“Putin mənə Zelenskini öldürməyəcəyimə söz verdi”

5 Fevral 2023 20:24 (UTC+04:00)

Müharibənin əvvəlində Rusiya ilə Ukrayna ciddi güzəştlərə getməyə və münaqişənin həlli üçün müxtəlif yollar nəzərdən keçirməyə hazır idi. Lakin Buçada dinc əhalinin öldürülməsi faktları üzə çıxandan sonra bütün bunlar öz mənasını itirdi.

SİA-nın əldə etdiyi məlumata görə, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet deyib.

Qeyd edək ki, Bennett 5 mart 2022-ci il şənbə günü Soçidə Rusiya prezidenti ilə görüşündən danışıb. Onun sözlərinə görə, o, Vladimir Putinin görüşdüyü ilk xarici lider olub.

Xatırladaq ki, Bennett İsrailin ilk ortodoks baş naziridir. O, şənbə günü Putinlə danışıqlara gedib. Amma əslində yəhudi möminlərə bu müddət ərzində səyahətə icazə verilmir. Belə ki, istisnalar yalnız müstəsna hallarda edilir.

Bennettin dediyinə görə, hələ müharibənin əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski vasitəçilik yardımı üçün ona müraciət edib. Bundan sonra İsrailin baş naziri hər iki liderlə bir sıra ayrı-ayrılıqda danışıqlar aparıb və mümkün atəşkəs sazişinin layihələrini təhvil verib.

Bennett bildirib ki, bütün hərəkətlər ABŞ-la razılaşdırılıb. Bundan əlavə, danışıqlarda xüsusilə Putin Ukraynanın tərksilah edilməsini tələb etməməyə razılaşıb. Bunun müqabilində Zelenski eyni həftə sonu Ukraynanın NATO-ya qoşulması tələblərindən imtina etməyə razılaşıb.

İsrailin keçmiş baş nazirinin sözlərinə görə, Buça hadisələrindən əvvəl o, atəşkəsin mümkün olduğuna inanırdı, lakin Qərb ölkələrinin heç də bütün liderləri bununla razılaşmırdılar, çünki onlar Kremlin aqressiyasını təşviq etmək istəmirdilər.

Bundan əlavə, İsrailin keçmiş baş naziri Putinin ona “Zelenskini öldürməyəcəyinə” söz verdiyini deyib. Təsdiqlənməmiş məlumatlara görə, Rusiya işğalı başlayandan bəri Zelenskiyə qarşı bir neçə sui-qəsd cəhdinin qarşısı alınıb. Media Ukrayna liderinin mümkün sui-qəsd əməliyyatlarında “Vaqner” PMC-nin muzdluları, eləcə də çeçen xüsusi təyinatlılarının iştirak etdiyini yazıb.

Deməli, Putinin sözlərini Ukrayna liderinə çatdıran Bennettin dediyinə görə, onu dinləyən Zelenski heç nədən qorxmadığını bildirən video çəkdirib.

Bennett 2021-ci ilin oktyabrında Soçidə Rusiya prezidenti ilə ilk görüşü də xatırladıb. Danışıqlar zamanı Bennet Vladimir Zelenskinin görüş xahişini Putinə çatdırıb. Buna cavab olaraq Rusiya prezidenti Ukraynanın nasistlər tərəfindən idarə edildiyini bildirib.

Sonda qeyd edək ki, bu gün həm Moskva, həm də Kiyev vaxtaşırı danışıqların mümkünlüyünü bəyan edirlər. Bundan əlavə, hər bir tərəfin öz şərtləri var. Vladimir Zelenski dəfələrlə vurğulayıb ki, Kiyev bütün itirilmiş əraziləri, o cümlədən ilhaq edilmiş Krımı qaytarmaq niyyətindədir. Kreml yeni işğal olunmuş rayonların Rusiyanın bir hissəsi kimi tanınmasında israrlıdır.

Ağasəf Babayev