“Hər iki tərəfin qüvvələri tükənmək üzrədir” - POLİTOLOQ DANIŞDI

3 Fevral 2023 17:10 (UTC+04:00)

“Rusiya-Ukrayna müharibəsi ilə bağlı nəticələri ehtimal etmək olduqca çətindir. Ümumiyyətlə, müharibənin nə qədər tezlikdə bitəcəyi ilə bağlı da fikirlər söyləmək çətin olsa da, hər iki tərəfin qüvvələri tükənmək üzrədir. Ukraynanın dirənişi artıq onun təşəbbüsündən kənar baş verir. NATO-nun və AB-nin bundan sonrakı dəstəyinə uyğun olaraq, müharibənin nəticələrini proqnoz etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Rusiyanın da dirənişi xarici güclərin yanaşmasından aslıdır: “Tərəflərin hər ikisi müharibəni davam etdirməkdə və hədəflərinə çatmaqda iddialıdır. Hər iki tərəfin məğlubiyyəti ölkəsinin faktiki sonluğu deməkdir. Xüsusən də Rusiya və onun prezidenti Putinin gələcək taleyi bilavasitə bu müharibənin nəticələrindən asılı olacaq. Putin geri çəkilərsə, ölkəsinin nüfuzuna böyük ölçüdə zərər gələcək. 2025-ci il seçkilərinin nəticələrini bəlli etmiş olacaq. Tək Rusiyada ölənlərin sayı 120 000-dən artıqdır. Ukraynanın 250 min kv.km ərazisi işğal olunub və ya minalanıb. 17 milyondan artıq vətəndaşı qaçqın düşüb. Müharibə demək olar ki, əsl eskalasiya mərhələsini yaşayır. “Kimin kimi yoracağı” yəqin ki, yaxın tarixdə bilinəcək”.