Azərbaycan-Rumıniya əməkdaşlığının yeni platforması

4 Fevral 2023 12:07 (UTC+04:00)

Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyə və Estoniyadan sonra rəsmən tanıyan üçüncü ölkədir. Rumıniyanın 1991-ci il dekabrın 11-də Azərbaycanın müstəqilliyini tanımasından sonra ötən illər ərzində iki ölkə arasındakı ikitərəfli münasibətlər addım-addım inkişaf edərək bu günkü səviyyəyə çatıb.

1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti, müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin Rumıniyaya rəsmi səfəriylə münasibətlərin inkişafında yeni mərhələ başlayıb.

Məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli əməkdaşlıq fonunda görülən işlərin məntiqi davamı olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Azərbaycanın Rumıniyada səfirliyi açılıb.

Ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikasının strateji inkişaf yolunu uğurla davam etdirən cənab prezident İlham Əliyev tərəfindən isə Azərbaycan-Rumıniya əlaqələri daha da inkişaf etdirilib. 2003-cü ildə prezident seçkilərində qalib gələn cənab İlham Əliyev, 2004-cü ildə, yəni seçkilərdən çox qısa müddət sonra Rumıniyaya rəsmi səfər edib. Səfər çərçivəsində "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.

Tərəfdaşlığın hələ ilk illərindən bəri ölkələr müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq etməyə başlayıblar. Xüsusilə iqtisadi əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin ana xəttini təşkil etmişdir. 1998-ci il 8-10 sentyabr tarixlərində Tarixi İpək Yolunun bərpası ilə əlaqədar Bakıda keçirilən konfransda digər dövlətlər ilə yanaşı Rumıniya da iştirak edib və həmin konfransda beynəlxalq nəqliyyat haqqında çoxtərəfli Sazişə imza atılıb. 4 iyun 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak etmək üçün Buxarestdə səfərdə olub və səfər çərçivəsində ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair müzakirələr aparılıb.

Azərbaycan və Rumıniya prezidentləri arasında 2 fevral 2023-cü ildə baş tutan işgüzar görüşdə də məhz əməkdaşlıq sferasında yaddaqalan məqamlara toxunuldu.

Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini, dövriyyənin şaxələndirilməsi üçün əlavə addımlar atılacağını və hökumətlərarası komissiyanın Buxarestdə görüş keçirəcəyini vurğuladı.

Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın neft şirkəti SOCAR uzun illərdir Rumıniyada fəaliyyət göstərir və burada şirkətin 70-dən çox yanacaqdoldurma stansiyası, bir neçə yanacaq deposu mövcuddur. Görüş əsnasında Rumıniya prezidenti Klaus Yohannisin “Romqaz” və SOCAR-ın yeni sazişə imza atacaqlarını bəyan etməsi Azərbaycanın energetika, neft-qaz sahəsindəki yüksələn nüfuzundan xəbər verir. Həmin saziş üzrə 2023-2024-cü illərdə ölkəyə əlavə qaz nəql ediləcək. Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpa olunan enerji resurslarından istehsal edilmiş elektrik enerjisinin nəqli üçün çəkiləcək olan dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.

Həmçinin görüşün diqqətçəkən məqamlarından daha biri hal-hazırda xüsusən Qarabağın yenidən qurulması məsələsində də aktuallıq kəsb edən yaşıl enerji layihələrinin iki ölkə arasındakı əlaqələrdə də özünü göstərməsi idi. Belə ki, prezident İlham Əliyevin yaşıl enerji üzrə birinci Məşvərət Şurasının keçiriləcəyindən bəhs etməsi Azərbaycan-Rumıniya əməkdaşlığının dövrün tələblərinə uyğun müasir reallıqları əks etdirən səmərəli nəticələr verəcəyinə əminlik yaradır.

Jalə Əliyeva

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri