“Həkimlərimizi tanıyın!” rubrikamızda həkim-laborantı sizə təqdim edirik

8 Fevral 2023 16:59 (UTC+04:00)

Dr.Ülkər Məmmədova Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında bioloji mayelərdə ümumi kliniki, biokimyəvi, immunoloji, seroloji, allerqoloji, koaquloji, farmakoloji, bakterioloji laborator müayinələrin aparılması və interpretasiyası ilə məşğul olur. SİA xəbər verir ki, dr.Ülkər Məmmədova 1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almış, daha sonra 2002-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində Diplomdan sonra Tibbi Akademiyada bakteriologiya ixtisası üzrə təhsilini davam etdirmişdir.

Ülkər həkim 2001-2009-cu illərdə özəl tibb həkim-mikrobioloq kimi çalışıb, 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında həkim-laborant kimi fəaliyyət göstərir.

Daim öz bilik və bacarıqlarını inkişaf etdirən Ülkər həkim davamlı olaraq ölkə daxilində və xaricində keçirilən müxtəlif elmi tədbirlərdə iştirak edir. O, 2011-ci ildə Türkiyədə Nesil Group şirkətinin təşkilatçılığı ilə Diaqnostik avadanlıqların təlim kursunda, 2018-ci ildə Azərbaycanda Nesil Group şirkətinin təşkilatçılığı ilə Azərbaycan Mikrobioloji Simpoziumunda, 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda keçirilən elmi konfransda məruzəçi qismində iştirak etmişdir.

Dr.Ülkər Məmmədova “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanına layiq görülmüşdür. O, Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyasının üzvüdür.