Ukrayna Türkiyəyə 87 nəfərlik axtarış-xilasetmə qrupu göndərir

7 Fevral 2023 20:06 (UTC+04:00)

Fevralın 7-də Ukraynanın Baş naziri Denis Şmıqal zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyə Respublikasına yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Onun sözlərinə görə, axtarış-xilasetmə qrupu Ukraynadan yola düşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna hökumətinin saytı məlumat yayıb.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin axtarış-xilasetmə qrupu An-32 və An-26 təyyarələri, eləcə də avtomobillərlə zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün Türkiyəyə yola düşəcək. Birləşmiş axtarış-xilasetmə qrupuna 87 nəfər, o cümlədən 10 nəfər təyyarə ekipajının üzvləri daxildir.

Bundan başqa, Şmıqal İqtisadiyyat və Maliyyə nazirliklərinə birlikdə zəlzələdən sonra Türkiyə Respublikasına yardımın göstərilməsi ilə bağlı xərclərin ödənilməsi məsələsini işləyib hazırlamaq tapşırıb.