Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxmışdır. Konstitusiyada öz əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquq islahatları və insan haqlarının qorunması prinsipinin tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan hüquqlarına böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Belə ki, Əsas Qanunumuzun III fəslinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilməsi ölkəmizdə bu sahənin prioritet məsələ olduğunu bir daha sübut edir. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquqi İslahat Komissiyası ölkədə həyata keçirilən hüquqi islahatların geniş vüsət almasına təkan vermişdir. Komissiya tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə imkan yaratmışdır.
Ölkəmizdə Ulu Öndər tərəfindən həyata keçirilən hüquqi islahatlar dövlətçiliyimizin möhkəmləndirilməsinə, sabitliyin yaranmasına və bununla da, cəmiyyətimizin gələcək inkişafında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına real şərait yaratmışdır.
Azərbaycan Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkədir
Ulu öndərimizin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, bununla da, Azərbaycan Respublikasının adı Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə kimi tarixə düşmüşdür. Bu, ölkəmizin hələ Avropa Şurasına üzv qəbul olunmadığı dövrlərdə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirmişdir.
Azərbaycanda ölüm hökmü ləğv edilən vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş nazir Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma “Talış-Muğan Respublikası”nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.
Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, “ölüm kamerası” adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla – güllələnmə ilə icra olunub. Vaxtı ilə həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar “ölüm kamerası”na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.
Bayıl həbsxanasında çalışan şəxslərin dediklərinə görə, uzun illər burada erməni millətindən olan şəxslər cəlladlıq edib. Erməni cəlladlar məhkumları xüsusi amansızlıq və əzabla öldürürmüşlər. Ötən əsrin 30-50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü-suda boğma da tətbiq edilib.
1998-ci il fevralın 22-də Ümummilli Lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, bu mühüm sənəddə insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurlu həllini tapmış, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənmiş, respublikamız bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, yeni məhkəmə sistemi formalaşmış, konstitusion nəzarət mexanizmi olan Konstitusiya Məhkəməsi yaradılmış, 2001-ci il dekabr ayının 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmiz üçün yeni bir qurum olan Müvəkkil təsisatı yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 2002-ci il 24 dekabr tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi çox mühüm əhəmiyyət kəsb etmişdir. Bu qanun həmçinin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsi vəziyyətini “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunlaşdırılması məqsədi daşımışdır.
İnsan hüquq və azadlıqlarının qorunması uğurla davam etdirilir
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması işi dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, dövlət və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına səbəb olmuşdur. Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu gün ölkəmizdə gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir. Dövlət başçısının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında 2011-ci il 27 dekabr tarixli Sərəncamı insan hüquqlarının müdafiəsi sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyır.
Dünya ölkələrində hələ də ölüm hökmü var
Dünya ölkələrində bir qayda olaraq xüsusi ağır cinayətlər üçün edam cəzaları tətbiq olunur. Amerika Birləşmiş Ştatlarında ölüm cəzası mövcuddur. 1972-ci ildə ölüm cəzasına moratorium qoyulsa da, 1976-cı ildə ABŞ Ali Məhkəməsi ştatlara ölüm hökmünün icrasına icazə verib. Bundan sonra ilk ölüm hökmü 1982-ci ildə Texas ştatında icra edilib. ABŞ-da ölüm hökmü əsasən ağır şəxsiyyət əleyhinə cinayətlərə görə verilir və icrasına görə müxtəlif formalarda olur. Ölüm hökmünün icrasının beş növü var və Yuta ştatında hətta məhkuma bunlardan birinin seçmə imkanı verilir.
1991-ci ildə İnsan Hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv olunduğu bəyan olunur. Yalnız 3 hal istisna olmaqla, ölüm cəzasının tətbiqi qadağan olunurdu. Bunlar: 1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı həyata keçirilən qiyam və kütləvi iğtişaşın qarşısının alınması üçün ölüm hadisəsinə yol verilə bilər. Ancaq eyni zamanda müasir dünya praktikasında xüsusi ağır cinayət törədən qatillər ölüm cəzasına çatdırılır. Eyni zamanda bir sıra ölkələrdə narkotik tacirləri, təcavüzkarlar, hətta bəzi məlumatlara əsasən Çinin bir sıra əyalətlərində oğrular edam cəzasına məhkum olunur.
