"Ölkədə belə layihənin həyata keçirilməsi müsbət haldır" - İQTİSADÇI ŞƏRH ETDİ

6 Fevral 2023 14:55 (UTC+04:00)

“Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclasda bir çox ölkələr iştirak edib. Bu hadisənin baş verməsinin əsas səbəblərindən biri də “yaşıl enerji”dən istifadə idi. “Yaşıl enerji” dedikdə bərpa olunan enerjilər nəzərdə tutulur. Hansı enerji ki daim var və ondan müəyyən gəlirlər əldə etmək olar, o enerjiləri bura daxil edə bilərik. Bu baxımdan ölkədə belə layihənin həyata keçirilməsi müsbət haldır. Məlum olduğu kimi, buradan alınan enerji tranzit olaraq birbaşa Avropaya göndəriləcək”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.

Onun sözlərinə görə, bu müşavirədə iştirak edən ölkələrin də ilkin sayı göstərilib: “Ola bilsin ki, gələcəkdə başqa ölkələrə də enerji ötürülsün. “Yaşıl enerji” yalnız Azərbaycan iqtisadiyyatı, əlavə gəlir üçün deyil, həm də bölgə üçün çox əhəmiyyətlidir. Bu məsələdə tranzit yol olaraq Gürcüstan istifadə olunacaq. Gürcüstandan da Türkiyə və digər ölkələrə bu enerji ixrac olunacaq.

“Yaşıl enerji” təkcə investisiya və bu böyük layihənin təməli deyil, eyni zamanda ölkənin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Çünki burada bir çox ölkələrin maraqları toqquşur və bu layihədə müxtəlif ölkələrin şirkətləri çalışacaq. Hesab edirəm ki, gələcəkdə hər hansı bir toqquşmanın baş verməsində bu, bizim üçün təhlükəsizlik orbitinə çevriləcək”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, bu layihədə külək, günəş, ən əsası da qaz enerjisindən istifadə olunacaq: “Təbii ki, müəyyən nöqsanlar da ola bilər. Bildiyiniz kimi, külək enerjisindən istifadə həm də təbiətə müəyyən ziyanlar vura bilir. Amma təcrübəyə əsaslansaq görərik ki, İsveçrənin özündə də bu enerjidən geniş şəkildə istifadə olunur. Dünya praktikasında olan bütün məqamlar çözülərək burada öz əksini tapacaq. Ona görə də düşünürəm ki, bu enerjinin istifadəsi böyük problemlərə səbəb olmayacaq.

Qeyd edim ki, gələcəkdə Gürcüstan və ya digər ölkələr də bu xəttə qoşula bilərlər. Amma hazırda bu ideya Azərbaycan tərəfindən təklif olunaraq icra olunacaq. Sözsüz ki, burada əsas gəliri də Azərbaycan əldə edəcək. Bu da büdcə baxımından dövlətimiz üçün çox əhəmiyyətlidir”.