13 yaşlı qız uşağı ərə verilən kənd əhli hamısı cahildirmi? MÜNASİBƏT

3 Fevral 2023 15:59 (UTC+04:00)

13 yaşlı qıza təmtəraqlı nişan məclisinin təşkil edilməsi ilə bağlı xəbər ikrah hissi oyadır. Nişandan sonra polisin işə qarışması təqdirəlayiqdir. Amma nişandan öncə xəbər tutulsaydı, və ya elə nişan mərasimində qapını polis döysəydi, digərləri üçün də yaxşı dərs olardı.

Bir ata, bir ana 13 yaşlı körpə, həddi-buluğa çatmamış qızını yad kişiyə necə qıya bilər, yad kişi ilə necə təsəvvür edə bilər? İnsan savadsız ola bilər, amma şərəf-qeyrət hissi insanın içində olur. Görəsən 18 yaş həddindən xəbərsiz valideynlər hansı əsrdə, hansı şəraitdə yaşayırlar? Yaxşı, tutaq ki, valideynlər qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsinin cinayət məsuliyyəti daşıdığını bilmirlər. Çünki cahildirlər. Bəs kənd əhli? Bütün kənd camaatı cahildirmi? Bir aulda, bir kənddə bələdiyyə, icra nümayəndəsi, polis nəzarəti, məktəb direktoru, məktəb kollektivi deyilən icmalar var axı. Onların hamısı qanundan xəbərsizdirlərmi, yoxsa laqeydlik burulğanındadırlar? Özünü təhsilli, ziyalı sayıb kənd əhli arasında fərqlənənlər hara baxır? Ağsaqqallar? Ağsaqqallar da 13 yaşda qız uşaqlarının ərə getməsini məqbul sayıb göz yumurlarsa, vay o kəndin halına! Əgər belədirsə, o zaman biz beyinsiz kütlədən nə gözləyirik? Maarifləndirmə proqramlarının aparıldığı, erkən nigahlara yox deyildiyi, bütün güc- qüvvə ilə qadın inkişafının dəstəkləndiyi, dövlət və qeyri-dövlət təşkilatlarının həyata keçirdiyi layihələrin bərabərində eyni problemlərin şahidiyiksə, demək ki, görülən işlər yetərli deyil. Ən böyük görüləcək iş isə cəhalətlə, cahillərlə mübarizədir.

Mətanət Ağamirli,

Əməkdar jurnalist