Xoya yox, Suriyaya... KÖŞƏ

7 Fevral 2023 16:00 (UTC+04:00)

İran İslam Respublikasının rəsmiləri artıq Xoydakı zəlzələdən iki həftə keçməsinə baxmayaraq hələ də orada zərər çəkmiş insanlara yardım göstərmək fikrində deyillər. Əsasən azərbaycanlılar yaşayan bu əraziyə İran rəsmilərinin bu cür laqeyd münasibətinin arxasında nələr dayandığından az-çox xəbərdar olsaq da, lakin bunların heç biri əsas vermir ki, bir dövlət vətəndaşına bu qədər biganə yanaşsın.

Nə qədər yerində deyilmiş bir söz var: dost da, düşmən də acı gündə tanınar. Bu təbii fəlakətlər belədir ki, baş verdiyi andan etibarən yardım edilməzsə, insanlar olmazın çətinliyi ilə üz-üzə qalarlar. Hələ düşünəndə ki, bu cür fəlakətlər qışın belə soyuq günlərində baş verir, belə olan halda göz önünə ilk gələn insanların çəkdiyi əziyyətdir. Çünki qış fəsli onsuz da həyat üçün çətinliklər yaradır, bəs evi-eşiyi dağılmış, soyuğun-sazağın qarşısında qalmış, yeməyə çörəyi, yatmağa yeri, heç bir ərzağı, geyimi olmayan adamları düşünməmək olarmı?

İran çətinliklə qarşılaşan vətəndaşlarına özünü yaxşı tanıtdı. Zəlzələ bölgəsinə heç bir yardım göstərməməklə, üstəlik köməklik göstərmək istəyənlərə imkan verməməklə insan amilinə dəyər vermədiyini nümayiş etdirdi. Yəni bu ölkədə insana dəyər verilsəydi, əsrlərdir, orada yaşayanlar məlum zülmlərlə qarşılaşmazdılar. Ölüm hökmü və dar ağaclarından asılan kəndirlərlə ölümə yuvarlanmazdılar. Bu ölkədə haqq, ədalət olsa idi, minlərlə insanın haqqı əlindən alınmazdı. Danışan, səsi çıxan gecənin qaranlığında həbsxanalara salınmazdı. Baş örtüyünün bir az aşağı enməsi ilə görünən bir neçə tel saça görə gənc qadınların ömrü nöqtələnməzdi.

Baxmayaraq ki, ötən ildən dövlətə qarşı etiraz aksiyaları davam edir, insanlar əllərindən alınan bütün hüquq və azadlıqların qaytarılması üçün etiraz edirlər, belə bir vaxtda İranın zəlzələdən ciddi şəkildə zərər çəkib evsiz, sığınacaqsız qalan vətəndaşlarına yardım göstərməməsi məlum rejimi sona çatdırmaqdan başqa yolun olmadığını göstərir.

Son məlumata görə İranda davam edən etiraz aksiyalarında 71-i uşaq olmaqla, 528 nəfər hökumət məmurları tərəfindən öldürülüb. 19623 etirazçının saxlanıldığı və bunlardan 718-nin tələbə oldugu deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb. Ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirilib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib.

İranda son aylarda etirazçıların sayının belə sürətlə artması, molla rejimi nümayəndələrinin isə həbs və təqiblərdən əl çəkməməsi, üstəlik zəlzələdən zərər çəkən insanlara yardım göstərməməsi yeni-yeni narazılıqların yaranması ilə nəticələnir.

Son dövrlərin hadisələri fonunda İranda yaşayan azərbaycanlılara bu qədər biganə münasibət, Azərbaycan səfirliyində törədilən faciə bu rejimin dövləti, sözün həqiqi mənasında, idarə edə bilmədiyindən başqa bir şey deyil. Lakin etirazlara baxmayaraq hələ də rejimi canfəşanlıqla qoruyan dövlət nümayəndələri özlərini bu qədər etiraz dalğasından necə xilas edəcəklər, o da maraqlıdır.

Bu gün öz vətəndaşına yox, Suriyaya yardım göstərməyin isə yalnız bir adı var: utanmazlıq. Bəli, utanmayanın hər cür hərəkət etməsi mümkün olduğu kimi, İranın da vətəndaşına yardım göstərməməsi onun eynidir.

Haqq, ədalət isə heç vaxt bir küncdə qısılaraq qalmayıb. Zamanı, vaxtı gələndə itirilmiş haqq, ərşə qalxmış ədalət öz yerini tapıb. Elə molla rejimindən illərdir, əziyyət çəkən vətəndaşlarının haqqa, ədalətə qovuşması uzaqda deyil. Ümidvarıq ki, həmişəki kimi, haqq nazilər, lakin üzülməz...

Mətanət Məmmədova