İtirilmiş nəsil – KÜNCDƏN BAXIŞ

20 Dekabr 2023 15:43 (UTC+04:00)

Elçin Bayramlı

Son dövrlərdə gənclərin kriminal aləmə, radikal dini qruplaşmalara, kosmopolitizmə, yad dəyərlərə meyili artıb. Bunların çox sayda fundamental səbəbləri var. Cəmiyyətin quruluşu, psixoloji-mənəvi aurası, sosial-iqtisadi vəziyyəti əsas səbəblərdəndir.

Əvvəla gənclərin enerjilərini xərcləyəcək yerləri olmalıdır. Sovet dövründə gənclər idmana, yaradıcılıq fəaliyyətinə, texniki mərkəzlərə pulsuz şəkildə cəlb edilirdi. O zaman gənclər asudə vaxtlarını səmərəli keçirirdilər. Onların zərərli meyillərə vaxtları da qalmırdı, cəmiyyət və dövlət isə onlara belə şərait yaratmamışdı da.

İndi əhalinin 90%-nin imkanı yoxdur övladlarını belə mərkəzlərə göndərsin. Qiymətlər çox bahadır. Ən ucuz idman və ya yaradıcılıq kurslarının aylıq abunə haqqı 50-100 manat arasındadır. Bir ailədə azı 2-3 uşaq olduğunu nəzərə alsaq, bu, orta statistik azərbaycanlı üçün əlçatan deyil. Nəticədə, boş qalan yeniyetmələr, gənclər zərərli şeylərə meyil edirlər. Bura narkomaniya da daxildir. Kütləvi şəkildə yayılan bəla gəncləri əlimizdən alır. Belə görünür ki, biz bunun qarşısını almaqda maraqlı deyilik. Əks halda, gənclərin birini belə boş buraxmazdıq.

Uşaq və gənclərin mənfi meyilləri məktəblərdə də müşahidə olunur. Şagirdlər məktəbə kitabla yox, smartfonla gəlir. Qızlar kosmetika ilə, oğlanlar bıçaqla, təsbehlə. Təhsil ocaqlarının əlindən tərbiyə funksiyası alınıb. Təhsil sisteminin başında yararsız eksperimentlər aparılır. Güya şagirdyönümlü təhsil sistemi qururuq. Buna görə də məktəblərdə anarxiya yaranıb. Nəticə özünü göstərir.

Gənclər internetdəki biabırçı fəaliyyətlərinə real həyatda da davam edirlər. Bir çox valideynlər övladlarını kiçik yaşdan taleyin ümidinə buraxıb. Hər azyaşlının əlində bahalı smartfon var. İnternetdən yaşlarına uyğun olmayan, zərərli materiallara baxırlar. Psixologiyaları alt-üst olur. Təsir altına tez düşürlər.

Valideynlər psixoloqların dedikləri cəfəngiyyatları kənara atıb, uşaqlara köhnə qaydada tərbiyə verməlidirlər. "Uşağa dəymə", "azadlıq ver" deyərək, ortaya belə kütlə çıxarmışıq. Bu da xalqın gələcəyinin indidən məhv edilməsi deməkdir. Media kriminal seriallar, axmaq şoular, zərərli verilişlər nümayiş etdirir. Əvvəllər televiziyalarda uşaqlar, gənclər arasında intellektual yarışlar olurdu. İndi AzTV-dən başqa heç bir kanalda bunu görmürük. AzTV-dəki belə verilişlərə isə valideynlər uşaqlarını baxdırmırlar. Başqa kanallarda intellektual verilişlər demək olar ki, yox dərəcəsindədir- İTV istisna olmaqla. Əvəzində onlara fasiləsiz əyləncə, arsızlıq, eqositlik, özünəvurğunluq, maddiyyata tapınma, pulun yeğanə dəyər olduğu təbliğ olunur.

Məktəblərdə baş verənləri, uşaq cinayətlərinin, narkomaniyanın ildırım surəti ilə artmasını görürük. Belə çıxır ki, biz bunları gördüyümüz halda qarşısını almağa ya maraqlı deyilik, ya da acizik. Maraqlı olsaydıq, tədbirlər görərdik. Əksinə, "müasirlik", "azad cəmiyyət" deyərək, "kim nə istəyir etsin" prinsipi ilə hərəkət edirik.

Kitab oxuyan, teatra, muzeyə gedən uşaq, gənc görürsünüz ətrafınızda? Demək olar ki, yox. Bu halda hansı sağlam gənclikdən danışmaq olar?

Əmin olun ki, 90% gəncin mənəvi, mədəni irsimizdən xəbəri yoxdur. Böyük tarixi şəxsiyyətlərimizdən, dünyanın bu gün də öyrəndiyi alimlərimizdən, filosof-şairlərimizdən, tariximizdən, mədəniyyətimizdən bixəbərdilər. İnanmırsınız çıxın küçəyə qarşınızdan gələn 20 gəncə bir neçə sual verin və cavablara baxın. Bu, min illərlə gələn milli-mənəvi dəyərlərimizin qırılma nöqtəsidir. Bundan sonra gələn nəsil sanki bizə aid deyil. Azərbaycanlı olmaq xüsusiyyətini itiririk.

Ümumən, cəmiyyətin ab-havası sonrakı nəsilləri formalaşdırır. Bunların günahkarı indiki uşaqlar, gənclər deyil. Günahkar bizim nəsildir. Biz cinayətkar nəsilik. Çünki özümüzdən sonra gələnlərə mənəvi, milli dəyərləri, əxlaqı sistemi ötürə bilmədik. Biz bunu bacarmadıq. Ona görə də, indi uşaqlar, gənclər yad ideologiyalarla böyüyürlər.

Nəsə edə bilərikmi? Əlbəttə! Sadəcə, etmək istəmirik. İstəsək, hər şey etmək olar. Gənclərlə bağlı xüsusi dövlət proqramı olmalıdır. Cəmiyyət isə özünə gəlməlidir. Azadlığın anarxiya demək olmadığını artıq həm əyani, həm qiyabi olaraq görmüşük.

Əgər sağlam gələcək istəyiriksə, bu işlərə dünəndən başlamalıyıq. Çünki artıq az qala gecdir.