"Biz artıq Qərbi Azərbaycanla bağlı tariximizin yeni mərhələsinə qədəm qoyduq" - MÜSAHİBƏ

3 Fevral 2023 18:03 (UTC+04:00)

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- XX əsrin sonlarında 250 mindən çox azərbaycanlı öz dədə-baba yurdundan didərgin düşdü. Qərbi Azərbaycan İcması bu istiqamətdə hüquq pozuntularını aradan qaldırmaq baxımından əməli addımlar atır. Bilmək istəyirik ki, İcmanın başqa hədəfləri nədən ibarət olacaq?

- Qərbi Azərbaycan İcmasının əsas hədəfi heç şübhəsiz ki, son 200 ildə öz tarixi torpaqlarından qovulmuş insanların yurdlarına qayıtması məsələsidir. Qərbi Azərbaycan İcması 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yaradıldı. Sizin də qeyd etdiyiniz kimi, sonuncu deportasiya zamanı Qərbi Azərbaycan ərazisindən bizim son hesablamalarımıza görə 300 minə yaxın soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qovulub. Bu sonuncu deportasiya Qarabağ münaqişəsinin ilk mərhələsində həyata keçirilib. Doğrudur, hər tarixi fürsətdə ermənilər soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti, soyqırımlar həyata keçiriblər. Bu hadisə ilə bizim Qərbi Azərbaycan dediyimiz ərazimizin erməniləşdirilməsi prosesi başa çatdırıldı. Təbii ki, biz soydaşlarımızın öz doğma yurdlarına qayıtması məsələsini gündəmə gətirəndə, ilk növbədə, beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanırıq. Əgər bu gün Qarabağ münaqişəsi həll olunursa, artıq Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın taleyi məsələsinə də aydınlıq gətirilməlidir. Buna görə də Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyası hazırladı. Bizim əsas hədəflərimiz sırasında son 200 ildə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı ermənilərin törətmiş olduğu bütün cinayət faktlarının, mədəni irsimizə qarşı vəhşilik aktlarının hamısını sənədlər, sübutlar əsasında ortaya qoyulması və dünya ictimaiyyətinə çatdırılması məsələsidir. Çünki dünya ictimaiyyəti Qərbi Azərbaycan həqiqətləri barədə kifayət qədər məlumatlı deyil. Onlara bu həqiqətləri çatdırmaq əsas məqsədlərimizdəndir.

- Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası, eyni zamanda, şərəf məsələsidir. Bunu həyata keçirmək çətin olmayacaq?

- Qətiyyən çətin olmayacaq. 34 il keçməsinə baxmayaraq bizim vətəndaşlarımız bir an belə olsun həmin torpaqlara qayıtmaq fikrindən imtina etməyiblər. Ümumiyyətlə, bizim xalqımız öz dədə-baba yurduna, tarixi torpaqlarına bağlı insanlardır. 30 illik işğaldan sonra torpaqlarımız azad olunanda, hətta bəzi insanların oradakı evlərinin qapı açarını saxladığının şahidi olduq. Yəni, insanlar heç vaxt öz doğma torpaqlarına qayıtmaq ümidini itirməyiblər. Belə bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra 10 minə yaxın ailə ərizə ilə müraciət edərək Qarabağ və Şərqi Zəngəzur ərazilərinin Ermənistanla sərhəd hissələrinə köçmək arzularını bildirdilər. Bunda məqsəd onların öz dədə-baba yurdlarına daha yaxın olmaları idi. Bu, onların mənəvi haqqıdır.

- Ermənistanın hakim rejimi Qərbi Azərbaycanlıların öz yurdlarına qayıdışına süni maneələr törədəcəklər. Bu maneələri necə aradan qaldıracaqsınız?

- Biz Qərbi Azərbaycana Qayıdış konsepsiyasını hazırlayarkən, ilk növbədə, qayıdacaq insanların təhlükəsizliyi məsələsini ön plana qoyduq. Bizim qəti fikrimiz budur ki, insanlarımız ora qayıdana qədər Qərbi Azərbaycan İcmasının etibar etdiyi dövlətin sülhyaratma missiyası həmin ərazilərə yerləşdirilməlidir. O ərazilərdə infrastruktur bərpa olunmalıdır. İnsanların geriyə qayıtma məsələsindən sonra o ərazilərə uyğunlaşma prosesi aparılmalıdır. Ermənilər mələk cildinə girsələr belə, biz onlara etibar edə bilmərik. Çünki onlar hər dəfə söz verib, sözlərindən çox asanlıqla qaça bilirlər. Ona görə də azərbaycanlılar o ərazilərə qayıtmamışdan qabaq onlar üçün hər cür şərait yaradılması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məsələsini konsepsiyamıza daxil etmişik.

- Qərbi Azərbaycanın daha çox hansı ərazilərində soydaşlarımızın kompakt yerləşdirilməsi nəzərdə tutulur?

- Əvvəla onu deyim ki, Qərbi Azərbaycan ərazisi son qarışına qədər Azərbaycan torpaqlarıdır və orada hazırda yaşayanlar tarixin müəyyən hissələrində gəlmə ermənilərdir. Sonuncu deportasiyaya kimi Qərbi Azərbaycanın hər yerində bizim soydaşlarımız kompakt şəkildə yaşayırdılar. Qayıdış konsepsiyamızda dislokasiya məsələsi mühümdür. Hər kəs istəyər ki, öz dədə-baba yurduna getsin. Təbii ki, mərhələ-mərhələ insanların bu arzusu gerçəkləşdiriləcək.

- Siz parlamentdə Qərbi Azərbaycanlıların statusunun bərpası ilə bağlı təklif irəli sürmüşdünüz. Bu məsələnin aqibəti necə olacaq?

- Qərbi Azərbaycandan deportasiya zamanı qovulan qaçqınlarımızın statusları heç vaxt ləğv olunmayıb. Bu status Azərbaycan qanunları ilə tənzim olunur. 2001-ci ildən sonra bu qaçqınların müəyyən güzəştləri ləğv olundu. Qayıdış konsepsiyası qəbul olunduqdan sonra, biz artıq Qərbi Azərbaycanla bağlı tariximizin yeni mərhələsinə qədəm qoyduq. Artıq qaçqınların statusu ilə bağlı konsepsiyaya uyğun olaraq dəyişiklik edilməsinin zamanıdır. Buna görə də mən Milli Məclisdə bu məsələni qaldırdım və fikrimin də arxasındayam. Elə hesab edirəm ki, bu qanun konsepsiyanın icrasına və soydaşlarımızın öz doğma yurduna qayıdışı prosesinə töhfə verə biləcək qanun şəklində yenidən nəzərdən keçirilməlidir.