ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə birinci yeri tutub

7 Fevral 2023 16:43 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaş̧lara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirməsinin nəticələrini açıqlayıb. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmədə əvvəlki dövrlər üzrə nəticələrini daha da artıraraq 88% nəticə ilə birinci yerdə qərarlaşıb.

Beləliklə, 2019-cu ilə dair qiymətləndirmədə 20-ci yerdə olan Nazirlik 2020-ci il üzrə 5-ci yeri, 2021-ci il üzrə 2-ci yeri, bu gün açıqlanan yeni qiymətləndirmədə isə ilk yeri tutub.

Bu nailiyyət Nazirlik tərəfindən əhaliyə xidmətlərin keyfiyyətinin artırılması, o cümlədən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin aparıldığı istiqamətlərdə(müraciət, xidmətdən yararlanma imkanlarının inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, vətəndaşların məlumatlandırılması, elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi və s.) son illər aparılan ardıcıl islahatların növbəti uğurlu nəticəsidir.

“ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirməsi 24 mərkəzi icra hakimiyyəti orqanının 254 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 171 xidməti və 9 hüquqi şəxsin 74 xidməti daxil olmaqla, ümumilikdə 499 xidməti əhatə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmənin əhatə etdiyi xidmətlərinin sayına görə də (22 xidmət) ilk yerdə olub.

Mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə BMT tərəfindən yüksək qiymətəndirilib.