"Həkimi də, polisi də, mühəndisi də biz yetişdiririk" - MÜSAHİBƏ

8 Fevral 2023 16:42 (UTC+04:00)

Bakı Dövlət Universiteti Biologiya Fakültəsi Botanika kafedrasının 25 yaşlı gənc müəllimi Əsmər Hüseynovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Gənc müəllim olmağın nə kimi üstünlükləri var?

- Adətən, insanlara belə bir sual verilir ki, “Dünyaya yenidən gəlsən, yenə bu peşəni seçərdinmi?”. Mən bu suala heç düşünmədən, “bəli” cavabını verərəm. Gənc yaşda müəllim olmaq həm böyük qürur, həm də məsuliyyətdir. Üstəlik, bu, ali təhsil ocağındadırsa. Təsəvvür edin ki, sizə dərs keçən müəllimlərlə bərabər indi sən də o auditoriyalara girirsən. Bu, böyük qürurdur.

- Sizcə, müəllim-şagird (tələbə) arasında sevgi münasibəti nə dərəcədə doğrudur?

- Əvvəla onu deyim ki, nə öz dərs dediyim dövrdə, nə də təhsil aldığım zamanlarda bu kimi hallarla qarşılaşmamışam. Universitet yetkin şəxslərin təhsil alıb təhsil verdiyi bir məkandır. Hər kəsin də fərqli bir yanaşma tərzi olur. Mənə görə tələbə və müəllim arasında mütləq sərhəd və pərdə olmalıdır.

- Rüşvətə görə işdən azad edilən müəllimlərə münasibətiniz necədir? Onlar haqqında nə düşünürsünüz?

- Deyərdim ki, son dövrün ən qlobal problemlərindən biri məhz budur. Heç bir halda təhsil sistemində belə bir mənfi halın olması qətiyyən qəbulolunmaz və yolverilməzdir. Müəllim peşəsi elə bir peşədir ki, həkimi də, polisi də, mühəndisi də biz yetişdiririk. Hətta gələcəyin müəllimini də müəllim yetişdirir. Rüşvət hesabına təhsil almış tələbə isə sabah xəstəxanalarda insan ölümləri, dağılmış binalar, cəmiyyəti bürümüş cinayətkarlar və ən əsası, savadsız yeni nəsil deməkdir. Mən belə müəllimləri kəskin şəkildə qınayıram.

- Müəllim adına kimlər layiqdir?

- Bu, olduqca qəliz sualdır. Bəlkə də yaşımla əlaqədar bu suala cavab vermək mənim üçün çətindir. Bayaq qeyd etdiyim kimi, cəmiyyəti müəllim formalaşdırır. Ona görə də bu ada layiq olmaq çətindir.

Mən başqa bir məsələyə toxunmaq istəyirəm ki, bu gün biz bəzən hansısa ticarət obyektinə daxil olduqda belə onun sahibinə "müəllim" deyirik. Həmçinin, küçədə kiməsə xitab edən zaman da "müəllim" deyirik. Bəs, bu, doğrudurmu? Təbii ki, xeyr. Belə hallara yol verilməməlidir.

- Müəllimlərin “TikTok” çəkməsinə necə münasibət bəsləyirsiniz?

- Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təbii ki, bu platformalar ildən-ilə dəyişir. Məsələn, 2010-2015-ci illərdə "Facebook" çox məşhur bir sosial şəbəkə idi. İndi isə onun yerini "TikTok" alıb. Müəllimlər də sosial şəbəkədən istifadə edə bilər. Lakin biz bu məqamda ikiqat diqqətli olmalıyıq. Bunu da maarifləndirmək məqsədi ilə etmək lazımdır ki, müəllim adının haqqını verəsən.

- Müəllim maaşı sizi qane edirmi?

- Açığı desək, dünyada baş verən iqtisadi gərginlik bizə də yansıyır. Daxilimdən gələn sevgi ilə deyirəm ki, bəlkə də mən maaş almasam belə, yenə də dərs keçərəm (gülür).

- Sizcə, müəllimlərə dövlət tərəfindən əlavə hansı şərait yaradılmalıdır? Nələr olsa daha yaxşı olar?

- İnsanın işinə verilən dəyər onu çox həvəsləndirir və ruhlandırır. Düşünürəm ki, dövlət səviyyəsində sadə bir təşəkkür belə müəllimlərə əzmlə çalışmağa enerji verir.

- Heç imtahan zamanı şagirdlərə güzəşt etmisiniz? Sizcə, bu düzgün addımdır?

- Saysız-hesabsız güzəşt etmişəm desəm, yalan olmaz. Bilirsiz, güzəştdən güzəştə çox fərq var. Tələbə də bir insan, fərddir. Ola bilər ki, o imtahandan əvvəl pis bir hadisə yaşasın, yaxud xəstə olub dərsə cavab verməsin. Bu, o demək deyil ki, o savadsızdır. İlk olaraq bunun səbəbini öyrənmək lazımdır. Bəzən tələbələrin həqiqətən 1-2 bala ehtiyacı olur. Bəzən o bir bal onların həyatını dəyişir.

- Sizcə, müəllim şagirdlərinə qarşı çox sərt olmalıdır? Şagirdlər və tələbələr daha çox hansı tip müəllimləri sevir?

- Məncə, heç kim digərinə sərt davranmamalıdır. Tələbəni təhqir etmək olmaz. Unutmayaq ki, qarşındakı səndən yaşca kiçik olsa da, o da bir şəxsiyyətdir. Bəzən müəllimin bir sözü tələbəyə ömürlük travma yaşadır. Ona görə də etik çərçivə daxilində münasibət qurulmalıdır.

Mən tələbələrimə heç vaxt sərt davranmamışam. Heç vaxt oxumayan tələbələr belə mənim dərsimə hazırlıqlı gəlir. Dərsə maraq yaratmaq bizim işimizdir. Müəllim tələbədə bir dərsə nifrət də, sevgi də yarada bilər.

- Son olaraq, bir gənc müəllim kimi bu peşəyə sahib olmaq istəyənlərə hansı tövsiyələriniz var?

- Mən arzu edirəm ki, işini sevən bir nəsil yetişsin. Əgər sadəcə, maddi qazanc üçün çalışacaqsansa, heç vaxt əsl müəllim ola bilməzsən. Bütün gənclərə uğur arzu edirəm.

Ayşən Vəli