Azərbaycan vətəndaşlarının nəbzi Türkiyə ilə döyünür TƏHLİL

7 Fevral 2023 16:02 (UTC+04:00)

Prezident İlham Əliyev: "Bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır"

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları son zamanların hadisələrində, ən çətin məqamlarda özünü bir daha doğrultmuş oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsinin od püskürən günlərində Türkiyə dost ölkə olaraq, Azərbaycanla həmrəylik nümayiş etdirdi. Dərdimizə, kədərimizə şərik oldu. Müharibənin ilk günündən sonuna qədər "Can Azərbaycan" deyib, yanımızdan bir an belə kənarlaşmadı. Mənəvi dəstəyi, gücü ilə dünyaya səs saldı ki, Türkiyə istənilən vəziyyətdə qardaş dediyi ölkənin - Azərbaycanın yanındadır. Belə də oldu. Qələbə sevincimizi birgə yaşadıq və bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Bundan fərəhləndirici və qürurverici nə ola bilər ki? Bu gün Azərbaycan da Türkiyəyə qarşı olan sevgisi ilə onun yanındadır.

Bildiyimiz kimi, qardaş Türkiyədə baş vermiş güclü zəlzələ minlərlə insanın həyatına son qoymaqla yanaşı, onun infrastrukturuna ciddi zərbə vurub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Dövlətimizin başçısı onu da vurğulayıb ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev vurğulayıb ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Mehriban xanım Əliyevanın paylaşımında bildirilir: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!".

AZƏRBAYCAN HƏR ZAMAN QARDAŞ TÜRKİYƏNİN YANINDADIR

Qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb. Qeyd edək ki, 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə yola düşüb. Əlbəttə ki, bu gün hər bir Azərbaycan vətəndaşının nəbzi Türkiyə ilə döyünür. Bütün azərbaycanlılar bu gün orada, türk qardaşlarına hansısa bir şəkildə kömək göstərmək istəyir.

BƏŞƏR ÖVLADINA DƏHŞƏTLİ FACİƏLƏR YAŞADAN TƏBİİ FƏLAKƏTLƏR

Əlbəttə ki, zəlzələ təbiət hadisəsidir və heç bir dövlət bundan sığortalanmayıb. Tarix boyu insanlar bunun acısını yaşamışlar. Minlərlə insanların həyatına faciə yaşatmışdır zəlzələlər. Azərbaycanda müxtəlif vaxtlarda baş vermiş dəhşətli zəlzələlər insanı heyrətləndirir. Təbiət hadisəsindən bəşər övladı bu qədər əzab çəkərmi? Azərbaycanda baş vermiş ən böyük 10 zəlzələləri xatırlatmaq yerinə düşər. 1667-ci ildə 6.9 bal gücündə Şamaxı zəlzələsi nəticəsində minlərlə insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhştli zəlzələ kimi yer alıb. Şamaxı şəhəri və ətraf regionlar həmişə seysmoaktiv zona hesab olunub. Təkcə 1806-1902-ci illər ərzində şəhərdə 9 güclü zəlzələ baş verib ki, bunların ən güclüsü 1859-cu ildə baş vermiş Şamaxı zəlzələsi olub. Bu zəlzələ nəticəsində şəhər tamamilə dağılmış, çoxlu sayda insan həlak olmuş, Şamaxı quberniyasının mərkəzi Şamaxı şəhərindən Bakıya köçürülmüş və quberniyanın adı uyğun olaraq dəyişdirilmişdi. Bu zəlzələdən bir il sonra, 1860-cı ildə Şamaxıda tədqiqatlar aparan alman geoloqu və professoru German Abix Şamaxıda daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu vermişdi. Buna baxmayaraq, imperiya rəhbərliyi bu xəbərdarlıqları qulaqardına vuraraq, Şamaxı şəhərində tikinti işlərini genişləndirərək burada əhalinin sayının artmasına şərait yaradırdı. 1902-ci il zəlzələsi baş verən ana qədər şəhərdə 22.000 sakin yaşayırdı. 1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində, baş vermiş sonuncu təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə yeksan olmuş, torpağın dərin qatlarına gömülüb. Təsadüfi deyil ki, o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər. Məlumatlara görə, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kəlisa, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb. Zəlzələ nəticəsində şəhərdəki 5.000 evdən 4.000-ni tamamilə dağılmış, həmçinin Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı.

