“Azərbaycan Avropanın enerji bazarında öz yerini möhkəmləndirir” - DEPUTAT DANIŞDI

6 Fevral 2023 16:09 (UTC+04:00)

“Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində çıxışı zamanı enerji sahəsində Azərbaycanın əməkdaşlıq potensialının böyük olduğunu diqqətə çatdırdı. Nəzərə almaq lazımdır ki, bu gün enerji təhlükəsizliyinin təmin olunması dünya dövlətlərini ən çox düşündürən məsələdir. Elə cənab Prezident də bunu bir daha öz çıxışında səsləndirmiş oldu. Belə ki, enerji məsələsinin milli təhlükəsizlik məsələsi olduğunu vurğuladı və sözügedən istiqamətdə Azərbaycanın əməkdaşlıq imkanlarına malik olduğunu da önə çəkdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın uğurlu iştirakını, ölkəmizin birbaşa fəallığı ilə bu layihənin uğurla sona çatmasını vurğuladı. İki ildən artıq müddətdir ki, Cənub Qaz Dəhlizi layihəsi reallaşdırılıb. Biz bu gün artıq onun genişləndirilməsi haqqında düşünürük. Bu da artıq ona dəlalət edir ki, Azərbaycan Avropanın enerji bazarında öz yerini möhkəmləndirir, təsirli rolunu günü-gündən genişləndirir.

Azərbaycan iqtisadiyyatının yeni bir istiqaməti haqqında da cənab Prezident xüsusi qeyd etdi. Bərpa olunan enerji mənbələrinin istifadə olunması istiqamətində Azərbaycanın planlarından danışdı. Xəzər dənizi müstəvəsində 157 qvt-lıq enerji potensialı mövcuddur. İşğaldan azad olunmuş ərazilərimizin də külək və günəş enerji potensialları xüsusi olaraq qeyd olundu. Bu mənada Rumıniyanın da enerji sahəsində əməkdaşlıq üçün kifayət qədər potensiallı tərəfdaş olduğunu da cənab Prezident önə çəkmiş oldu.

Ümumiyyətlə diqqət yetirsək, görərik ki, ölkə Prezidenti Azərbaycanın enerji sahəsində əməkdaşlıq üçün nə dərəcədə geniş planlara və stratejik baxışlara malik olduğunu iştirakçıların diqqətinə çatdırdı. Bu gün Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq Avropanın özünün enerji təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyət kəsb edir. Bu mənada Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın müzakirə olunduğu təmasların, görüşlərin sıxlaşdırılması da dediklərimizi əyani şəkildə sübut edir”.