Latın Amerikası ölkələrindən Türkiyəyə dəstək və həmrəylik mesajları

7 Fevral 2023 17:54 (UTC+04:00)

Episentri Kahramanmaraş olan 10 əyalətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Latın Amerikası ölkələrinin dövlət başçıları dəstək və həmrəylik mesajları veriblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Meksikanın xarici işlər naziri Marselo Ebrard tviter hesabından etdiyi paylaşımda prezident Andres Manuel Lopez Obradorun göstərişi ilə Türkiyeyə axtarış-xilasetmə qrupunun göndəriləcəyini bildirərək, “Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bir neçə saat sonra Türkiyeyə getmək üçün hərəkət edəcək” deyib.

Venesuela prezidenti Nikolas Maduro da özünün tviter hesabından etdiyi paylaşımda qardaş Türkiye və Suriya xalqı ilə həmrəy olduqlarını bildirərək “Qurbanların ailələrinə, Türkiye və Suriya xalqına başsağlığı veririk” deyib.

Argentina prezidenti Alberto Fernandez sosial media hesabından verdiyi açıqlamada Argentinanın çox sayda insan itkisinə görə Türkiye və Suriya xalqları və dövlətləri ilə həmrəy olduğunu bildirib.

Boliviya Prezidenti Luis Arce tviter hesabından etdiyi paylaşımda Türkiye və Suriya ilə tam həmrəy olduqlarını vurğulayaraq “Boliviya Dövləti həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralılara tezliklə şəfa diləyir” ifadəsini işlədib.

Kolumbiya prezidenti Qustavo Petro da sosial media hesabından verdiyi mesajda Türkiye və Suriya xalqı ilə həmrəy olduqlarını ifadə edərək, Xarici İşlər Nazirliyinin konkret yardım üçün müvafiq qurumlarla əlaqə saxladığını qeyd edib.

Qvatemala Prezidenti Alejandro Giammattei tviter hesabından etdiyi paylaşımda türk xalqı və hökuməti ilə həmrəy olduqlarını ifadə edərək, "Minlərlə insanın həlakına səbə olan dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı veririk və dualarımızı bildiririk. Ürəyimiz sizinlədir” deyib.