Aİ-nin monitorinq missiyası Ermənistana nə vəd edir? SİYASİ RAKURS+ÖZƏL

7 Fevral 2023 15:41 (UTC+04:00)

İstər Bakı ilə razılaşdırılmamış və fransız qoxusu verən monitorinq missiyası, istərsə də digər cəhdlər sadəcə boşuna edilmiş var-gəllər olaraq qalmağa davam edəcək

Artıq bir neçə müddətdir ki, Fransanın təhriki və inadkarlığı sayəsində Avropa İttifaqının monitorinq missiyası Ermənistanda fəaliyyət göstərir. Hələ ötən ilin dekabrında Aİ-nin mətbuata verdiyi press-relizində bildirilmişdi ki, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası üçün razılıq əldə olunub. Eləcə də, Aİ-nin nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirmişdi ki, “40 ekspertin monitorinq üçün Ermənistana yerləşdirilməsi səmərəli nəticə verir”. Onun sözlərinə görə, “Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayır” və “Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda sülhə töhfə verməkdir".

Missiya hələ də revanşizm hissləri ilə alışıb-yanan, sülh prosesini müxtəlif bəhanələrlə əngəlləyən bir ölkənin maraqlarınımı qoruyacaq?

İlk baxışdan deyilişi cəlbedici görünən bu fikirlərin isə rəsmi Bakının razılığı olmadan həyata keçirilməsi istər-istəməz suallar doğurur. Məsələn, Aİ-nin monitorinq missiyası birtərəfli qaydada Ermənistanda fəaliyyət göstərməklə, yaxud Azərbaycanın mövqeyini öyrənməməklə hansı müsbət nəticələr əldə edə biləcəyini düşünür? Yaxud, ortada rəsmi İrəvanın sülh prosesini əngəlləmək maraqlarının sübuta yetirildiyi bir halda – misal üçün, 44 günlük müharibədən sonrakı müddətdə ölkəmizin ərazilərində mina təxribatları törətdiyi, yüzlərlə vətəndaşımızın mina qurbanlarına çevrildiyi bir zamanda adıçəkilən missiya hələ də revanşizm hissləri ilə alışıb-yanan, sülh prosesini müxtəlif bəhanələrlə əngəlləyən bir ölkənin maraqlarınımı qoruyacaq? Bəs ədalətli yanaşma prinsipi və beynəlxalq hüquqa əsaslanan digər məsələlər necə olacaq? Göründüyü kimi, burada növbəti dəfə pərdəarxası məqamlar üzə çıxmağa başlayır.

Yarım şəkildə hərbiləşdirilmiş missiya (?)

Bəli, Aİ-nin regionda dayanıqlı sülhün əldə olunması cəhdləri alqışlana bilər, amma bir halda – ikili standartlara yol verilmədən! Fəqət biz, yavaş-yavaş həmin ikili standartların yenidən baş qaldırdığının şahidlərinə çevrilməkdəyik. Buna isə kifayət qədər sübutlar var.

Artıq Ermənistanın özündə də etiraf olunur ki, monitorinq missiyası əvvəllər mülki missiya kimi qələmə verilirdisə, indi həmin missiya yarım şəkildə hərbiləşdirilmiş missiya olaraq fəaliyyət göstərir. Missiyanın tərkib hissəsinin artırılacağı barədə deyilənlər də sübut edir ki, Ermənistan necə deyərlər, öz ölkəsində əsl “hərbi-sülhməramlı missiya” görmək marağındadır. Bu missiyanın təmsilçiləri arasında sabiq kəşfiyyat rəhbərlərinin, təqaüddə olan generalların, keçmiş xüsusi təyinatlı polis rəislərinin çoxluq təşkil etmələri də artıq sirr deyil!

Ermənistanın məqsədləri məlumdur: təxribatlarını davam etdirmək və layiqli cavabını aldıqda Azərbaycana qarşı ittihamlar yağdırmaq - əlbəttə ki, Aİ missionerlərinin vasitəsi ilə...

Məsələ ondadır ki, Ermənistan rəhbərliyi qərbli missionerlərin nəinki silahlı toqquşmaların olduğu ərazilərdə, eyni zamanda Azərbaycanla delimitasiya olunmamış qeyri-müəyyən sərhədlər boyunca yerləşdirməyə can atır. Burada iki məqsəd var: qəsdli təxribatları davam etdirmək, Azərbaycanın dərhal layiqli cavab verəcəyi halda, yəni Ermənistanla sərhədlərində dəqiqləşdirmələr aparmağa başlayacağı zaman Aİ missionerlərini araya salmaq. Amma bu da son deyil... İrəvanın maraqlarının təməl əsasında Rusiyanın hərbi bazalarının ölkədən çıxarılması planı birincilik təşkil edir. Yəni Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını ölkə ərazisindən çıxarmaqla Ermənistandakı mövcudluğuna birdəfəlik son qoymaq. Göründüyü kimi, Nikol Paşinyan hökuməti bu vasitə ilə “əsrlərə söykənən qardaşlığı” pozmaq məqsədini açıq-aydın ortaya qoyub.

