Fəlakətli zəlzələ nəticəsində darmadağın olan Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığ şəhərləri görünüşcə Azərbaycanın Qarabağının Şuşası, Laçını, Kəlbəcəri, Füzulisi, Zəngilanı, Qubadlısı, Ağdamı görüntüsündədir. Necə ki, işğaldan azad olunmuş ərazilərimizə düşmənin vurduğu dəhşətli yaralara baxarkən ürəyimiz sızlayır, günlərdir, televiziya vasitəsilə izlədiyimiz altı üstünə çevrilən bu şəhərlərin görüntüləri də eynilə ürəklərimizi sızladır, bu dəhşət qarşısında sözün bitdiyi ana düşürük.

Fərqli hadisələr, oxşar talelər...
Bəli, torpaqlarımız 30 il idi ki, qonşuluqdan kənar olan qonşularımız tərəfindən zorla işğal olunmuşdu. Torpaqlarımızın işğalında təbii ki, ozamankı ölkə rəhbərliyinin də böyük rolu olmuşdu. Çünki işğaldan az sonra torpaqların onlar tərəfindən satıldığı əsaslı şəkildə sübut olundu. Bu utanmaz satışa səbəb isə sovet imperiyası rejiminin başında duranlarının ölkəmizə rəhbərlik edənləri yüksək vəzifələrə əyləşdirməyə verdikləri söz idi. Bu sözlə başları aldadılanlara torpaqları bədnam qonşulara satmaları təklif olunmuşdu. Və beləliklə də tarixi, əzəli ata-baba yurdlarımız orada yaşayan insanların əlindın zorla alınmış, minlərlə soydaşımız evindən-eşiyindən didərgin salınmışdı.
Torpaqların bu qayda ilə ermənilərə verilməsinə qarşı çıxan qəhrəman xalqımız isə 1990-cı illərdə Vətən müharibəsinə qalxmış, əliyalın, ordusuz, silah-sırsatsız, texnikasız olsalar da, rəhbərlikdən kömək istəmələrinə baxmayaraq onlara heç bir yardım göstərilməsə də, beş ilə yaxın zaman kəsiyində ermənilərlə mübarizə aparmış, minlərlə şəhidimiz, qazimiz olsa da, torpaqlarımızı itirməli olmuşdur.
Soydaşlarımız ölkəmizin hər tərəfinə üz tutmuş, illərlə olmazın əzab-əziyyəti ilə üzləşmiş, torpaq həsrəti ilə dünyasını dəyişənlər qəlbində dağ boyda dərdlə başqa yurdda torpağa tapşırılmışlar. Minlərlə yurd sevdalı, torpaq həsrətli insanlarımız bir daha Qarabağı görə bilmədilər. Onlar bu dünyadan o dünyaya ürəkləri hicranlı, dərdli-düyünlü, nisgilli köçdülər. Yurd həsrəti qəlblərində, torpaq ətri burunlarinda o dünyaya yolçu oldular.
Bu gün Türkiyədə dəhşətli zəlzələ nəticəsində faciə ilə üz-üzə qalmış, qışın bu şaxtalı günlərində ev-eşiklərini, isti yuvalarını itirmış insanların bizim soydaşlarımızla fərqli hadisələr, lakin oxşar talelər yaşadıqlarını seyr etdikcə insanın damarlarında qan qonur. İki dövlətdə yaşayan bir millətin başına gələn bu müdhiş hadisələr nə üçün baş verməli idi? Nə üçün günahsız insanlar bu qədər dəhşətlə, müsibətlə üzləşməli idilər?..

Dağıntılar içərisində olan Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığda Qarabağımızın altı üstünə çevrilmiş torpaqlarını xatırlayırıq. Bu şəhərlərin minlərlə sakininin acı taleyi ermənilərin silah gücü ilə evlərindən qovduğu, etiraz edəndə yerindəcə güllələdiyi soydaşlarımızın taleyinə necə də bənzəyir...
Məhv olan şəhərlər, məhv olan insanlar, yaşayan ruhlar...
Bəli, məhv olan şəhərlər... Həm Azərbaycanda, həm də Türkiyədə bir-birinə nə qədər oxşardır, İlahi. Azərbaycanda yerüstü zəlzələ adlandıraq bu uçurulanları, dağıntıları, Türkiyədə isə yeraltı təbii zəlzələlərin nəticəsidirmi, nədir, bunu araşdırmaq alimlərin, mütəxəssislərin işidir. Nəticə etibarı ilə hər iki ölkənin fərqli hadisələri, oxşar taleləridir.
Məhv olan şəhərlər, məhv olan insanlar və yaşayan ruhlar... Bəli məhv oldu, məhv edildi şəhərlər, uçuruldu, dağıdıldı, daşınıb aparıldı. Məhv oldu şəhərlər, uçdu, dağıldı, altı üstünə çevrildi. Görünüşcə nə qədər bənzərdir bu şəhərlər. Bu şəhərlərin insanlarının taleyi nə qədər oxşardır. Ağılları, şirin söz-söhbətləri, nəsihətləri dilində qalan ağsaqqal, ağbirçəklər, arzusu ürəyində torpağa gömülən və ya torpağın altında qalan gənclər... Hələ bu dünyanın dəhşətlərini anlamayan, bir qarış torpaq üçün fəlakətlər, müharibələr törədən, hökmranlıq etmək üçün şəhərləri və insanları hədəf götürənlərdən xəbərsiz günahsız uşaqlar ya süngünün ucunda göylərə qaldırıldı, ya da dağıntıların altında parça-parça oldular. Ahları ərşə qalxdı. Lakin kim idi onların səsini eşidən? Tamah qulaqları kar etməyibmi, tamah gözləri kor etməyibmi? İlahi, hara gedir dünyamız. Hansı mənzilbaşına doğru yolçuluğa çıxıb dünyamız? Bu günahlarla haqqın dərgahında necə cavab verəcək dünyamız?..

