Biz istəyirik ki, milli parkların sayı çoxalsın. Bu, indiki və gələcək nəsillər üçün layiqli töhfə olacaqdır.
İlham Əliyev
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritet istiqamətlərindən biri də ekoloji maarifləndirmədir. Əhalinin ekoloji biliklərə yiyələnməsində bu istiqamətin mühüm rolu var. Elə buna görə də, ölkəmizin idarə və müəssisələrində, ali, orta ixtisas və ümumtəhsil məktəblərində keçirilən müxtəlif ekoloji tədbirlər məhz həmin xeyirxah məqsədə xidmət edir.
Bu günlərdə, yəni fevralın 9 – da Hirkan Milli Parkında belə bir tədbir baş tutub. Parkın yaradılmasının 19 – cu il dönümünə həsr olunmuş tədbiri parkın direktoru Aqil Sucayev açdı. Sonra Türkiyədə çoxlu sayda insan tələfatına və geniş ərazini əhatə edən dağıntıya səbəb olan dəhşətli təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Lənkəran Dövlət Universitetinin biologiya və ekologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov, biologiya fakültəsinin müəllimi Günay Məmmədova çıxış edərək Hirkan Milli Parkında son illərdə aparılan elmi – tədqiqat işlərindən, parkın zəngin flora və faunasından, tələbələrə aşılanan təbiət sevgisindən danışdılar. Onlar eyni zamanda belə maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi qeyd edərək yaratdıqları şəraitə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlıqlarını bildirdilər.
Sonra tədbir iştirakçılarının, xüsusilə tələbələrin ekoloji mövzuda verdiyi suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırıldı.
1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı, tanınmış yazıçı – jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Bəxtiyar Hüseynov öz çıxışında qardaş Türkiyədə təbii fəlakətdən sarsıldığını və xalqımızın dost ölkənin vətəndaşları ilə həmrəy olduğunu bir daha dilə gətirdi. Eyni zamanda o möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sərəncamı ilə 2023 – cü ilin “Heydər Əliyev İli” elan olunması və dahi rəhbərin anadan olunmasının 100 illiyini, Ulu Öndərin nəsillərə örnək olan təbiət sevgisini diqqətə çatdırdı. Yazıçı – ekoloq həmçinin qeyd etdi ki, yaradılmasının 19- cu il dönümünə yığışdığımız Hirkan Milli Parkı Dövlət qayğısı ilə əhatə olunub. Parkın relikt və endemik bitkilərindən, heyvanat aləmindən, zəngin bitki örtüyündən və onların mühafizəsi ilə əlaqədar son illərdə görülən işlərdən söz açdı...
Bu gün Azərbaycan təbiətinin özü: meşələrimiz, çaylarımız, qoruqlarımız, parklarımız dünyanın möcüzələridir. Bu möcüzələr ölkənin hər yerinə paylanmaqla təbiətin qeyri-adiliyində təzahür edir. Xarici səyyahlar turizm, müalicə və digər məqsədlərlə respublikamıza gələnlər bu yerlərin ecaz və möcüzə olduğunu etiraf ediblər. Fransız yazıçısı və səyyahı Aleksandr Dumanın əsərlərində Azərbaycan, onun füsunkar təbiəti, insanları böyük məhəbbətlə tərənnüm olunur, flora və faunamızın zənginliyi, can dərmanı olan bitkilər təbliğ olunur, bu diyara tay tapılmadığı göstərilir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsini davam etdirir. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi genişləndirilərək 3.7 faizdən 10,3 faizə çatdırılmışdır. Bu da ölkə ərazisini, 893 min hektarını təşkil edir. Gələcəkdə belə ərazilərin sahəsinin daha da genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycanda ümumi sahəsi 893 min hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir. O cümlədən milli parklar 4,87, dövlət təbiət qoruqları 1,39, dövlət təbiət yasaqlıqları isə 4,05 faizdir. Onlardan biri Hikran Milli Parkıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 9 fevral 2004-cü il 81 saylı sərəncamı ilə parkın ərazisi genişləndirilərək 21435 hektara çatdırılmışdır. Sonralar parkın ərazisi 2 dəfə artırılmış, 40358 hektar olmuşdur.
