Ermənistanın dirəndiyi DALAN – TƏHLİL

7 Fevral 2023 18:10 (UTC+04:00)

Onsuz da vəziyyəti gündən-günə ağırlaşan bir ölkə olan Ermənistanda fikir ayrılıqları, qütbləşmə hələ də hökm sürür və nə vaxta qədər davam edəcəyi bəlli deyil. Əks halda, hansısa bir məxrəcə gələrək ölkələri üçün doğru, düzgün yolu seçə bilərdilər. Bunun isə əksini müşahidə etməkdəyik. İndi erməni “başbilənləri” arasında Azərbaycanla, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq haqqında təkliflər verən də tapılır, amma onların sayı çox azdır və əksəriyyətinin başı bilən kimi görünmür deyə həmin ölkə dalana dirənib, nə edəcəyi, hansı yolu tutacağı barədə qərara belə sahib deyil.

Bir neçə gün əvvəl, daha dəqiq desək, 3 fevral tarixində hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan İrəvanda keçirilən parlament dinləmələrində guya “Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadaya alınması” mövzusunda çıxış edərkən bir sıra məqamlara toxunub və ölkəsi üçün məsləhətlər də verib, hansı ki, bütün bunlara diqqət yetirmək maraqlıdır, yerinə də düşür. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının, eləcə də Ermənistanın iqtisadi inteqrasiya layihələrində iştirakının tərəfdarı kimi çıxış edən bu deputat Paşinyan komandasının bir növ ideya daşıyıcılarından biri kimi tanınır və görünür, erməni baş nazir onun köməyi ilə erməni cəmiyyətinin “əhval-ruhiyyəsini”, bu cəmiyyətin Bakı və Ankara ilə yaxınlaşmağa hazır olub-olmadığını araşdırmaq istəyir. Axı Paşinyan heç də onun fikri ilə razılaşılacağına əmin deyil və əks tərəfdən qorxduğu da bəllidir. Diqqətə çatdırmaq yerinə düşərdi ki, həmin Arsenyan Türkiyənin Ermənistanı heç vaxt təhdid etmədiyini və Gümrüdəki rus bazasının məqsədinin “Ermənistanı qorumaq deyil, Rusiya tərəfindən Türkiyənin təhdid edilməsi” olduğunu cəmi bir neçə həftə əvvəl də bəyan etmişdi. Buradan da bəlli olur ki, Paşinyan və onun komandası ictimai fikirdə nə isə formalaşdırmağa çalışması fonunda Ermənistan müxalifətindən bərk qorxur. Deməli, hələ də müxalifət axmaq ideyaları, məsələn, revanşist ideyaları daşımaqdadır və işğalçı ölkənin baş naziri də bunu yaxşı başa düşür deyə çıxılmaz, hətta çox çətin vəziyyətdədir.

Çətin vəziyyətdə olan təkcə Paşinyan deyil, bütövlükdə Ermənistandır, bu ölkə ictimiyyətidir, çünki uzun müddətdir ki, beyinləri, təfəkkürləri çürük ideyalarla zəhərlənib. Həmin o çürük ideyalar, başqalarına məxsus olanı mənimsəmək, özününküləşdirmək, təkəbbürlülük kimi bir zəhər bu ölkəni işğalçılığa, separatçılığa sürükləyir. Ona görə də heç zaman sülh barəsində düşünmək fikri formalaşmır və indi bu zəhərin zərdabı tapılmasa, bu ölkədə nə sabitlik, nə stabillik, nə inkişaf, nə sağlam mühit olmayacaq. Məhz bu zəhər, çürük ideologiya Ermənistanı sıxışdırıb çıxılmaz vəziyyətə salıb və bir növ dalana dirəyib. Bu ölkə nə sülh, əmin-amanlıq, rahat, stabil yaşayış, qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması barədə düşünə bilir, nə də öz vəziyyətini belə normallaşdırmaq imkanına sahib deyil.

Haqqında bəhs etdiyimiz deputat, “Mülki Müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan İrəvanda keçirilən parlament dinləmələri zamanı öz çıxışında qeyd edir ki, Ermənistan müxalifəti davamlı olaraq Qarabağda yaşayan ermənilərin taleyi barədə guya narahat olduğunu bəyan edir, amma Ermənistanda yaşayan ermənilərin taleyi həqiqətən də onları maraqlandırmır. Həqiqətən də çox təzadlı bir məqamdıq ki, bu ölkədə revanşizm deyə bağıraraq, Qarabağda yaşayan 25-30 min erməninin taleyini guya düşünənlər ölkələri daxilindəki 2-3 milyon insanın vəziyyətini heç düşünmürlər. Yaxud, belə bir sual ortaya çıxır ki, öz ölkəsində yaşayan milyonlarla erməninin taleyini, acınacaqlı vəziyyətini, görünməyən gələcəyini düşünməyənlərin qonşu ölkəyə, Azərbaycana məxsus Qarabağ ərazisində məskunlaşan bundan yüz dəfə az sayda erməni əsillinin vəziyyətini düşünməsi inandırıcı ola bilərmi? Əlbəttə, ola bilməz və bu zaman daha bir sual peyda olur ki, bəs o zaman həmin o Ermənistan müxalifətinin, revanşist ideyaları təbliğ edənlərin, məqsədi nə ola bilər? Təbii ki, erməni cəmiyyətinin beynini yenə də zəhərləmək və bulanıq suda balıq tutmaq, yəni öz məqsədlərinə nail olmaq. Məhz Ermənistanın dirəndiyi dalan da bax budur.