Hazırda bir çox müsəlman ölkələrində edam cəzası hələ də məhkəmə hökmləri sırasında qalmaqdadır. İran, Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Afrikanın bəzi müsəlman ölkələri edamların tez-tez rast gəlindiyi dövlətlər sırasındadır. Bu isə daha çox həmin ölkələrin qanunlarında şəriət hökmlərinə daha çox müraciət olunması ilə əlaqələndirilir. Dünyada ən çox ölüm hökmünün müsəlman ölkəsində kəsilməməsinə, eləcə də inkişaf etmiş dünya dövlətləri olan ABŞ və digərlərinin hələ də edam hökmündən imtina etməməsinə rəğmən nədənsə məhz edam cəzalarına görə daha çox müsəlman ölkələri qınanır. Məsələ ondadır ki, İslam hüququ klassik formada 3 əsas halda edam hökmünün tətbiqinə icazə verir. Müsəlmanın canına, malına və namusuna təcavüz halında. Yəni klassik formada şəriət məhkəmələri qatilləri, zorlanma və ya qeyri-qanuni cinsi əlaqələr (nikahdankənar münasibətlər) cinayətində iştirak edənləri və nəhayət, qarətçiləri. Sonuncu bənd ev oğurluğu deyil, daha çox ticarət, ziyarət və ümumiyyətlə səfər karvanlarına hücum edən quldurları ehtiva edir. Məsələn, hazırda da Səudiyyə Ərəbistanı məhkəmələrində yol kəsən quldurlar üçün boynu vurulmaqla həyata keçirilən edam hökmü tətbiq olunur.
Bundan başqa, narkotik ticarəti edam hökmü ilə cəzalandırılır. Xüsusən də İranda narkotik tacirləri, bu bəlanın yayılmasında iştirak edənlər üçün məhkəmələrdə ölüm hökmləri çıxarılır. Bu, nisbətən yeni cinayət növü hesab olunur, ancaq bir çox ölkələrdə edamların böyük qismi “ağ ölüm” yayanlara tətbiq olunur. Qeyd edək ki, bütün dövrlərdə qiyamlar, sui-qəsdlər bir qayda olaraq edam cəzaları ilə müşayiət olunub.
İran İslam Respublikasında molla rejimi dövründə ölüm hökmünün sayı sürətlə artıb. Burada tək yuxarıda sadalananlar deyil, insanların susdurulması üçün istənilən kiçik bir yanlışlıq bahanə edilərək dar ağacı hökmü verilib. Bütün bunlar isə insanlığa təhqir, insanlığa sayğısızlıqdır.
25 ildir ki, Azərbaycanın adı ölüm hökmü verən ölkələrin sırasında deyil
Bəli, insan müxtəlif cinayətlər də törədir, adam da öldürür. Bu, onun həm ailəsində, həm də yaşadığı cəmiyyətdəki çevrəsində aldığı tərbiyədən irəli gəlir. Hər bir insan isə törətdiyi cinayət üçün cəzasını almalıdır. Lakin bir insana hansısa bir əməli üçün ölüm hökmünün verilməsi ümumilikdə isanlığa təhqirdir. Bu səbəbdən də ömürlük həbslər daha yaxşı üsuldur. Bu həbs metodu onsuz da ölüm hökmünə çox bənzəyir. Lakin insanı daha yaxşı tərbiyə edir. Ölüm hökmü bir nəfərin cinayəti qarşılığında həyata keçirilirsə, cinayətkar bir güllə ilə həyatını itirir və bu, sanki dünyada belə bir adam olmayıbmış kimi qəbul olunur. Lakin hansısa bir cinayətə görə ömürlük cəza həm cinayətkarı mənəvi əzablar məngənəsində sıxır, həm də onun ətrafındakı məhbuslar üçün dərs olur. Eyni zamanda məhkumun bütün yaxın qohum-qonşuları, əqrəbaları şəxsin nə üçün həbsxanada olduğunun səbəblərini bilirlər ki, bunun özü də yaxşı bir tərbiyə metodudur.
Beləliklə biz qürur duyuruq ki, artıq 25 ildir, Ulu Ödərimizin qətiyyətli addımı ilə Azərbaycanın adı ölüm hökmü verən ölkələrin sırasında deyil. Bu, ölkəmizdə insan amilinə verilən dəyər, insanlığa sayğı və məhəbbətin təzahürüdür. Biz bu kimi keyfiyyətlərimizlə indi dünyada tanınan dövlətlərdənik. Yaxşı ki, Azərbaycanlıyıq.
Mətanət Məmmədova