Yol hərəkətinin təhlükəsizliyi- POLİS-SÜRÜCÜ-PİYADA qarşıdurması - kim haqlıdır? - MÜSAHİBƏ

3 Fevral 2023 13:14 (UTC+04:00)

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Düzgün parklanmama nədən yaranır? Səbəb nədir?

- Düzgün parklanmama sürücülərin yol nişanlarına normal şəkildə baxıb qiymətləndirməməsindən irəli gəlir. Harada parklanma mümkündürsə, bunun üçün yol nişanı var və ayrıca qeyd olunub. Məlumatverici lövhəsində qeyd olunur ki, həmin parklanma yola perpendikulyar, yoxsa paralel olmalıdır. Məsələn, paralel nəzərdə tutulub, lakin sürücülər ona düzgün şəkildə riayət etmir və avtomobili perpendikulyar saxlayır. Bu parkalanma qaydalarının pozulmasının 342-1 maddəsində nəzərdə tutulub və 10 manat məbləğində də cəriməsidir. Burada məqsəd parklanma qaydalarını düzgün şəkildə icra etməyi sürücüdən tələb edir. Hər bir sürücü də bu məsələdə diqqətli olmalıdır.

Bəzən belə porotokollar tərtib olunur və sürücülər mübahisələndirmək istəyir. Onlar deyirlər ki, “Parklanma olan yerdə saxlamışdıq. Bəs, nəyə görə bizə hər hansı bir cərimə protokolu tərtib olundu?”. Məhz bu sualın cavabı məlumat lövhəsini düzgün şəkildə qiymətləndirməməkdən irəli gəlir.

- Bəs, qanunsuz şəkildə pulsuz parkinqdən ödəniş alanlarla bağlı hansısa cəza nəzərdə tutulur?

- Bununla bağlı uzun müddətdir ki, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi ərazi aidiyyatı üzrə bu məsələlərə cəlb olunub və belə şəxslər aşkarlandıqda onlara İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq 80 manat məbləğində cərimə yazılır, qanunsuz xidmətləri göstərmək tələbi pozulduğuna görə isə inzibati məsuliyyətə cəlb olunurlar. Belə şəxslərə Yol polisi olaraq mənim tövsiyəm odur ki, heç bir vətəndaşı aldatmaq və polis əməkdaşlarını görüb ərazidən uzaqlaşıb kimlərisə çətin vəziyyətində saxlamaq qətiyyən yolverilməzdir.

Sürücülərə tövsiyəm odur ki, onlar kimlərinsə ərazidəki hər hansı bir xidmətlərindən yox, yol nişanlarının tələblərinə ciddi şəkildə riayət etsinlər. Əgər parklanma üçün ərazidə icazə varsa və bunun üçün ödəniş nəzərdə tutulmayıbsa, heç kimə ödəniş etməyə ehtiyac yoxdur. Belə hallar olduğu təqdirdə, aidiyyatı üzrə DİN-ə məlumat verib vəziyyəti bildirə və ərazidə xidmət edən polis əməkdaşlarına müraciət edə bilərlər. Heç kimlə lazımsız mübahisələr aparmaq, danışıqların istiqamətini dəyişməyə ehtiyac yoxdur. Dövlətin aidiyyatı qurumları və qanuni tədbir görmə səlahiyyəti olan şəxslər var. Belə məsələlərdə polisə lazımi informasiyanı verməklə məsələnin qısa zaman ərzində həllinə nail olmaq mümkündür.

- Bir sıra parklarda insanlar sanki skuterlə avtoşluq edirlər. Onlar üçün hansı cəza mexanizmi nəzərdə tutulub?

- Əvvəla qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində hərəkətin digər iştirakçıları üçün nəzərdə tutulmuş qaydalar var və bu qaydalara da hər kəs birmənalı şəkildə riayət etməlidir. Çünki “Yol hərəkəti haqqında” qanunvericilik bütün hərəkət iştirakçılarına bərabər hüquq və vəzifələr tanıyıb. Yəni, bu qanunvericilik tək sürücüləri nəzərdə tutmur. Burada skuterdən, yeni nəsil müəyyən avadanlıqlardan, velosiped və mopedlərdən istifadə edənlər var. Onların hər biri yol hərəkətinin bərabər iştirakçılarıdır. Əgər həmin ərazilərdə konkret olaraq skuterlərdən istifadə edib vətəndaşlara müəyyən parklarda və istirahət zonalarında çətinlik yaratmaq yolverilməzdir. Bunun da bir məsuliyyəti var.

