Ətrafı zibilləyən şəxləri hansı cəza gözləyir? - DİQQƏT! - İZAH EDİLDİ

6 Fevral 2023 11:40 (UTC+04:00)

“Son zamanlar Bakının mərkəzi, eləcə də digər daxili yollarının kənarlarının zibillənməsi halı artıb. Ətraf mühitin qorunulması ilə bağlı dövlət tərəfindən bir sıra tədbirlər görülsə də, təəssüflər olsun ki, bəzi vətəndaşlarımız istər parklarda, istərsə də dənizdə və digər yerlərdə ətrafa tullantılar ataraq, ərazini zibilləyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində ətraf mühiti çirkləndirənlərə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələr tətbiq olunur: “Bura küçəni, su hövzələrini, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmaq aiddir.

Ərazinin zibillənməsi halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilir”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Məcəlləyə görə, məişət tullantılarını zibil qutularından kənara atılması hallarına görə 50 manat cərimə nəzərdə tutulub. Qutular qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə edilə bilər.

Zibilin yandırılaraq, atmosferə zərərli maddələrin atılması halında 8500 manatadək cərimə tətbiq edilə bilər. İctimai nəqliyyatdan istifadə zamanı da tullantılarla yanlış davranışa görə cərimələr nəzərdə tutulur.
Magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir. Meşələri zibilləndirən və çirkab suları ilə çirkləndirilməsi halında fiziki şəxslər üçün 600-1000 manat, vəzifəli şəxslərə 2000-3000 manat, hüquqi şəxslərə 6000-8000 manat cərimə nəzərdə tutulur”.

Ayşən Vəli