“Azərbaycanda ölüm hökmünün ləğv olunması ilk olaraq humanizmin göstəricisidir. Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təməl prinsiplərindən biri də mərhəmət, humanizmdir. Eyni zamanda, ölkə konstitusiyası qəbul edilərkən yaşamaq hüququ ən fundamental hüquqlardan biri kimi göstərilib. İlk dəfə olaraq müsəlman şərqində ölüm cəzasını ləğv edən dövlət məhz Azərbaycan olub. Bunu xüsusi olaraq vurğulamaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Milli Məclisə müraciət olundu və qanunvericilikdə müvafiq dəyişikliklər baş verdi: “Ölüm cəzası ömürlük azadlıqdan məhrum olmaqla əvəz olundu. Ölüm cəzasının icrası hələ 1994-cü ildə təxirə salınıb. Bu da Ümummilli liderin humanizminin göstəricisi idi. Halbuki qanunvericilik imkan verirdi ki, bu cəza tətbiq olunsun. Şübhəsiz ki, bu qərar həm də insan həyatının Azərbaycan dövləti üçün nə qədər əhəmiyyətli olduğunun göstəricisi idi. Bu qərar dövlətin qatilə çevrilməsinin qarşısını aldı. Çünki hökmlər dövlətin adından çıxarılır. Bu, çox böyük bir iradə nümayişi idi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, qətllər xüsusi amansızlıqla həyata keçirilir və onları törədən şəxslər hər zaman cəmiyyət tərəfindən məhkum edilir. Cəmiyyətdə belə bir fikir var ki, qətl törədən şəxslər ağır cəzalandırılmalıdır, ta ki həyatdan məhrum edilənə qədər. Allahın verdiyi canı yalnız Allah almalıdır”.
Əliməmməd Nuriyev sözlərinə davam edərək bildirib ki, müxtəlif ölkələrdə bəzən məhkəmə səhvləri də müşahidə olunub: “Ölüm hökmü icra edildikdən illər sonra bəzi hallarda məlum olur ki, hökmə məruz qalan insan heç günahlandırıldığı əməldə iştirak etməyib. Axı bu dövlətin üzərində qalır. Ona görə də bu cəzanın ləğv olunması həm də məhkəmə səhvlərinin qarşısının alınması baxımından əhəmiyyətlidir. Bu, böyük siyasi iradənin, dövlətin öz xalqına olan inam və etimadın nümunəsidir.
Ölüm hökmünün ləğvi uzun illər mövcud olan qana qan, dişə diş yanaşmasının da qarşısını almağa kömək etdi. Zərərçəkmişlərin yaxınlarında güclü qisas hissi ola bilər. Amma onu da nəzərə almaq lazımdır ki, qətl törədən şəxsin azadlıqdan ömürlük məhrum edilməsi onun üçün ən ağır cəzadır. O ömür boyu böyük mənəvi sarsıntıya məruz qalır. Hətta ayrı-ayrı ölkələrdə ölüm cəzası ləğv edilib daha sonra bərpa olunmuşdu və müşahidə olunmuşdu ki, cinayətlərin sayında heç də azalma yoxdur. Yəni, ölüm hökmü qətllərin qarşısını almağa kömək etməyib. Ona görə də düşünürəm ki, elə ən yaxşısı azadlıqdan ömürlük məhrum edilmə cəzasıdır”.