Cansız məzara qəsd insanlığa təcavüzdür – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

7 Fevral 2023 17:59 (UTC+04:00)

XIII əsrdə yaşamış Azərbaycan şairi İzzəddin Həsənoğlunun Xorasan şəhərində yerləşən məzarının dağıdılması İranın mürtəce, insanlığa xas olmayan, anti-Azərbaycan siyasətinin nəticəsidir. Bu sözləri Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bir neçə il bundan əvvəl də şairin məzarı dağıdılmış, lakin ötən il milli ziyalılar tərəfindən məzar yenidən bərpa edilmişdi.

“Təəssüf doğuran haldır ki, islami dəyərlərdən, axirət dünyasından, ruhların aliliyindən dəm vuran İranın hakim dairələri böyük bir şairin ruhunu cəzalandırmaqdan, sarsıtmaqdan, məzarına qəsd etməkdən belə çəkinmirlər. Onlar türklərin, azərbaycanlıların adı, abidəsi olan hər şeyi məhv etməyə çalışırlar. Azərbaycanın faşist Ermənistan üzərində tarixi qələbəsindəndən sonra, dövlətimizin güclənməsini, beynəlxalq aləmdə tanınmasını istəməyən molla rejimi xalqımız və dövlətimiz üçün əsl düşmənə çevrilibdir. Daim təcavüzkar ermənilərin yanında olan və qatillərə maddi-mənəvi dəstək verən İranın hakim dairələri Azərbaycanın Tehrandakı səfirliyinə hücum təşkil etməklə, bir nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olmaqla və hadisə təşkilatçıları cəzalandırmamaqla, hadisələrə obyektiv qiymət verməməklə özlərinin terrorçu mövqelərini aydın göstərdilər.

Onlar bu gün cansız məzara terror etməklə, daşları təcavüzə məruz qoymaqla özlərinin eybəcər sifətlərini dünyaya bir daha nümayiş etdirir və bundan qürur duyurlar. Ancaq İran hakimiyyəti sərhədlərimizdə hərbi təlimlər keçirməklə, səfirliyimizə hücum etməklə, dilsiz məzarları təcavüzə məruz qoymaqla, anti-Azərbaycan təbliğatını gücləndirməklə dövlətimizi, xalqımızı qorxuda, haqq yolundan çəkindirə bilməzlər. Onlar bilməli və dərk etməlidirlər ki, Azərbaycan Prezidenti qüdrətlidir, cəsarətlidir, sülhün, əminamanlığın, haqqın-ədalətin tərəfdarıdır. Azərbaycan ordusu qalibdir, əyilməzdir, mətanətlidir. Xalqımız həmrəydir və düşmənə cavab verməyə qadirdir. Biz cansız məzarlara, daşlara, əlsiz-ayaqsızlara təcavüz, qəsd etmirik. Xalqımız daşlara, cansızlara can verir, qurur, tikir, inkişaf edir və qələbələri ilə qürur duyur. İran bunun fərqində olmalıdır”, deyə millət vəkili Tahir Rzayev bildirib.