Ailələr məhv oldu, həm Azərbaycanda, həm Türkiyədə. Bir nümayəndəsi belə qalmadı, davamçı olmadı. Məhv edildilər, məhv oldular. Onların əlimizdə qalan tək rəsmləridir. Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocalının və Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığın yüzlərlə belə ailələri var. Yer üzündən silinən ailələr...

Bəs ömrünə bu fəlakətlərdən sağ-salamat qurtarmaq yazılanların taleyi?.. Onların taleyinə tale demək mümkündürmü məgər? Onlar insandırmı, yoxsa yaşayan ruhlardırmı? Görəsən zamanın neçə ili bu insanların acısına məlhəm ola biləcək? Görəsən qarşıdakı illərin hansı biri onların dəhşət və vəhşət dolu xatirələrini əlindən alıb apara biləcək? Onlara yaşadıqlarının bircə anını belə unutduran saat, dəqiqə ola biləcəkmi? Əsla... Ola da bilməz.
Qarabağın o gözəl şəhərlərinin sakinləri gözlərinin qarşısında öldürülən, süngüyə taxılan, qolu-ayağı kəsilən, dərisi soyulan insanları unuda bilərmi? Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocalının taleyinə ölmək yox, yaşamaq yazılan insanlarının hansı biri gözləri qarşısında diri-diri yandırılan valideynini, baba-nənəsini, övladını unuda bilər? Onların hansı biri gözləri önündə evlərinə od vurulub yandırılmasını, gözləri önündə bir ömürlük başa gətirilə bilinməyən evinin-ocağının dağıdılmasını unuda bilər? O insanlarin hansi biri ayaqyalın, çılpaq yollara düşən, arxasında düşmən, önündə şaxta, soyuq, yağış, palçıq olan, çarəsizlikdən sürünən, yoldaca donub ölən soydaşlarımızı xatirəsindən silə bilər?.. Kim ata-anasının 30 ilin hər anı torpaq həsrəti axan göz yaşlarını unuda bilər? Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı deyə-deyə bu dünyadan vidalaşması kimin gözləri önündən silinə bilər? Bir atanı, bir ananı, bir yaşlı nənəni, babanı özü boyda hicranla yad ellərdə torpağa gömən kimsə bunları unuda bilər?