Ümumiyyətlə, bu gün cəmiyyətimizdə mobil nəqliyyat vasitələrindən, qeyri-mexaniklərdən istifadə etməyi alqışlayırıq. Xüsusilə şəhər mühitində sıxlıq və tıxacların olduğu yerlərdə şəhər mobilliyinin təmin olunması baxımından belə vasitələrdən istifadə etmək bizim hər birimiz üçün əlverişlidir. Bunlar yaxın məsafələri qət etmək üçün də uğurlu vasitələrdir. Amma onları da düzgün şəkildə istifadə etmək lazımdır. Bu vasitələri əyləncə metodu ilə istifadə edənlər yanılırlar.

Dünyanın hər bir sivil şəhərində insanlar belə vasitələrdən yalnız təyinatı üzrə və nəqliyyat ehtiyaclarını ödəmək üzrə istifadə edirlər. Biz də istəyirik ki, bu məsələləri medianın köməyi ilə insanlara düzgün şəkildə çatdıraq. Velosipeddən və skuterlərdən istifadə edin. Amma bunu qanun çərçivəsində, heç kimin hüquqlarını pozmadan və ətrafdakı insanların narazılıqlarına səbəb olmayan formada edin.

- Avtomobillərin arxa şüşələrinə müxtəlif məzmunlu şüar və foto vurmaq olarmı? Olmayacağı təqdirdə cəzası nədir?

- Bu, düzgün deyil. Ona görə ki, əvvəla sürücünün diqqətini yayındırır. İkincisi, müəyyən sözlər və ifadələr, kiminsə öz maraqları çərçivəsində reklam xarakterli yazılar var ki, “Reklam haqqında” qanunvericiliyin tələblərinə görə bu, qayda pozuntusudur. Qanunvericiliyin tələbini pozmaq olmaz. Buna qanunla məsuliyyət nəzərdə tutulur.

Digər halda da etik çərçivələrə uyğun olmayan, insanları düzgün istiqamətdə olmayan fikirlərlə düşüncələrini yayındırmaq, nələrisə yersiz formada təbliğ etmək olmaz. Avtomobil “A” nöqtəsindən “B” nöqtəsinə getmək üçün nəzərdə tutulmuş bir vasitədir. İnzibati Xətallar Məcəlləsində xüsusilə reklamla bağlı normativ tələblər var ki, onlar qorunur və birbaşa şəkildə icrası tələb olunur. Digər formada lüzumsuz yazıları və etik olmayan hərəkətləri heç bir şəxsə tövsiyə etmirik. Bu ətrafdan da çox qeyri-etik görünür. Bununla bağlı polisə xeyli müraciət daxil olur ki, insanları narahat edir.

Bir məqamı da sürücülər unudurlar ki, hər hansı bir məsələnin həlli onu düzgün şəkildə dərk etməkdən başlayır. Elə ifadələr və yanaşma tərzi var ki, bu cəmiyyətdə hər zaman xoş qarşılanmır, hətta bəzən ictimai qınağa da səbəb olur. Heç kim də lüzumsuz olaraq özünə ictimai qınağı cəlb etməməlidir.

- Sürücü mədəniyyəti, yaxud mədəni sürücü nədir?

- Sürücü mədəniyyəti və bir sıra anlayışların önünə mədəniyyət sözünü qoymaqla fikir formalaşdırmaq olar. İnsanın özü mədənidirsə, o elə həm mədəni sürücü, həm mədəni vətəndaş, həm də hörmətlə təqdim edilən şəxsdir. Mədəniyyət çox geniş bir anlayışdır. Sürücünün mədəniyyətini formalaşdıran elementlər isə qaydalara düzgün şəkildə riayət etmək, intizamlı olmaq, özünün və ətrafdakı insanların təhlükəsizliyini düşünüb qanunvericiliyin onun üzərinə qoyduğu vəzifələri düzgün şəkildə icra etməkdən keçir.

Bütün Yol hərəkəti qaydaları düzgün şəkildə icra olunduqda sürücü, piyada və sərnişin mədəniyyəti də özünün həqiqi mənada obrazını yaradır. Bu mənada, cəmiyyətdə bütün növ məsələlərə mədəni yanaşmağın hər bir problemin açarı olduğunu hesab edirəm.

Ayşən Vəli