Mən Hirkan Milli Parkı, Talış dağları və meşələri haqqında danışarkən Akademik Həsən Əliyevin 1957-ci illərdən başlayaraq bu sahədə tədqiqatlarına nəzər salmaq istəyirəm. Əslində akademikin bu sirli, möcüzəli təbiət haqqında yazdıqları sehrin reallığı, həqiqətin sehridir. SSRİ-nin tanınmış təbiət alimləri ilə bu yerlərdə qonaq olan, geniş tədqiqatlar aparan akademik XVII əsrin əvvəllərində bura səfər edən Almaniyanın Rusiyadakı səfiri Adam Olerinin Muğan səhrası, keçilməz Lənkəran meşələri, Talış dağları barədəki məlumatını təqdir edir. Müəllif yazır ki, buranın füsunkarlığını görmədən, oranı təsəvvür etmək çətindir. Bura elə «cənnət bağı»dır.
Hirkan Dövlət Qoruğu 888 hektar sahədə 1936 – cı il dekbar ayının 8 – də ilk dəfə olaraq Lənkəran Qoruğu adı ilə yaradılıb, sonradan onun sahəsi 15 min hektara qədər artırılıb. 1961 – ci ildə o Qızılağac Dövlət Qoruğunun filialına çevrilib. 1969 – cu ildə isə həmin filial Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Hirkan Dövlət Qoruğu müstəqil qoruq elan edilib.
Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 1969-cü ildə Hirkan Dövlət Qoruğu yaradıldı. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Hirkan Milli Parkının təsbit edilməsi bu yerlərin təbiətinə Ulu öndərin qayğı və diqqətinin davamı oldu. Hirkan Milli Parkının ərazisinin iki dəfə artırılması üçün planlı işlər görülmüş və həyata keçirilmişdir. Geniş sahəsinə, hər qarışa düşən bitkinin zənginliyinə görə üstün olan Hirkanın özünün ətraf mühitə, təbiətə böyük təsiri var. Burada hər ağac, hər kol can dərmanıdır. Cənub bölgəsinin bu zəngin parkı şəfa qaynağıdır. Azərbaycan təbiətşünasları dəfələrlə Hirkanın təbii gözəliklərindən savayı, onun bitkilərinin min bir dərdin dərmanı olduğunu sübut ediblər. Onlardan biri- Seyid Əli Kazımbəyov “Səidiyyə” əsərinda yazır ki, “taun və vəba xəstəlikıəri bütün ətrafı-Ərdəbil, Rəşt, Qarabağ, Şirvan və qeyri yerləri tutduğu halda Talışa sirayət etmədi”. Məlum olmuşdur ki, dünyanın müxtəlif yerlərində baş verən xəstəliklərin əli bu füsunkar diyara çatmır. Səbəbi nədir? Təqiqatlar nəticəsində bəlli olmuşdur ki, bu yerlərdə bitkilərin biomüxtəlifliyi, yüzlərlə ağac və kolun təbii dərman mənbəyi olması, landşaftın özündə ayrı-ayrı xəstəliklərə qarşı müvazinətin güclü olması və s. əlamətlərdir.
Milli Park flora və faunası ilə zəngindir. Buradakı ağacların əksəriyyətində Hirkan adı çəkilməsi fərdi xüsusiyyət daşıyır, bunların ancaq adı çəkilən əraziyə mənsubluğunu təsdiq edir. Hirkan ağcaqayını, Hirkan armudu, Hirkan ənciri, Hirkan bikəvəri, Hirkan şümşadı və daha onlarca bu ünvanlı ağac və gül kolu... dəmirağac, şabalıdyarpaq palıd, yarpaqvarı qızılağac, qanadmeyvə, yalanqoz... Bütün bunlar qiymətli, nadir ağaclardır və bunlardan hazırlanan qiymətli əşyalar dünyanın məşhur muzeylərində indi də saxlanılır.
Bəs Milli Parkın heyvanat aləmi? Xallı maral, cüyür, çöl donuzu, bəbir, oxlu kirpi, porsuq, dələ, Hirkan arıquşu... Adlarını çəkdiyimiz heyvanat növləri də məhz Hirkan Milli Parkında yaşayır və bu yerlərin zəngin iqliminə öyrəncəlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin dediklərindən: - Hirkan meşələrinin YUNESKO – nun ümumdünya irs siyahısına daxil edilməsi ilə əlaqədar ötən müddət ərzində onlayn formatda bir çox işçi görüşləri keçirilib. Görüşlərdə yerli ekspertlərlə yanaşı nominasiya sənədinin hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edib. Sonralar müəyyən səbəblər üzündən nominasiya təklifləri barədə qərarın qəbul edilməsi qeyri – müəyyən vaxta təxirə salınıb.
Məlum olduğu kimi ölkəmizin ərazisində geoparkların yaradılması və qlobal geoparklar şəbəkəsinə qoşulmasına dair işlər davamlı şəkildə aparılır. “Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri haqqında” Azərbaycan Respublikasının qanununda müvafiq dəyişikliklər edilib, “Azərbaycan Respublikasının geoloji parkların ümumi əsasnaməsi” təsdiq olunub.
