Prezident İlham Əliyev: "Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir"
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin daha bir göstəricisidir. Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyən və onun həyata keçirilməsində fəal rol oynayan bir sıra dövlətlərin təmsilçiləri ilə yanaşı, bu layihələrdə pay sahibləri olan transmilli şirkətlərin rəhbərləri də Məşvərət Şurasının toplantılarında iştirak edirdilər. Belə ki, tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunub.
"ENERJİ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİNİN HƏR BİR ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ DAHA DA ARTIR"
Son illər Prezident İlham Əliyevlə birbaşa təmaslar Avropada Azərbaycan Liderini sözü və imzası bir olan şəxsiyyət kimi tanıdıb. Ölkəmizin sahibi olduğu sabitlik və təhlükəsizliyi dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulmasında müstəsna rola malik olan amillərdir. Ölkəmiz müasir dövrdə Avropa dövlətlərinin müstəqillik və suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirməkdədir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi baxımından xüsusi önəm kəsb edir. Bu sahədə yeni marşrutların qurulması və yeni resursların cəlb olunması dövlətimizin başçısı tərəfindən diqqətdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda çıxışı zamanı "Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir", - deyərək toplantının bir il öncə burada keçirildiyini bildirib: "Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq".
Mötəbər toplantıda bir çox önəmli məsələlərə toxunulub. İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi özünü və o cümlədən Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu. 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Cənub Qaz Dəhlizinin Avropa İttifaqının şaxələndirmə strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə yol açır. "Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir", - deyə Cənab Prezident bildirib.
GƏLƏCƏK PLANLARIMIZ ÜÇÜN AYDIN YOL XƏRİTƏSİ
Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjisinin nəqli üçün dənizin dibi ilə çəkiləcək kabel və Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir. Ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu əhəmiyyətə malikdir. "O əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir" – deyən dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə uyğun olaraq, ölkəmizin qaz istehsalını 2027-ci ilədək artırmaq niyyətində olduğunu və Aİ-yə üzv ölkələr arasında qurulan interkonnektorlar vasitəsilə yeni bazarlara çıxış imkanlarının yarandığını diqqətə çatdırıb: "Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur".
"ÖLKƏ DAXİLİNDƏ ENERJİ SƏMƏRƏLİLİYİ ÜZƏRİNDƏ İŞLƏYİRİK"
Ölkəmizin bərpaolunan enerji sahəsində böyük resurslarının olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədin də ölkəmizin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün böyük perspektivlər vəd etdiyini bildirdi. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr nəticəsində yeni təşəbbüslərin və ideyaların yaranacağına geniş imkanlar var. Hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir. Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır və bu istiqamətdə də əməkdaşlığa hazırdır. "Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq" – deyən Prezident bildirib ki, hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud "Şahdəniz" yatağında hasilatın artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq".
Təbii qaz ixracı artaraq, 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. "Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər", - deyə Prezident qeyd edib.
Bu gün enerji təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyindən Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar. Azərbaycan Avropa qitəsi ölkələrinin milli təhlükəsizliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkədir və görülən işlər, keçirilən görüşlər Azərbaycanın dünya siyasətində yerini daha da möhkəmləndirir.
Nəzakət ƏLƏDDİNQIZI