Sanksiyalar zəlzələnin nəticələrini aradan qaldırılmağı çətinləşdirir

8 Fevral 2023 00:38 (UTC+04:00)

Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar zəlzələnin nəticələrinin aradan qaldırılmasını çətinləşdirir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ərəb Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Zəlzələ ilə üzləşən suriyalılar dağıntıları əlləri ilə təmizləmək məcburiyyətindədirlər, onlar ən sadə alətlərdən istifadə edirlər, çünki Amerikanın sanksiyaları səbəbindən lazımi avadanlıq onlara çatmır”.

Qeyd edək ki, bunu Suriya Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik ABŞ rəsmilərinin ölkəyə qarşı sanksiyaların humanitar yardımın göstərilməsinə mane olmadığı barədə iddialarını təkzib edib.

Belə ki, xarici işlər naziri Feysəl Mikdad, ölkəyə qarşı qüvvədə olan sanksiyaların ölkənin başına gələn fəlakəti daha da gücləndirdiyini deyib.

Mikdadın sözlərinə görə, Suriya hökuməti fəlakətin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə dəstək olmaq üçün hər cür səy göstərir, lakin köməyə ehtiyacı var. Bununla bağlı o, Suriyaya xilasedicilər və humanitar yardım göndərən bütün ölkələrə təşəkkür edib, həmçinin Avropa dövlətlərinə müraciət edərək Dəməşqə də yardım göndərilməsini istəyib. Bundan əlavə, o, Suriya hökumətinin Suriyanın bütün bölgələrinə humanitar yardımların terrorçuların əlinə keçməməsi şərti ilə icazə verməyə hazır olduğuna işarə edib.

Ağasəf Babayev