2022-ci ilin fevral ayında YUNESKO-nun maliyyə dəstəyi ilə “Gələcək sizin əlinizdədir: gənc ekoloqların bacarığını artırmaq” layihəsi çərçivəsində Hirkan MP-nın və palçıq vulkanları əsasında yaradılacaq geoparkın tanıtımı ilə bağlı tədbir həyata keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, QHT-lərin, media və yerli icmaların nümayəndələrinin, eləcə də, könüllülərin iştirakı təmin edilib, KİV-də geniş təbliğatı işlər həyata keçirilib.
Təbiət nə qədər zəngin olarsa, o qədər insanın zövqünə, yaxşı mənada sağlamlığına nüfuz edər. Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqqəddəs borcudur. Yeni rəhbərliyin yaratdığı sağlam şərait və mühit hamını öz işinə məsuliyyətlə yanaşmağa sövq edir. Əhali ilə aparılan maarifləndirici tədbirlər də təbii ki, öz səmərəsini verir. Respublikanın milli parklarının qoruq və yasaqlıqların fauna və florası qayğı ilə qorunur. Bu mühüm işdə indi bütün kollektivlər məsuliyyət daşıyır. Demək olar ki, Xüsusi Mühafizə olunan Təbiət Ərazilərində hərə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Təbiətin varlığı, onun bütün sərvətləri hamımız üçündür. Odur ki, insanın şüuruna, düşüncəsinə təsir göstərmək, onda təbiətə vurğunluq hissi oyatmaq borcumuzdur. Respublikamızda da həmin vəzifələr ayrı-ayrı müvafiq təşkilatlar və təbiəti sevən insanlar tərəfindən həyata keçirilir.
Bununla yanaşı, görülmüş işləri təqdir etmək, görüləcək işlər haqqında fikir mübadiləsi etmək, nöqsanları diqqətsiz buraxmamaq qələm əhalinin borcudur.
Ekoloji məsulliyyətdə əhalidə ruh yüksəkliyi yaratmaqda mətbuatın böyük faydası var. Təəssüf ki, bəzi mətbuat səhifələrində qərəzli yazılara daha çox rast gəlirik. Xüsusi ilə Hirkan Milli Parkında yeni rəhbərliyin təşkilatçılıq bacarığı sayəsində əvvəllər mövcud olan kütləvi qırıntıya son qoyulması, nadir ağacların mühafizəsi gücləndirilmişdir.
Yaxşı deyirlər ki, döyüş uzaqdan adama asan gəlir. Təbii ki, bu sözlərdə böyük həqiqət var. Əslinə baxsan istənilən məqsədə nail olmaq üçün bütün sahələrdə döyüşə ehtiyac var. Axı həyat özü də mübarizə deməkdir. Əgər bizi əhatə edən təbiətdən faydalanırıqsa, onu qorumağa, mühafizə etməyə borcluyuq. Çünki Vətən təbiətdən başlanır. Ölkəmizin təbiəti isə öz zənginliyi, rəngarəngliyi, biomüxtəlifliyi baxımından fərqlidir. Başqa sözlə desək, meşələrimiz, parklarımız bütün ekoloji dünyanın diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət ərazilərimiz canlı muzey təsiri bağışlayır. Bu baxımdan Hirkan Milli Parkı dövlət xadimlərinin, rəsmi şəxslərin, alimlərin, səyyahların və turistlərin ən çox ziyarət etdikləri məkana çevrilib. Belə olan halda təbiətimizin incisi sayılan qədim Hirkan meşələrini qorumaq həmişəkindən daha vacibdir. Bu, təkcə dövlətin işi deyil, ümumxalq işi olmalıdır. Hamımız bizə həyat bəxş edən təbiətə əsl övlad sevgisi bəsləməli, onun qayğısına qalmalı və təbii sərvətlərin zənginləşməsinə öz, töhfəmizi verməliyik. Təbii ki, nəsillər bir – birini əvəz edir. Yaşından asılı olmayaraq hər kəsin təbiətə öz yanaşması var. Gənclər təbiətin mühafizə işinə daha çox cəlb edilməli, onlara ana məhəbbətə sevgi hissləri aşılanmalıdır. Bir sözlə ata – babalarımızdan əmanət kimi qəbul etdiyimiz təbiəti biz də daha zənginləşmiş halda nəsillərə ötürməliyik!
Bəxtiyar Hüseynov
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı.