Terror aktları: siyasi, ekoloji və etnik TƏHLİL

7 Fevral 2023 16:47 (UTC+04:00)

Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünyamızda buna tez-tez təsadüf edirik. Terrorizm haqqında birmənalı tərif olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi oluruq. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. İstər etnik, istər siyasi olsun. Ermənistan tərəfindən etnik terrora məruz qalmış Azərbaycan xalqına qarşı törədilən əməllər insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb. 44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində təkcə Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanmışdır. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılmışdı. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəymişdir. Mülki əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Ona görə də, Ermənistanın beynəlxalq qurumlar qarşısında cavab verməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı və tarixi ədalət bərpa olundu. Təcavüzkar ermənilərin çirkin siyasətləri iflasa uğradı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Azərbaycan QALİB oldu.

BİOENERGETİK VARLIQ OLAN İNSAN TƏBİƏTLƏ BİRGƏ TƏMASDADIR

İnsan təbiətin bir parçası, bir hissəsi və onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan təbiətlə birgə təmasdadır, yaşayır və inkişaf edir. Demək, təbiətsiz canlı varlıqlar, insan məhv olar. Təbiətə gözəllik, yaraşıq verən, onu zənginləəşdirən isə meşələridir. Bu da bizim sağlamlığımız üçün çox vacib şərtlərdən biridir. Biz yaşıllığı nə qədər çox artırsaq hava o qədər təmiz olar, meşələrin qırılması təbiətin məhvi deməkdir. Meşələrin qırılması oksigenin azalmasına, ekologiyanın pozulmasına gətirib çıxarır ki, bu da təbiətin məhvi deməkdir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...".

"54 MİN HEKTAR MEŞƏ FONDU MƏHV EDİLİB, QIRILIB VƏ BU, ERMƏNİ CİNAYƏTİNİN NÖVBƏTİ NÜMUNƏSİDİR"

Ölkəmizdə təbiətə, meşələrə münasibət dövlətimiz tərəfindən hər zaman diqqətdə olub. Ekolji tarazlığı qorumaq baxımından diqqətdə saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2003-cü il tarixli Sərəncamı ilə meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq olunmuşdur. Bu proqrama əsasən, ildə orta hesabla 10 min hektar sahədə yeni meşələr salınıb və meşə bərpa tədbirləri həyata keçirilib. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi, mədəni, müdafiə sahəsindəki inkişafında da əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyanlar vurulub. Belə ki, 30 ilə yaxın bir zamanda işğalda olan Kəlbəcər, Laçın, Zəngilan kimi ərazilərdə meşələr vəhşicəsinə qırılaraq talan edilmişdir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir". Dövlət başçısı azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqların da olduğunu bildirib: "Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb".
Əlbəttə ki, ermənilərin Azərbaycanın flora və faunasına vurduğu ziyan canlı təbiətə böyük bir zərbədir və bu vəhşilikdir. Bir ağacı becərmək, ərsəyə gətirmək onilliklərin hasabına mümkün olduğu halda, bir neçə saat ərzində canlı təbiətə təcavüz edən ermənilər onu məhv edirlər. 1969-cu ildə yaradılan Qubadlı Dövlət Təbiət Yasaqlığının 1988-ci ildə sahəsi 8500 hektar olduğu halda, 2020-ci ildə bu 6923 hektar olub. 1577 hektarı erməni təcavüzkarları dağıdaraq, bunu talan ediblər. Laçın Dövlət Təbiət Yasaqlığı. Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı erməni təcavüzünə məruz qalıb.
Kəlbəcər ərazisində adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələr var. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə qırılaraq mebel istehsalı üçün Ermənistana göndərilmişdi. Erməni separatçı qüvvələri tərəfindən ekoloji tarazlığın pozulmasını əks etdirən reallıqlardan biri hələ sovetlər birliyində yaşadığımız illərdə Ermənistan tərəfindən Qarabağın Topxana meşəsində qiymətli ağacları vəhşicəsinə qırılması faktıdır.
Erməni təcavüzkarları işğal illərində Azərbaycanın meşə örtüyünün sistemli şəkildə məhv edilməsindən "doymayan" ermənilər 44 günlük müharibə zamanı Qarabağın ekologiyasına bir daha zərbə vurdular. Ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi. Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək, Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar.
Bütün bunlara baxmayaraq, Azərbaycana məxsus olan və təbiətin sağlamlığına təsirini göstərən qoruq və yasaqlıqlar bu gün yenidən bərpa olunacaq.

