Türkiyədə zəlzələ: 5434 nəfər həlak olub, 31 mindən çox insan yaralanıb

7 Fevral 2023 22:51 (UTC+04:00)

Türkiyədə zəlzələ qurbanlarının sayı 5434 nəfərə çatıb, 31 min 777 nəfər xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

20:53

Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.

Bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, 8 mindən çox insan dağıntılar altından xilas edilib.

20:04

Türkiyədə zəlzələ qurbanlarının sayı 3703 nəfərə çatıb, 22 min 286 nəfər xəsarət alıb.

Anadolu agentliyi xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

16:07

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.

TRT telekanalı xəbər verir ki, zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

On vilayətdə üç aylıq fövqəladə vəziyyət elan olunub

Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

13:00

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.

Bu rəqəmləri Türkiyə prezidentinin köməkçisi Fuat Oktay TRT telekanalında açıqlayıb. Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkən 10 vilayətdə 12 min 181 xilasedici fəaliyyət göstərir. Digər ölkələrdən 3 min 294 xilasedici gəlib. İndiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tam gücü ilə davam edir.

10:56

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə, yaralananların sayı 20 min 426 nəfərə çatıb.

TRT telekanalı xəbər verir ki, yeni rəqəmləri Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) nümayəndəsi Orhan Tatar açıqlayıb. Onun sözlərinə görə, 10 vilayətdə ümumilikdə 5 min 775 bina çöküb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.