Məhz Fransanın - Ermənistanın böyük bacısının da son vaxtlardakı canfəşanlığı bu maraqlara hesablanıb. Paris xəyal edir ki, kiçik bacısı İrəvanın vasitəsi ilə Moskvanı bu regiondan çıxdaş edəcək, üstəlik, özü-öz hərbi strukturlarını baza şəklində təmin etməyə başlayacaq. Bu, həm Ermənistanın mövcud rəhbərliyinin, həm də Fransa iqtidarının birgə işləyib-hazırladıqları planlarıdır. Və maraqlıdır ki, Aİ-nin artıq hərbləşdirilmiş monitorinq missiyasında təmsil olunanlar da həmin plandan xəbərdardırlar!

KTMT-dən imtina faktı da bütün bunları isbat edir

Paşinyanın iqtidara gəlməsindən sonra KTMT-nin o zamankı baş katibi Yuri Xaçaturovun həbs olunması da qeyd edilənləri kifayət qədər təsdiq edir. Və bu gün Ermənistan publik şəkildə öz ərazisində KTMT-nin planlı hərbi təlimlərinin keçirilməsinə qarşı çıxır, müvafiq sənədləri imzalamaqdan imtina edir və s. Nikol Paşinyan açıq ifadə edir ki, onun bundan sonra Rusiya ilə ciddi bağlantıları olmayacaq, XİN başçısı Ararat Mirzoyan isə, hətta əvvəlcədən Moskvaya planlaşdırılmış rəsmi səfərlərini belə icra etmir!

Hazırda cərəyan edən hadisələr isə Rusiya ilə qarşıdurma məsələsində kulminasiyanın çox yaxında olduğunu göstərir. Bu “hekayənin” sonunun isə, ümumiyyətlə, erməni dövlətçiliyi üçün faciəvi bitəcəyini bəri başdan ehtimal etmək heç də çətinlik yaratmır.

Yeri gəlmişkən, Rusiyanın XİN başçısı Sergey Lavrovun bu günə qədər səlis ifadə etmədiyi ifadələrini açıq və qəti şəkildə bəyan etməsi – yəni Ermənistanın 30 il boyunca Azərbaycan torpaqlarını işğala məruz qoyduğunu vurğulaması hələ ki, atılan ilkin addımlardır. Rusiyanın Gümürüdəki 102-ci hərbi bazası da hakimiyyət tərəfindən planlaşdırılmış etiraz aksiyalarına rəğmən öz yerində dayanmaqda davam edir...

Biri bir qədər az, digəri isə bir qədər çox...

Növbəti sual yaranır ki, səhv kimdədir? Rusiyanın Ermənistana uzun illər etibar etməsimi səhvdir, yoxsa Ermənistan Rusiyaya bağlanmaqdamı səhvə yol verib?

Bildiyimiz qədər Rusiya son 30 ildə dəfələrlə öz erməni “qardaşlarını” xilas edib – həm iqtisadi, həm hərbi, həm də digər məsələlərdə. Ancaq bu, sondur və bir daha erməni tərəfi həmin xilaskarlıqları görə bilməyəcək. Ona görə də səhvi elə hər iki tərəf edib, sadəcə, biri bir qədər az, digəri isə bir qədər çox...

Ermənistanla hər şey məlumdur, İranın aqibəti isə qalsın molla rejiminin öz seçiminə

Keçək daha bir məsələyə. Özü də kifayət qədər maraqlı və düşündürücü məqama. Çox maraqlıdır ki, bəs bu gün “Ermənistanın sərhədlərinin təhlükəsizliyi İranın təhlükəsizliyidir”, “Zəngəzur İran üçün qırmızı xəttdir” tipli bəyanatlar verən, Qafanda tələm-tələsik konsulluq açan, ermənilərlə farsları əsrlərin qohum xalqları elan edən İran nə edəcək? Axı Ermənistanın təkidi ilə həmin sərhədlərə regiondan kənar ölkələrin “missiyaları” gəlməkdədirlər. Üstəlik, Fransa reallığı da ortada var-gəl edir. Ona görə də ehtimal etmək olar ki, müşkülə düşən yalnız Ermənistan deyil, elə İran da məngənəyə düşür. Amma Ermənistanın aqibətinin necə olacağı barədə hər şey məlumdur. Bir az da belə davam etsə bu ölkənin xəritədə qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılacaq. İranın aqibəti isə qalsın molla rejiminin öz seçiminə.

Azərbaycana gəldikdə isə... Rəsmi Bakı öz qətiyyətli sözünü deyib və bundan sonra da deyəcək. Bütün beynəlxalq qanunlara, konvensiayalara söykənən, eləcə də hüquqi tərəfdən də ədalətin yanında olan Azərbaycan, hətta özünə qarşı ikili standartlar tətbiq olunarsa belə öz prinsipial tələblərini icra etməyə daim hazırdır. İstər Bakı ilə razılaşdırılmamış və fransız qoxusu verən monitorinq missiyası, istərsə də digər cəhdlər, sadəcə, boşuna edilmiş var-gəllər olaraq qalmağa davam edəcək.

Rövşən RƏSULOV