"Bu zəlzələ dünyada quruda baş verən ən güclü zəlzələdir"

8 Fevral 2023 21:57 (UTC+04:00)

Yapon zəlzələ mütəxəssisi professor Şinji Toda episentri Kahramanmaraş olan zəlzələlərin dünyada quruda baş verən ən güclü zəlzələlər arasında olduğunu bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Tohoku Universitetinin Beynəlxalq Tədqiqat Fəlakət Elmləri İnstitutunun professoru Şinji Yaponiyanın “Asahi Shimbun” qəzetinə Türkiyödə fevralın 6-da Kahramanmaraşda baş verən və ümumilikdə 10 vilayətdə təsirli olan 7,7 və 7,6 bal gücündə zəlzələlər barədə danışıb.

Türkiyədəki yeraltı təkanların dünyada quruda baş verən ən güclü zəlzələlər sırasında olduğunu ifadə edən Şinji "Gözlənilməz dərəcədə güclü bir zəlzələ oldu" ifadəsini işlədib.

Şərqi Anadolu Fay Xəttinin Ərəbistan plitəsi ilə Anadolu plitəsi arasındakı sərhəddə yerləşdiyinə diqqət çəkən Şinji zəlzələnin gücü ilə yanaşı, episentrin yer səthinə yaxınlığının da böyük ziyana səbəb olduğunu qeyd edib.

Şinji zəlzələnin enerji miqdarının Yaponiyada 1995-ci ildə baş verən güclü Hanşin-Avaji zəlzələsindən və 2016-cı ildəki Kumamoto zəlzələsindən on dəfə çox olduğunu vurğulayıb.