Eləcə də Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığda taleyinə ölmək deyil, yaşamaq yazılanlar gözləri önündə olanları unuda bilərlərmi? Ailəsinin-ata-anasının, bacı-qardaşının gözünün önündəki dağıntıların altında can verdiyini bir ömür unuda bilərlərmi? Ailədən tək özü qalan kiçik bir uşaq bu yaşın ehtiyacları fonunda olanları unuda bilərmi? Dağıntılar içərisində yıxıla-dura o yana-bu yana qaça-qaça əzizlərini axtaran günahkar cocuq bunun acısını içindən çıxarıb ata bilərmi? Yaşlı bir nənə dağıntılar altındakı oğlu, gəlini və nəvələrinin bu dünyadan artıq qopduqları ilə barışa bilərmi? Övladının, həyat yoldaşının yerin neçənci qatının qurbanı olduğunu bilməyən qadın necə, yaşayırmı bu dünyada? Əlbəttə yox, Yaşamır onlar. Tarixin, zamanın, insanların, düşmənlərin, tamahkarların, eqoistlərin vurduğu zərbələrlə dağılan dağılmış, ölən ölmüş, yaşayanlar isə yaşayan, canlı ruhlardır. Onların bağrına çəkilən dağ bir ölümdən belə dəhşətli, faciəvidir.
Kimdir günahkar? Bu gizli deyil. Bilənlər bilir, bilməyənlər də bilsin. Bilsinlər ki, bütün cahan üçün düşmən olanlarla mübarizə aparsınlar. Çünki bu faciələri, bənzəri olmayan vəhşilikləri bu gün bizlər yaşayırıqsa, sabah digərlərinin da yaşaması mütləqdir. Ona görə mütləqdir ki, dünyanın nizamı pozulub. Dünya kimlərinsə əlində oyuncağa çevrilib. Qızışdıranlar, havadarlar, gözügötürməyənlər, tamahkarlar, haqsız-ədalətsizlər dünyasıdır bu dünya... Və onlar yerində oturdulur, oturdulacaq da. Dünya belə qalmayacaq!
Türk torpaqları da Azərbaycan torpaqları kimi...
Qarabağ iki ildir ki, işğaldan azad olunub. İki ildir ki, torpaqlarımızda bərpa işlərinə başlanılıb. Artıq Şuşa öz əvvəlki gözəlliyinə, cazibəsinə qovuşmaqdadır. Həmçinin də Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı, Füzulidə görülən işlər yaxın gələcəkdə bu yerlərin tamamilə əvvəlki görkəminə qayıda biləcəyindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər bizi torpaqlarımıza qovuşdurdu. Onların düşmən tərəfindən hansı vəziyyətə salındığını gördük, könlümüz parçalansa da, lakin torpaq torpaqlığında qalır. Torpaq varsa, onun üzərində istənilən gözəlliyi yaratmaq olar. Kim istəyərdi yurdunun dağılmasını? Kim istəyərdi ocağının sönməsini? Kim istəyərdi həyətinə gedən yolların ot basmasını, cığırın itməsini, bağ-baxçasının 30 ilin kimsəsizliyi ilə məhv olmasını? Heç kim bunu əsla ürəyinə belə gətirməzdi. Lakin həyat insanlara özünün bütün üzlərini göstərir. Bizə də göstərdi. Göstərdi ki, insan yurdsuz-yuvasız ala bilərmiş, torpaqsız qala bilərmiş. İnsan sonsuz acılarla üz-üzə qala bilərmiş.

Şükürlər olsun ki, torpağımızı geri ala bildik. Minlərlə oğul bu yolda şəhidlik zirvəsinə ucaldı, qazi oldu, analarımız qarayaylıq qaldı, atalarımızın qəddi büküldü, qız-gəlinlərimizin üzünə vaxtsız qırışlar “qonaq” gəldi, övladlarımızın sinəsinə vaxtsız ata yanğısı çökdü, lakin biz öz əzəli yurdlarımızı düşməndən aldıq. Deməli, orada abadlıq da aparacaq, o yerləri bərpa da edəcəyik.
Türkiyədə zəlzələ qurbanı olan şəhərlər də Qarabağın misalı, yerlə-yeksan olsa da, bu yerin insanları olmazın məşəqqətləri ilə üzləşsələr də, lakin torpaq öz yerindədir. O torpaq üzərində türk qardaş-bacılarımız yenə də şəhərləri bərpa edəcək, bağ-bağat salacaq, parklar-xiyabanlar tikəcəklər. Məktəblər, xəstəxanalar, həyat üçün lazım olan bütün obyektlər zamanla yenidən ucaldılacaq bu şəhərlərdə.

Necə ki, ölkəmizin başçısı 20 il torpaqlarımızın azadlığı üçün bütün tədbirləri həyata keçirdi, torpaqlarımızın azad olmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu, hazırda Qarabağda geniş quruculuq işlərini həyata keçirir, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da xalqını, millətini sevən bir şəxsiyyət kimi, bütün bu çətinliklərin öhdəsindən gələcək. Yaxın gələcəkdə bütün şəhərlər yenidən bərpa olunacaq.
Xalq və millətimiz kimi, bu prezidentlərin də oxşar tərəfləri var. Bu oxşarlıq onlarin Vətənə sevgisində, millətə, xalqa məhəbbətində, prinsipiallığında, başladığı işi uğurla sona çatdırmasında, bir də hər iki millət tərəfindən sevilməsindədir.
Zəlzələdən zərər çəkənlərin acılarını onlarla birgə yaşayan bizlərin də köməkliyi ilə Türkiyə bu ağır günləri qısa zamanda arxada qoyacaq. Baxmayaraq ki, 30 mindən artıq itkisi var, 80 mindən artıq yaralısı var, darmadağın olan min kilometrlərlə ərazisi var. Bizim də eynilə, birinci və ikinci Vətən müharibəsində 30 minə yaxın şəhidimiz, bundan qat-qat çox qazimiz və viran edilən minlərlə kilometr ərazimiz var. Bu, oxşar talelərdir. Ötən 30 ilin fərqli hadisələrinin oxşar taleləri...
Hər zaman-həm kədərli, həm də sevincli günlərdə bir-birinin yanında olan bu iki dövləti oxşar talelər bir-birinə daha sıx bağlayır. Elə bu bağlılıqdan yaranan birlik, həmrəylik də hər iki xalqın xoşbəxt gələcəyindən xəbər verir. Acı, çətin, kədərli günlərimiz olsa da, xoş, işıqlı sabahlar həmişə bizimlə olacaq. Çünki türk oğlu türkük və türkün gücü bitməz, tükənməzdir.
Mətanət Məmmədova