Qripdən necə qorumalıyıq? - DİQQƏT! - HƏKİM İZAH ETDİ

9 Fevral 2023 10:34 (UTC+04:00)

“Mövsümlə əlaqədar qripin ən çox yayılma dövrü elə qış aylarına təsadüf edir. İsti, qapalı və kollektiv mühit yoluxuculuğu daha da kəskinləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, təəssüf ki, noyabrdan bəri başlayan xəstələnmə halları artan tempdə davam edir: “Pasientlərdən davamlı olaraq eyni sözü eşidirik "Ailəlikcə xəstələndik, 7-10 gün sonra yenə eyni əlamətlərlə təkrarlandı": “İnfluenza, digər adı ilə qrip virusu ştamm əmələgətirmə qabiliyyəti yüksək olan virusdur. Digər viruslarla birgə, klinik gedişatın daha ağır olduğu xəstələnmə hallarına səbəb olurlar. Bu prosesi körpə uşaqlar, xroniki xəstəlikləri olanlar, immunyetməzlik və onkoloji xəstəlikləri olanlar daha ağır keçirirlər".

Yüksel Hüseynli sözlərinə belə davam edib: “Pnevmoniya, otit, sinusit, ağciyər emfizeması və digər kəskin ağırlaşmalar ilə müraciətlər artır.

İlk öncə mümkün qədər yaşadığımız ev, işlədiyimiz mühitdə otaq optimal temperatur və nəmişlik də olmalıdır: 20-25 dərəcə temperatur və 40-60 % nəmişlik. Quru, isti hava nəfəs yollarımızın selikli qişasını qurudub, nəfəs yollarımızı virus və bakteriyalar üçün əlverişli mühitə çevirir və daha tez-tez xəstələnirik.

Eyni zamanda qrip və digər viruslar əsasən hava-damcı yolu ilə yoluxduqları üçün yaxın məsafədə ünsiyyət, asqırma, öskürmə və xəstə insanla eyni qapalı, havasız otaqda olma tez xəstələnməyimizə səbəb olur.

Özümüzdə və kiçik yaşlı uşaqlarda əl yuma vərdişini artırmalıyıq.

Xəstələndiyimiz halda evdə qalmalı, sağalanadək istirahət etməli, əgər xəstəlik əlamətlərini hiss ediriksə mütləq maska taxmalıyıq. Xəstə ana maska taxaraq, əllərini tez-tez yuyaraq uşağını əmizdirə bilər. Bu bilinənin əksinə körpədə həmin virusa qarşı immunitet yaranmasına səbəb olur.

Bol, isti mayelər qəbul etməli, körpələrin və özümüzün burnunu natrium xlor məhlulu ilə yumalıyıq. Uşaqların nəfəs yolları çox kiçik olduğu üçün xəstələndikdə, burun seliklə tutqun olduqda nəfəs alması çətinləşir, nəticədə əmmə, yemək yemədən imtinaya səbəb olur. Çünki kiçik uşaqlarda əsasən burun tənəffüsü olur. Ağızla nəfəs alma qabiliyyətləri zəifdir. Yenidoğulma dövründən etibarən körpələrin davamlı burun təmizliyini aparmalıyıq.

Xəstələnmə zamanı mütləq həkimə müraciət etməliyik. Çünki vaxtında müdaxilə edilmədikdə yuxarıda qeyd etdiyim ağırlaşma halları anidən baş verə bilər”.

Ayşən Vəli