Yanındayıq, Türkiyəm! Yanındayıq

7 Fevral 2023 21:37 (UTC+04:00)

Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı silkələdi. Gecənin bir yarısıdır. İkinci gecədir hamımız oyağıq.Türkiyəmizlə birlikdə yaşayırıq bu ağrını, bu əziyyəti, bu çətinliyi, bu kədəri... Qəlbimiz, gözümüz Türkiyəyə köklənib. Ölüm sayı 4500-ü ötüb, 26721 yaralı var, 6000-ə yaxın ev yerlə yeksan olub... Çox heyif... İllərdən bəri acılı şirinli günlərimizdə hər zaman yanyana olduğumuz kimi, bu gün də Türkiyəmizin çətin anlarında birlikdəyik, ayaqdayıq! İnşallah bu son çətinliyimiz olar! Bir daha torpaqlarımız dağılmasın, evlərimiz yıxılmasın!

Neçə gündür qanı bir, canı bir qardaşlarımızın yaşadığı digər ölkədə-İranda, Güney Azərbaycanın Urmiya, Xoy şəhərlərində baş verən zəlzələdən sonra insanlar çarəsiz vəziyyətdədir. Dövlət bu insanları sanki unudub... Onlar bizdən-inandıqları, sevdikləri Azərbaycandan - imdad diləyirlər. Təəssüf ki, rejim yardım əlimizi təşəkkür edib, qəbul etmək yerinə geri çevirir, əvəzində bizə terrorla meydan oxumağa çalışır... Amma bu da gəlib, bu da keçəcək!..

Tarixi Qarabağ ədalətimizi bərpa etdik! İndi sıra bütün tarixi həqiqətlərimizi sırayla bərqərar edib, öz yerinə qoymaqdadır! Türkiyə-Azərbaycan birlikdəliyi ilə başlanan uzun, amma İnamlı Yol bizi mütləq daha aydın sabahlara qovuşduracaq! Buna inamımız şəksizdir! Yanındayıq, Türkiyəm! Yanındayıq, atam, anam, bacım,qardaşım, oğlum, qızım!

Allahdan bir daha zəlzələdə həyatını itirənlərə rəhmət, yaralılara səhhət, can Türkiyəyə güc, qüvvət diləyirik!

Jalə Əliyeva
Millət vəkili
MM-un Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini