QHT rəsmilərinin Türkiyədəki zəlzələyə baxışı - SORĞU

7 Fevral 2023 17:33 (UTC+04:00)

Məlum olduğu kimi, ötən gecə qardaş Türkiyənin cənub-şərq bölgələrində dəhşətli zəlzələ baş verib. Zəlzələdə ölənlərin sayı hər keçən saat daha da artır. Azərbaycan dövləti də bu çətin anda Türkiyəyə dəstəyini əsirgəmir. Xalqımız da qardaş dövlətin kədərinə şərikdir. SİA mövzu ilə bağlı Qeyri-Hökumət Təşkilatları rəhbərləri arasında sorğu keçirib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli: “Fevralın 6-da qardaş Türkiyədə baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ bizi də çox sarsıtdı. Mən öncə təbii fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananlara isə tezliklə sağalmalarını arzu edirəm. Hər zaman olduğu kimi, bu dəfə də qardaşlarımızın səsinə ilk səs verən biz olduq. Ümumiyyətlə, danılmaz bir həqiqətdir ki, Türkiyə-Azərbaycan qardaşlığı Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” fəlsəfəsinə əsaslanır. Məhz bundan güc alan Türkiyə-Azərbaycan qardaşlığı bütün ağır sınaqlardan üzüağ çıxıb. Sevincli günlərdə olduğu kimi, kədərli anlarda da birlikdə olmuşuq. Bu dəfə də belə oldu. Azərbaycanda dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları, iş adamları və vətəndaşlar da öz sözünü deməlidir. Bu gün qardaşlarımıza kömək lazımdır”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə: “Təbii ki, qardaş Türkiyənin acısına şərik olmalıyıq. Türkiyədə baş verənlər bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində iz buraxıb. Artıq 3500-ə yaxın həlak olan, 20 mindən çox yaralı insan, 6 minə yaxın ev dağılıbsa, əlbəttə ki, bu hadisəni kədərlə qarşılayırıq. Bizim ürəyimiz Türkiyə ilə döyünür və onlara hansı formada yardım etmək üzərində düşünürük. Xalqın adından danışmaq hüququ olan cənab Prezidentin artıq addımları bizi qürurlandırır. Xilasedicilərimiz, dava-dərman, paltar dolusu təyyarələrimiz Türkiyəyə yollanıb. Ümid edirəm ki, bu, hələ edəcəyimiz yardımın başlanğıcıdır. Türkiyəyə başınız deyil, başımız sağ olsun deyirəm. Bu zəlzələ həm də Azərbaycan xalqı üçün bir faciə törətdi. Türkiyə tarixi boyu böyük çətinliklərdən üzüağ çıxmış bir dövlət kimi, bu acının da altından qalxacaq. Allah Türkiyədə həlak olanların hər birinə rəhmət etsin, yaralılara şəfa versin”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: “Türkiyə bizim ən sədaqətli müttəfiqimizdir. Orada baş verən bu təbii fəlakət hər bir Azərbaycan türkünün ürəyində yara açıb. Xalqımız Türkiyə məsələsində çox həssasdır. Türkiyəyə ilk yardıma gedənlərdən birincisi Azərbaycan dövləti oldu. Təbii ki, bu yardımlar davam edəcək. Biz də Qeyri-Hökumət Təşkilatları olaraq nazirliyin ayırdığı hesab nömrələrinə kim nəyi bacarırsa köməklik edəcəyik. Necə ki, ən çətin anlarımızda Türkiyə bizim yanımızda olub, bugünkü gündə də biz onların yanındayıq. Türkiyə dövlətinin başı sağ olsun. Türkiyə güclü dövlətdir. Əlbəttə ki, bunun da öhdəsindən gələcək”.

“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov: “Qardaş Türkiyədə baş verən zəlzələ və çoxsaylı insan tələfatı hər bir azərbaycanlını dərindən sarsıtdı. Türkiyəyə dərin hüznlə başsağlığı verirəm. Bu haqda danışmaq çox çətindir. Bu çətin günlərdə Azərbaycan daim Türkiyənin yanındadır. Azərbaycanda ən sıravi vətəndaşdan tutmuş məmurlara qədər hər bir vətəndaş Türkiyəyə bu və ya digər şəkildə öz yardımını göstərməyə çalışır. Qeyri-Hökumət Təşkilatları olaraq biz də qardaş dövlətə istər maddi, istərsə də mənəvi yardım üçün müzakirələr aparmışıq. Əminəm ki, nə qədər ağır da olsa, böyük türk xalqı bu itkiyə qalib gələcək. Azərbaycan xalqı da Türkiyəyə lazım olan dəstəyi göstərəcək. Türkiyəyə ilk yardımı göndərən də dövlətimiz oldu. Bu, bir daha bizim qardaşlığımızı sübut edir”.