Dəli yığınağı

6 Fevral 2023 16:14 (UTC+04:00)

V.VƏLİYEV

İrandan bir xəbər gəldi, həm də nə gəldi. Guya Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasinin başı xarab imiş, yəni ağıldan kəm, özünü idarə edə bilməyən, psixoloji durumu yerində olmayan. Bəs hadisədən sonra bu dəlinin, başdan xarabın İranın rəsmi televiziyalarına verdiyi müsahibədən niyə Tehran rejimi gen-bol istifadə edirdi, onun dediklərini əsas gətirərək Bakını terrorun törədilməsinə bəhanə yaratmaqda ittiham edirdi. Hətta Azərbaycandakı İran təəssübkeşləri də Tehranın maliyyəsi ilə fəaliyyət göstərən media üzərindən ölkəmizə basqı edərək günahkarları gizlətməyə çalışırdılar. Amma nə olursa olsun, hansı tərəfdən baxılırsa baxılsın, baş verənlər, xarici ölkənin səfirliyinə edilən silahlı basqın, cinayət əməlinin adı terrordur. Kimsə nəyisə bəhanə etməsin. İranın borcu idi ki, səfirliyin təhlükəsizliyini təmin etsin. Tehran isə bunu edə bilmədi, yaxud bilərəkdən etmədi.

Başqa bir yanaşma, əgər Yasin adlı bu terrorçu dəli idisə niyə İranın xarici işlər, yaxud daxili işlər nazirliyinə hücum etmədi. Yaxud niyə Xamneyinin iqamətgahına, Rəisinin rezidensiyasına, SEPAH-ın qərargahına qarşı silahlı hücum təşkil etmədi? Suallar çoxdur, həm də İran hər gün etdiyi hərəkətlərlə bu sualların sayını artırır.

Əvvəllər birisini məsuliyyətdən azad və müdafiə etmək üçün ona “dəlilik” damğası vururdular. Bunu da bəzi üzdəniraq “həkimlər”in və "hakimlərin" əli ilə reallaşdırırdılar. Məqsəd də müttəhimin cinayəti törətdiyi vaxt anlaqsız olduğuna hər kəsi inandırmaq idi. Belə “dəlilik kağızı” ilə neçə-neçə ağıllı məsuliyyətdən yayınmışdı.

Daha bir məntiqi sual yaranır, hər kəs üçün potensial təhlükə mənbəyi olan bu “dəlilər” niyə nəzarətsiz qalır? Niyə onların ağıldan kəm – dəli olması cinayəti törədəndən sonra yada düşür? Əlbəttə, bütün bunlar bir bəhanədir. İran xüsusi xidmət orqanlarının əməkdaşı olan “dəli” Yasinin dərdi arvadını səfirlikdə axtarmaq deyildi, o, Tehranın tapşırığını yerinə yetirirdi. Əgər belə olmasaydı, bir dövlət görəvlisinə daş atan etirazçını dar ağacından asan molla rejimi Yasini şaqqaladardı ki, iki qonşu arasında münasibətlərin pozulmasına bais olmuşdu.

Bu fikirlərdən sonra qəti olaraq Yasinin deyil, İranın, fars-molla rejiminin dəli olduğunu söyləyə bilərik. İranda dəli olanlar indiyədək mollanın yanına qaçardı, indi bu binəva rejimin mollaları dəli olanda kimin yanına qaçsınlar? Mollabaşı Xamneyinin əfv fərmanı da gözdən qaçmamalıdır. Yəqin ki, Yasini də o siyahıya salacaqlar və bununla da cinayətkar müttəhimlər kürsüsünə çatmamaış azad ediləcək. Bəli, burası İrandır, buralarda hökmranlıq edən isə fars-molla rejimidir…