“Hazırda bütün dünya sənaye istehsalı şəraitində olan qida sferasında yaşayır. Ümumiyyətlə hazırda istehlakçı əsrindəyik. Bizi bura gətirən biznes qurumlarının siyasətidir. Belə bir vəziyyət təbii ki, özünü qida sənayesində də göstərir. Bütün dünyada istehlakçılar istehsalçılarla müqayisədə biliksizdirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, istehlakçılar biliksizliklərini özləri də dərk edirlər: “Çünki istehsalçılar qurumdur, onların arxasında texnologiya, insan resursları, alimlər dayanır. İstehlakçı isə təkdir, belə bir şəraitdə istehlakçı öz biliksizliyini daim dərk edir.
Qida məhsullarına bütün dünyada şübhə ilə yanaşılır. Təsadüfi deyil ki, insanlar şübhə ilə yanaşıb, daha diqqətli olmağa çalışsalar da dünyada yetərli qədər zəhərlənmə halları baş verir. İstehlakçı hüquqlarını qoruyan bütün təşkilatlar istehlakçıları gözü açıq olmağa çağırır. Lakin istehlakçıların ciddi bir səhlənkarlığı var ki, onlar yerli məhsullara üstünlük vermirlər. Xüsusi ərzaq məhsularında yerli məhsullara önəm verilməlidir. Hazırda böyük marketlərdə ət və ət məhsulları 30 faizə qədərini yerli məhsullar təşkil edir. Bu isə düzgün addım kimi qəbul edilmir.
Halal sertifikat verən təşkilatlara da diqqətlə yanaşmaq lazımdır. Çünki pul xətrinə saxta halallıq sertifikatı verilir. Düşünürəm ki, qısa zamanda bu kimi hallara da son qoyulacaq. AQTA-nın məsələni öz üzərinə götürməsi çox yaxşı olar. Hazırda yeni halal standarlar da hazırlanır. Azad İstehlakçılar Birliyi olaraq biz də bu mövzuda öz töhvəmizi veririk”.