Azərbaycan-Rumıniya: İkitərəfli münasibətlərin yeni mərhələsi TƏHLİL

3 Fevral 2023 17:20 (UTC+04:00)

Son vaxtlar belə bir ifadə tez-tez işlədilir: Azərbaycan lideri Prezident İlham Əliyev Avropanı fəth edir. Əslində, burada hər hansı bir mübaliğə yoxdur. Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrin liderlərinin özlərinin də açıq mətnlə ifadə etdikləri kimi, Azərbaycanın dövlət başçısı hazırda qoca qitədə ən arzuolunan şəxslərdən birinə çevrilib. Hər yerdə Onu axtarırlar və Ona zəng edirlər. Təsadüfi deyildir ki, qısa müstəqillik tarixində Azərbaycan Aİ-nin doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Bəli, bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir çox dünya ölkələri ilə yanaşı, Rumıniya ilə də əlaqələri uğurla inkişaf etdirir. 2004-cü ildə İlham Əliyevin Rumıniyaya rəsmi səfəri və səfər çərçivəsində "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması münasibətlərin genişlənməsinə geniş imkanlar açdı. Beləliklə, qarşılıqlı səfər və görüşlər ölkələr arasında siyasi - iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etməsinə səbəb oldu. Belə ki, Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın 2-də geniş tərkibdə görüşü, görüş zamanı hər iki ölkə rəhbərlərinin birgə mətbuata bəyanatı bir daha Rumıniya və Azərbaycan arasında uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirildiyini göstərir.

AZƏRBAYCAN PREZİDENTİ: “SİYASİ ƏLAQƏLƏRİMİZ ÇOX YÜKSƏK SƏVİYYƏDƏDİR VƏ QARŞILIQLI SƏFƏRLƏR BUNU BİR DAHA GÖSTƏRİR”

Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Və Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib.

Azərbaycanın və Rumıniyanın yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli siyasi dialoqun artan dinamika ilə inkişafına müsbət təsir göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında da bildirib ki, qarşılıqlı səfərlər bunu bir daha göstərir: «Biz Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir”. Dövlətimizin başçısı deyib: "Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”.

AZƏRBAYCAN PREZİDENTİ: “Buxarestdə imzalanmış sənəd qarşımızda yeni perspektivlər açır”

Azərbaycan Prezidenti Buxarestə səfəri ilə bağlı xatirələri ilə bağlı bildirdi ki, Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq və əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqlədik. Və bu, bir daha göstərir ki, strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik: “Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır”. Dövlətimizin başçısı onu da vurğulayıb ki, artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir: “Lakin birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.

Birgə iqtisadi komissiya ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”. Dövlətimizin başçısı Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımların atılacağının deyərək bildirib ki, ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir: «Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər".

AZƏRBAYCAN PREZİDENTİ: “Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik”

Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında deyib ki, Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur: «Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var". SOCAR-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixçəsi olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, indi bizim əməkdaşlığımız yeni mərhələyə daxil olur: «Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”. Dövlətimizin başçısı onu da vurğulayıb ki, iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik: “Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”. "Hörmətli qonağımız (Rumıniya Prezidenti-red.) sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

PREZİDENT İLHAM ƏLİYEV: “Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir”

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında onu da söyləyib ki, yaşıl enerji istiqamətində də çox önəmli addım atılıb: «Sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji, böyük sərmayə tələb edən, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək". Dövlətimizin başçısı deyib ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq: «Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var". Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaq.

PREZİDENT KLAUS YOHANNİS: “Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik”

“Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik”. Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib. Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Qara dəniz hövzəsi regionundakı vəziyyəti Prezident İlham Əliyevlə müzakirə etdiklərini diqqətə çatdıran Klaus Yohannis deyib: «Belə bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğuladıq və bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirdik”. Rumıniya Prezidenti bildirib ki, regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır.

“Bizim demək olar ki, uzun müzakirəmiz oldu. Lakin hesab edirəm ki, bu, mütləq şəkildə zəruri idi»,-deyən Rumıniya Prezidenti Klaus Yohannis bildirib ki, hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik”. “Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir”,-deyən Rumıniya Prezidenti Klaus Yohannis vurğulayıb ki, Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. ”Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır», - deyə Rumıniya Prezidenti bildirib.

Rumıniya Prezidenti söhbət əsnasında söyləyib ki, Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında «Romqaz» və SOCAR yeni sazişə imza atacaqlar: «Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək».

«Hər ikisi - Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik”, - deyə Rumıniya Prezidenti bildirib.

Bir sözlə, bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur, o cümlədən bu gün Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Dövlət başçımızın söylədiyi kimi: «Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır».

RƏFİQƏ KAMALQIZI