"Onlayn və əyani şəkildə işləyənlər buna əməl etməlidir” - İQTİSADÇI ŞƏRH ETDİ

10 Fevral 2023 12:36 (UTC+04:00)

“Ümumiyyətlə, fikrimcə, hansı sahədə çalışmağından asılı olmayaraq hər bir insan vergiyə cəlb olunmalıdır. Əgər insanın gəliri varsa, mütləq vergi ödənməlidir. Düşünürəm ki, istər onlayn işləyənlər, istərsə də əyani şəkildə işləyənlər buna əməl etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, ancaq onlayn sahələr bizim ölkədə güclü inkişaf etməyib: “Ona görə də bu sahədə çalışanlara güzəştlər tətbiq etmək olar. Vergidən azad olunmasalar da, onlar üçün müəyyən dövriyəyə qədər güzəşt tətbiq oluna bilər. Bu da Azərbaycanda onlayn fəaliyyətin genişlənməsinə səbəb ola bilər. Yəni, bu cür stimullaşdırıcı tədbirlər həyata keçirmək olar. Amma yenə də gəlirin məbləğindən asılı olaraq hər bir işçinin vergiyə cəlb olunması məqsədəuyğundur. Bu, iqtisadiyyatın təməl prinsiplərinə uyğundur. Stimullaşdırıcı addımların atılması isə onlayn sahənin Azərbaycanda inkişafına şərait yarada bilər”.