar ki, çox gec-gec gəlir. Biz saatlarla dayanacaqda onu gözləməli oluruq. Buna görə də aidiyyatı qurumlardan xahiş edirəm ki, bunun qarşısını alsınlar”,