1139-cu ildə Gəncə zəlzələsi nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə, 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. 1859-cu il 5.9 bal gücündə Şamaxı zəlzələsi nəticəsində Şamaxı şəhəri tamamilə dağımışdı, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və quberniyanın özünün adı da yenilənib – Bakı quberniyası. 8. Ağdaş - 1999-cu il. 5.4 bal gücündə. Zəlzələ nəticəsində insan itkisi olmasa da, 100-dən çox ev dağılıb, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşüb. Ağdaşda və digər məkanarda baş verən zəlzələ nəticəsində Azərbaycan xalqı da bu ağrı-acını yaşayıb.

"SON CANIMIZA QƏDƏR TÜRKİYƏNİN YANINDAYIQ"

Belə bir vəziyyətdə Azərbaycanın Türkiyənin yanında olması qardaşlığa söykənir. Azərbaycan Türkiyəni bu çətin zamanında ondan qardaş əlini əsirgəməyib. Bildiyimiz kimi, 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycan qardaş Türkiyənin yanında oldu. Yanğının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım dəstələri göndərmişdir. Dövlət başçısının tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola salınmışdır. Daha sonra isə həmin ilin avqustun 1-də FHN-in daha bir yanğın-xilasetmə qrupu Türkiyəyə yola salındı. İkinci qrupa bir helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, bir təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxil idi. FHN-in yanğınsöndürmə əməkdaşlarından, hava nəqliyyatı və texnikadan ibarət qüvvələri Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə fəallıq göstəriblər. Yanğınlar zamanı həmyerlilərimizin fədakarlığı türk qardaşlarımız tərəfindən rəğbətlə qarşılandı. Yanğınlar zamanı yanan evlərdən Türkiyə bayraqlarının çıxarılması da diqqəti çəkən oldu. Azərbaycanlı yanğın söndürənlər əsl qardaşlıq, ərənlik nümayiş etdirdilər. Marmarisdə yanan evdən Türkiyə bayrağını çıxaran Fövqəladə Hallar Nazirliyinin əməkdaşı "Evə daxil oldum, baxdım ki, insan yoxdur. Bayrağı gördüm və özümlə götürdüm. İnsan necə önəmlidirsə, bayraq da o qədər önəmlidir. Son canımıza qədər Türkiyənin yanındayıq", - deyə bildirmişdir. Türkiyə bayrağı bizim bayraqdır. Azərbaycan, yaxud Türkiyə bayrağı, heç bir fərqi yoxdur. Bu, hər şeydən uca olan, dövlətin rəmznə çevrilən bayrağa münasibətdir.

Türkiyədə tüğyan edən meşə yanğınlarında azərbaycanlıların can yandırması qardaşlıq, bir can olmağımızın rəmzinin nümunəsidir. Türkiyəli qardaşlarımızın Azərbaycana qarşı münasibəti də qürurvericidir. Son günün reallıqları, sınağı bizə bir daha deməyə əsas verir ki, iki qardaş dövlətin dostluğu əbədi və sarsılmazdır. Tarixən bu, belə olub və olacaqdır. Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Türkiyə və Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluğa, qardaşlığa söykənir. Mövcud münasibətlərin böyük tarixi var. Qarşılıqlı etimada, əməkdaşlığa söykənən bu əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlərin yüksələn bir xətlə inkişafı əlbəttə ki, hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Keyfiyyətcə yeni müstəviyə qədəm qoyan münasibətlərin nəticəsində müxtəlif məzmunlu tədbirlər keçirilir və müqavilələr imzalanır. İki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələrin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. təqdirəlayiqdir. Əbəs yerə vurğulanmır ki, bu gün Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib və Azərbaycanın 44 günlük Vətən müharibəsində qardaş, dost ölkə olaraq ölkəmizin yanında olması bu münasibətlərin ali dəyərləri özündə əks etdirməsinin nümunəsi oldu. Hər zaman Azərbaycanın yanında olan Türkiyə 44 günlük Vətən müharibəsində, ölkəmizin haqq işində ona dəstək oldu. Ağrı-acını bizimlə birgə yaşadı. Zəfərimizi öz Zəfəri tək qəbul etdi. Bu gün Azərbaycan Qardaş Türkiyənin yanındadır, onunla həmrəydir və çətin günlərdə Türkiyə ilə birgə addımlayır.

Zümrüd BAYRAMOVA