Əgər bir ölkənin istər müxalifəti, istərsə də hakimiyyəti həmin ölkənin vətəndaşlarının vəziyyətini düşünmürsə, əksinə, öz dividentləri naminə öz maraqlarından çıxış edirsə, həmin ölkənin halı çox acınacaqlıdır. Gələcəyi belə qaranlıq görünür. Bu bir reallıqdır ki, İrəvanla Bakı və Ankara arasında münasibətlərin normallaşdırılması həm Ermənistan dövlətinin, həm də bu ölkənin vətəndaşlarının maraqlarına xidmət edir. Dalana dirənən Ermənistan üçün qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, iqtisadi əlaqələri bərpa etmək, bununla da stabilliyini, sabitliyini və gələcək inkişafını təmin etmək daha vacibdir, nəinki həmin o qonşu ölkələr üçün. Azərbaycanın da, Türkiyənin də kifayər qədər inkişaf tempi, iqtisadi əlaqələri var və bu ölkələrin Ermənistana heç bir ehtiyacı yoxdur. Əksinə, Ermənistanın özünün qonşu ölkələrlə əlaqələrin normallaşdırılmasına ehtiyacı var, özü də həddindən çox. Bax bunu qəbul etməyən ermənilər öz ölkələrini dalana dirəmiş olurlar. İstər Ermənistanın hakimiyyəti, istərsə də onun müxalifəti bu reallıqdan çıxış etmədikcə, ksenofobiya hökm sürdükcə həmin ölkə daha böyük sürətlə uçuruma yuvarlanır.

Erməni cəmiyyəti özgə torpaqları barədə uydurma xəyallar qurmağa və Qarabağ erməniləri üçün guya “narahat olmağa” davam etdiyi vaxt Ermənistan vətəndaşları yaşayışlarını təmin etmək üçün bu ölkəni tərk edirlər, çünki həmin ölkədə yaşaya bilmirlər. Yoxsulluq, açıqnacaqlı vəziyyət Ermənistan vətəndaşlarını öz ölkələrini tərk etməyə vadar edir. Niyə həmin ölkənin “başbilənlərini” bu heç narahat etmir? Yaxud, erməni cəmiyyəti niyə öz ölkəsində baş verənlərin, köklü problemlərin qayğısına qalmır, bu barədə düşünmür, amma qonşu ölkənin ərazisində məskunlaşan etnik ermənilər haqda düşünməli olur? Əslində, onların vəziyyəti barədə narahat olmağa dəyməz, çünki onlar yoxsulluq və səfalət içərisində olan Ermənistanın deyil, tezliklə inkişaf etmiş, güclü, qüdrətli Azərbaycanın vətəndaşı olacaqlar, monoetniklik yaradan zəhərdən azad olaraq, multikultural cəmiyyətdə yaşayacaqlar və onların rifahı da yaxşılaşacaq. Vay o hayların hayına ki, bundan sonra hələ də çürük ideyalarla zəhərlənməkdə davam edirlər və zombiləşmiş şəkildə hələ də özlərini, öz ölkələrini dalana dirəməkdədirlər.

Xatırladaq ki, bir zamanlar Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyan, zamanın Ermənistanın əleyhinə işlədiyini, ermənilərin zəbt etdikləri torpaqların geri qaytarılmasının labüdlüyünü bəyan edəndə bu ona hakimiyyətini itirməsi, prezident vəzifəsindən uzaqlaşması bahasına başa gəldi və görünür Nikolu qorxuzan da elə budur. Belə çıxır ki, strateji baxışa malik olan yeganə erməni siyasətçi məhz o olub və dedikləri indi özünü göstərir. Təbii ki, əgər erməni cəmiyyəti bunu görmək istəsə. O, bəyan edirdi ki, Azərbaycan iqtisadi cəhətdən güclənərək Qarabağı geri qaytaracaq və beynəlxalq hüquq, eləcə də ictimaiyyət tərəfindən də dəstəklənəcək. Belə də oldu, amma onun dedikləri görünür hələ də erməni cəmiyyətinə aydın olmadı və hələ də axmaq ideyalarla bu ölkənin işğalçılıq siyasətindən xilas olmasına, qonşu dövlətlərlə normal münasibətlər qurmasına mane olan çürük ideologiya hökm sürməkdədir. Elə bu da həmin ölkəni dalandan xilas olmağa qoymur.