"İki ölkə arasında münasibətlər həm də humanitar sahədə inkişaf edir" - SƏDR MÜAVİNİ ŞƏRH ETDİ

9 Fevral 2023 12:52 (UTC+04:00)

"Baş verən zəlzələnin Türkiyəyə bəşəri, inzibati, iqtisadi, həm daxili, həm də xarici siyasəti baxımından çox ciddi təsirləri olacaq". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə ilk və ən genişmiqyaslı dəstək göstərən ölkələrdən biridir: "Ən son göstəriciyə görə 800-ə yaxın azərbaycanlı xilasedicilər yardım üçün Türkiyədədir. Bu, Azərbaycan və Türkiyə arasında siyasi, stratejik və bəşəri münasibətlərin səviyyəsini ortaya qoymaq baxımından çox böyük önəm daşıyır. Azərbaycan cəmiyyətinin də bu hadisəyə reaksiyası və Türkiyənin verdiyi qarşılıq göstərir ki, bu iki ölkə arasındakı münasibətlər sadəcə iqtisadi, siyasi, hərbi sahədə deyil, həm də humanitar sahədə daha da dərinləşərək davam edir".

Politoloq sözlərinə davam edərək bildirib ki, digər tərəfdən bəzi ölkələr bu prosesi həm insani, həm də siyasi məsələ olaraq qəbul etdilər: "Türkiyə ilə münasibətləri adətən neqativ çalarlarla yadda qalan ABŞ, İsrail, İran, Yunanıstan və hətta Fransa kimi dövlətlər bu prosesdə yardım etmək üçün həmlələr etdilər. Bu həm bəşəri, həm də siyasi bir məqamdır. Çünki bu addım onların Türkiyə ilə münasibətlərinə pozitivlik qatma mahiyyəti daşıyır.

Bundan əlavə, bu fəlakət Türkiyənin iqtisadi, xarici siyasi gücünə təsir edəcək. Düşünürəm ki, bu baxımdan Türkiyəyə əhəmiyyətli dərəcədə zərər verəcək. Çünki bu məsələ ciddi maliyyə gərəkdirir. Doğrudur, Türkiyə çox güclü iqtisadiyyata malik bir dövlətdir. Amma sərf olunacaq bu maliyyə vəsaiti də Türkiyənin fəallığına, qlobal siyasətdəki roluna müəyyən mənada mənfi təsir edəcək.

Eyni zamanda, bu məsələnin daxili siyasətdə göstərdiyi təsirin əks-sədaları da artıq müşahidə olunur. Bu fəlakətdən sonra Türkiyə müxalifəti hakimiyyəti vaxtında lazımi tədbirlər görməməkdə günahlandırır. Digər tərəfdən iqtidar da müxalifəti proseslərə obyektiv yanaşmamaqda, məsələni siyasiləşdirməkdə ittiham edir. Önümüzdəki bir neçə ay içərisində Türkiyədə seçki gündəmi olduğunu nəzərə alsaq, bu zəlzələ mövzusuna həm müxalifət, həm də iqtidarın reaksiyası hər iki tərəfin seçki kampaniyasının mühüm məqamlarından birini təşkil edəcək deyə düşünürəm".