ZOD MƏDƏNİNİN İSTİSMARI NƏTİCƏSİNDƏ TƏKCƏ 2019-CU İLDƏ 52 MİLYON ABŞ DOLLARI QAZANIB

Onu da bildirək ki, ermənilər Azərbaycan işğal altında olan bütün əraziləri kimi, Kəlbəcəri də dağıtmış, onun tarixi abdidələrini darmadağın etmişdir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngin olan diyardır. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il idi ki, Ermənistan respublikası tərəfindən talan edilirdi. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcud olub. Ermənilər bu ehtiyatlardan daha çox qızılı talan ediblər. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb.
Qeyd etdiyimiz kimi, biz təbiətin bir parçasıyıq. Onu qorumaqda hər kəs məsuliyyətlidir. Ölkəmizi, dünyamızı yaşıllıqlara qərq etməliyik. Əbəs deyil ki, müasir dünyamızı narahat edən məsələlər sırasında zəngin və fərqli ətraf mühitin, planetimizin qorunması diqqətdədir. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr ətraf mühitlə bağlı problemlərin həllində maraqlıdırlar. Dünyada yaşayan insanlar ekoloji problemlərə xüsusi önəm verərək planetimizə görə məsuliyyət daşıyırlar. Bioloji müxtəlifliyin, həyatımızı sağlam, maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına hər kəs, bütün dünya ictimaiyyəti töhfələrini verməlidir.

"DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRƏ QARŞI TERROR HÜCUMU QƏBULEDİLMƏZDİR!"

Azərbaycan xalqı zaman-zaman terror aktlarından əziyyət çəkib. Bu günlərdə Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücum Azərbaycan ictimaiyyəti tərəfindən kəskin hiddətlə qarşılandı. Bu terror aktının sülhsevər siyasəti ilə dünyada tanınan Azərbaycanın səfirliyinə qarşı törədilməsi bir cinayətdir. Bu hücum beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumun olması nəticəsində mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi və səfirliyin iki nəfər mühafizə əməkdaşının da hücumun qarşısını alarkən yaralanması terror aktıdır. Əlbəttə ki, belə bir hadisənin törədilməsində İran hakimiyyəti məsuliyyət daşıyır. Məlumdur ki, 1961-ci il aprelin 18-də qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müəyyən edilmiş müddəalara əsasən, Azərbaycan Respublikasının səfirliyinin binasının və akkreditə olmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək məhz İran dövlətinin də üzərinə düşən öhdəlikdir. Bu hadisə bir daha İranın terroru dəstəklədiyini nümayiş etdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşımda Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayaraq belə deyirdi: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!" Dövlət başçımız bu hücumu beynəlxalq hüquq normalarına sığmayan qatı cinayət olaraq qiymətləndirib. Bu terror aktı tezliklə araşdırılacaq və terrorçular öz layiqli cəzalarının alacaqlar. İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri baş verib. Vurğulamaq yerinə düşər ki, son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyası aparılır. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə və regionda yaranan reallıqlar fonunda ölkəmizin inkişafını bir sıra dövlətlər kimi İran da həzm edə bilməyib. İranın Ermənistana açıq dəstək ifadə etməsi, rəsmi səviyyəli səfərlər bu dövlətin anti-Azərbaycan siyasət yürütdüyünü açıq-aydın göstərir. Hüqüqi və demokratik dövlət olan Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

"AZƏRBAYCAN VAHİDDİR, SƏRVƏTİNƏ SAHİBDİR!"

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyasının başlanmasında artıq iki aya yaxın vaxt ötür. Ekofəallar hər gün olduğu kimi, səhəri Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa edirlər. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan milləti qoruyacaq sərvəti!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekocinayətə son!" kimi şüarlar səsləndirirlər. Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.Xalqımız dünya tərəfindən tanınan ərazi bütövlüyümüzün praktikada həyata keçirilməsini təmin etmək istəyir. Orada baş verən iqtisadi terrora rəvac verməyə çalışanlara, silah-sursat daşıyanlara öz etirazını bildirir. Xalqımız faydalı qazıntlarımızı vəhşicəsinə talayanlara dünya ictimaiyyətinin münasibət bildirməsini tələb edir. Qarabağda aranı qarışdıran A.Arutunyan, R.Vardanyan kimi şərəfsiz ünsürlər dünya ictimaiyyəti qarşısında cavab verməlidirlər. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloqların etiraz aksiyası artıq iki aya yaxındır ki, Laçın-Xankəndi yolunda baş tutan bu aksiya bir daha xalqımızın monolit birliyini sübut edir.Sülhməramlıların rəhbərləri və havadarları susmağa üstünlük verdilər. Özlərini dünyaya məzlum, yazıq xalq kimi təqdim edən ermənilər isə məntiqsiz bəyanatlarla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Torpaqlarının işğaldan azad olunması üçün üç mindən artıq şəhid verən xalqımız bugün bu talana "dur!" deyir.

Nəzakət ƏLƏDDİNQIZI