Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır ŞƏRH

7 Fevral 2023 16:41 (UTC+04:00)

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra səmərəli, çoxvektorlu xarici siyasət həyata keçirir. Avropa vektoru mühüm istiqamətlərdən biridir.Azərbaycanın Avropa İttifaqı məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Rumıniyadır. Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən birinə çevrilib.

Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib.

Azərbaycanın və Rumıniyanın yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli siyasi dialoqun artan dinamika ilə inkişafına müsbət təsir göstərir. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Azərbaycan Prezidentinin Rumıniyanın rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Bəhs olunan səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Vurğulayaq ki, bəhs olunan Bəyannamə Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə strateji tərəfdaşlığa dair imzaladığı ilk belə sənəddir.

2022-ci ilin oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb. Görüşdə dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Azərbaycanın dövlət başçısının dost Rumıniyaya növbəti səfəri 2022-ci ilin dekabrın 17-də baş tutub. Səfər çərçivəsində Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.Aparılan müzakirələrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu məmnunluqla diqqətə çatdırlıb. Həmçinin SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyi vurğulanıb, bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qarşılıqlı əməkdaşlıq münasibətləri çərçivəsində cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri baş tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti KlausYohannis mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Dövlət başçısı bildirib ki, “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”.

Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Azərbaycanın SOCAR şirkətinin dost Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi məmnunluq doğurur. Hazırda Azərbaycan şirkətinin Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu fəaliyyət göstərir. SOCAR-ın dost ölkədəki işgüzar komandasında 729 işçi çalışır.Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək”.

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon Təşkilatının sədri