Macarıstan səfəri strateji tərəfdaşlığın əyani göstəricisidir

3 Fevral 2023 14:52 (UTC+04:00)

Bu gün Azərbaycanın dünyada söz sahibi bir dövlətə çevrildiyini qürur hissi ilə söyləyə bilirik. Postmünaqişə dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, uzaqgörən daxili və xarici siyasəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılmasından əlavə regionda artıq dünya dövlətlərinin də qəbul etdiyi yeni reallığın fonunda həm yaxın qonşularla, həm də dünyanın bir çox ölkələri ilə qarşılıqlı maraqlar əsasında qurulmuş ikitərəfli əməkdaşlıqların yaradılması Azərbaycan üçün prioritet təşkil edir. Eyni zamanda dünyanın hələ sönməmiş müharibə ocaqlarının mövcudluğu şəraitində, xüsusən, Avropa ölkələrinin Azərbaycanla enerji təhlükəsizlikləri, logistika, yükdaşımaların təşkili və s. baxımından strateji tərəfdaşlıqlarının qurulması bu dövlətlər üçün də prioritet təşkil edir.

Bu nöqteyi nəzərdən, cənab Prezident İlham Əliyevin Macarıstan Respublikasına rəsmi səfəri çərçivəsində, birgə keçirilən görüşlər, aparılan danışıqlıqlar hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsini göstərdi. Ölkə başçısının Macarıstana rəsmi səfəri zamanı imzalanmış sənədlər də bir daha bu deyilənləri sübut edir. Ölkələrimiz arasında imzalanmış həmin yeddi adda sənəddən biri də məhz Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədir. Bu Bəyannamə, eləcə də imzalanmış digər sənədlərə əsasən Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər. Həmçinin ölkələrimiz təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verəcəklər. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri iki ölkə ilə yanaşı Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Məlum olduğu kimi Azərbaycan, Avrasiyanın enerji xəritəsini dəyişmiş ölkədir. Macarıstanla da bu sahədə ölkəmizin sıx əməkdaşlığı mövcuddur. Macarıstan Azərbaycan qazını idxal etməklə bərabər digər ölkələrə ötürülməsində tranzit ölkə rolunu oynayır. Enerji sahəsindən əlavə ölkələrimizin nəqliyyat, təhsil və minatəmizləmə sahəsində də əməkdaşlığı mövcuddur. Yanvarın 30-da Budapeştdə imzalanmış sənədlərə əsasən bu əməkdaşlıqlar daha da dərinləşdiriləcəkdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində artıq Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq tanınır.

Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik.

Xüsusən, iki ölkə arasında nəqliyyat, tranzit və logistika sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda Macarıstanın "Wizz Air" aşağıbüdcəli aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirir. Macar şirkətləri həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər və bununla əlaqədar müvafiq layihələr təqdim ediblər. Macarıstan həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyətin dəstəklənməsi üçün könüllü yardım qismində 25 min avro ianə edib. Bundan başqa, bu qədər qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsində nəzərəçarpan dərəcədə artım yüksək səviyyədə tərəfdaşlığın əyani sübutudur.

Yuxarıda qeyd edilənlərin nəticəsidir ki, hazırda Azərbaycanın mühüm tərəfdaşı olan Macarıstan ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar və s. sahələrdə əməkdaşlığı yeni inkişaf mərhələsindədir. Qarşılıqlı siyasi, sosial-iqtisadi münasibətlər iki ölkənin birgə səyi ilə mühüm tədbirlərin, önəmli layihələrin uğurla reallaşdırılmasına əlverişli imkan yaradır və yüksək göstəricilər əldə edilir.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı