Səudiyyə Ərəbistanı nazirə viza verməkdən imtina edib

6 Fevral 2023 01:13 (UTC+04:00)

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları “Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin Həcc və vəqf işləri üzrə naziri Nur Məhəmməd Saqibə viza verməkdən imtina edib. SİA xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ər-Riyad üç həftə əvvəl Saqibə viza verməmək qərarına gəlib. Nazir beş günlük seminarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına getməli idi. Qəzetin mənbəsi iddia edir ki, Taliban hərəkatının qızların təhsilinə məhdudiyyətlər qoyması səbəbindən Səudiyyə Ərəbistanı hakimiyyəti Saqibə viza verməkdən imtina edib.

Nəşr qeyd edib ki, Ər-Riyad və Kabil 30 min əfqanın Həcc ziyarəti üçün krallığa səfəri üçün müqavilə imzalamaq barədə razılığa gəliblər. Lakin Saqibin əvəzinə sənədi Talibanın Həcc və Vəqf İşləri Nazirliyinin maliyyə və inzibati idarəsinin rəhbəri imzalayıb.